Deputat hüquq müdafiəçisindən hüquq-mühafizə orqanına şikayət edib.

07, 10, 18
17:55

Deputat hüquq müdafiəçisindən hüquq-mühafizə orqanına şikayət edib.


Azerbaycanrealligi.com xəbər verir ki, millət vəkili Çingiz Qənizadə hüquq müdafiəçisi Oktay Gülalıyevin bu yaxınlarda qalmaqallı gündəm yaradan "Avropa işi" hesabatına görə cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etdi. Bu haqda Gülalıyev öz facebook profilində status paylaşıb. Həmçinin, o Avropa işi haqda hazırladığı hesabatın bəzi qaranlıq məqamlarına aydınlıq gətirib. Sözü gedən yazını olduğu kimi təqdim edirik.

SMMM- lə bağlı nə baş verir!?

Son zamanlar şəxsimə, koordinatoru olduğum Siyasi Məhbusları Müdafiə Mərkəzinə (SMMM) və 6 ay öncə hazırladığımız “Avropa işi” hesabatına qarşı hakimiyyətə, xüsusi ilə xüsusi xidmət orqanlarına yaxın informasiya resursları və şəxslər tərəfindən total hücum başlayıb. Eyni zamanda deputat Çingiz Qənizadə “Kaspi” qəzetinə verdiyi müsahibədə bildirib ki, o, mənim haqqımda ölçü götürülməsi üçün hüquq- mühafizə orqanlarına müraciət edib. Olsun, problem deyil. Narahatlıq bu prosesdə bəzi dostların bilərəkdən və ya bilməyərəkdən iştirak etməsidir. Bu gün bəzi qruplar ciddi cəhdlə SMMM- in nüfuzunu zədələmək, dağıtmaq, gərgin əməyin nəticəsi olan və son 6 ayda geniş müzakirələrə yol açan “Avropa işi” hesabatını gözdən salmağa çalışırlar.

Nə baş verir? Siyasi məhbusları, mühacirləri və digər haqqı- hüququ pozulanları ardıcıl müdafiə edən müstəqil ictimai təşkilatı sıradan çıxarmaq üçün kənarda başlanmış prosesi təşkilatın daxilinə gətirmək istəyirlər...

Son günlər baş verənlərə bir daha aydınlıq gətirmək istəyirəm; Biz- SMMM olaraq təşkilatla, “Avropa işi” hesabatı ilə bağlı süni olaraq son baş verənləri müzakirə etmək üçün dünən- şənbə günü toplaşdıq. Bəzi dostlar üzürlü səbəbdən iştirak etmədiyindən 12 nəfər üzvdən 7 nəfərin iştirakı ilə növbəti iclasımızı keçirdik. İclasa təşkilatın koordinatoru olaraq mən sədrlik etdim. 3 saata yaxın davam edən iclasda “Avropa işi” hesabatı ilə bağlı müzakirədə heç bir qərar olmadı. Ümumi razılıq oldu ki, müzakirələr digər üzvlərin də iştirakı ilə daha geniş tərkibdə davam etdirilsin. Vacib işim olduğuna görə mən öncədən elan etdiyim vaxtda iclası yekunlaşdırıb iclas otağını tərk etdim. Məndən sonra da SMMM üzvləri Əlövsət Sadıqlı və Taleh Xasməmmədov da oranı tərk edib. Sonradan məlum oldu ki iclas otağında qalan 4 nəfər dostumuz 12 nəfərlik SMMM adından (!?) bizim və koordinator olaraq mənim xəbərim olmadan (!?), tələm- tələsik (!?), kiməsə xəbər və muştuluq verirmiş kimi (!?) press- reliz yayaraq “HESABATIN geri qaytarılması və ona yenidən baxılması” haqında “qərar” qəbul edərək, bu barədə press- reliz yayıblar...
- Əvvəla görəsən 4 nəfər dostumuzu kim məcbur edib ki, SMMM- in koordinatoru olaraq iclas barədə həmişə mənim gördüyüm və görməli olduğum işi- iclas barədə məlumat hazırlayıb yaymaq vəzifəsini belə həvəslə öz üzərlərinə götürüblər? Digər tərəfdən onları nə məcbur edib ki, Hesabat geri qaytarılsın. Bu hesabatdan narahat olan yeganə qüvvə hakimiyyətdir, onun tör- töküntüləridir. Bəs onlar niyə hakimiyyətin narahat olduğu hesabata görə narahat olurlar?



- Digər tərəfdən izah etsinlər görək “Hesabatın geri qaytarılma”- sının hüquqi mexanizmi necədir? Hesabat hara qaytarılıb- prezident aparatına, MM- ə, yoxsa DTX- ya !?. Yoxsa Hesabatı mənə qaytarıb təzədən onun üzərində işləməyimə dair göstəriş vermək haqqını özünüzdə tapıbsınız!?
- Siz hansı əsas və haqla 6 ay öncə qəbul edib hamınızın iştirakı ilə təqdimatında iştirak etdiyiniz hesabatı GERİ QAYTARIRSINIZ?
- Bir çox mühacir dostların haqlı olaraq soruşduğu kimi 6 ay öncə hər birinizin emailinə göndərilib qarşınıza qoyulan Hesabatda “qüsurları” o zaman niyə görmədiniz? Niyə bu “qüsurlar” xüsusi xidmət orqanlarına yaxınlığı heç kimdə şübhə doğrumayan kəslər tərəfindən əsassız ittihamlar irəli sürüləndən sonra yada düşdü?

- Siz bilirsinizmi bu addımınz bu gün Azərbaycanda siyasi məhbusları və siyasi mühacirləri ardıcıl və davamlı şəkildə müdafiə edən bir təşkilatı- SMMM- ə ziyan vurub onu dağıtmağa xidmət edir. Sizlər bu addımınızla nəyə nail olmaq istəyirsiniz? Doğurdanmı fərqində deyilsiniz ki, bu təşkilata ziyan vurmaq yalnız hakimiyyətə sərf edir?

Bu Hesabat 3 dildə yerli və beynəlxalq ictimaiyyətə təqdim olunub. Almaniyanın ölkəmizdəki səfirliyində hesabatın geniş təqdimatı keçirilib. Aldığım təəssüratlar onu deməyə əsas verir ki, sənəd kifayət qədər maraqla qarşılanıb, dolğundur. Əhəmiyyətli və obyektiv sənəd kimi qəbul olunub. Siyasi mühacirlərin üzləşdiyi repressiyalar, Azərbaycan hakimiyyətinin vandal hərəkətləri sənəddə çılpaqlığı ilə əks olunub. Sənəd həm də onlara dəstəkdir. Belə bir sənədi gözdən salmaq kimin maraqlarına uyğundur? Əslində son baş verənlər təkcə mənə, təşkilata, Hesabata deyil, həm də siyasi mühacirlərə qarşı yönəlib.

SMMM- ə qarşı qara və çirkli əllər uzanır. Çox təəssüf ki, bəzi dostlar həmin o qara əlləri rədd etmək əvəzinə o əlləri sıxmaqla məşğuldurlar.
Ataların sözü var; “Ziyanın yarsından qayıtmaq da xeyrlidir”. Dostları ayıq- sayıq olmağa, ziyanınn yarsından qayıtmağa çağırıram. Unutmasınlar ki, “dost əli ilə düşmən daşını elə- belə boş atmazlar”.

Hesabatın geri qaytarılması və ya ondan imtina olunması 6 ay öncə qəbul etdiyimiz qərarı çeynəmək və ondan imtina etmək deməkdir. Hakimiyyətin təzyiqi ilə geri addım atmaq prinsiplərdən və dəyərlərdən imtina etmək deməkdir. Özü də bu imtina hakimiyyətin yanında və maşası rolunda çıxış edənlərin təzyiqi ilə baş verirsə bağışlanmaz hərəkətdir. Mən qəbul olunmuş qərarımıza, dəyərlərə, prinsiplərə sona qədər sadiq qalacam. Hesabatın müəllifi olaraq ondan heç zaman imtina etməyəcəm, onun hər hansı bir hissəsinin sənəddən çıxarılmasına razı olmayacağam. Hesabat yalnız yeni keyslərin daxil edilməsi ilə yenilənə və təkmilləşə bilər.
Prinsiplərə, dəyərlərə sadiq olun, dostlar!


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın