İcra başçısı daha bir yaşıllıq zolağını məhv etdirir – Mehriban Əliyevaya müraciət – Fotolar

22, 07, 18
18:50

İcra başçısı daha bir yaşıllıq zolağını məhv etdirir – Mehriban Əliyevaya müraciət – Fotolar

BakuPost xəbər verir ki, bundan əvvəl “Neftçilər” metrostansiyasının ətrafında ağacları kəsib, “kafeləşdirmə” prosesi aparanlar, indi metronun Qara Qarayev stansiyası ətrafında hərəkətə keçiblər.

Qara qarayev 3042, Qara qarayev 3467 ünvanlarında yaşayan sakinlərin saytımıza verdiyi məlumata görə, ərazidə ağaclar qırılaraq, yerində obyekt tikilməyə başlayıb. Sakinlər yaşıllığın məhv edilərək “daşlaşdırılması”na etiraz edirlər.

Şikayəti araşdırmaq üçün sözügedən əraziyə baş çəkdik. Sakinlərlə söhbətimiz zamanı məlum oldu ki, ağacları bir gecədə məhv edərək, yerində 3 mərtəbəli obyektin tikintisinə başlayıblar: “Baxın, gördüyünüz bu yaşıllığı bir gecədə məhv etdilər. Dərhal hasara alıb tikintinin təməlini qoydular. Yaşadığımız evin qarşısını elə hasara aldılar ki, ərazidə piyada üçün keçid yolu da qalmayıb. Məcbur qalıb, hasara alınmış ərazidən keçirik. Ağacları kütləvi şəkildə kəsdilər. Axı bu qədər ağacın kəsilməsinə icazəni kim verib?  Uzaq yer də deyil ki, düşünəsən gözdən iraqdır, heç kim görmür. Metronun düz qarşısıdır. Deyilənə görə, 3 mərtəbəli ticarət obyekti tikirlər. Burada obyekt tikintisi qanunsuzdur. Məhəlləni bütöv hasara alıblar. Evimizin, eyvanımızın qarşısını kəsirlər. Ən pisi isə ərazini oksigensizləşdirirlər. Şikayət etdikdə isə, bizə hədə-qorxu gəlməyə başladılar. Dedilər ki, sənədləri tam qaydasındadır”.



Sakinlər məsələ ilə bağlı birinci vitse-prezident Mehriban Əliyevaya və Prezident Administrasiyasına müraciət ediblər: “Özünüz də görürsünüz, ağacları bir-bir kökündən kəsiblər. Belə getsə, ərazidə yaşıllığa həsrət qalacağıq. Bilmək istəyirik, ağacları kəsib, yerində obyekti kim tikir?”

Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazidə tikintinin aparılması üçün icazə alınıb.

Məlumat üçün bildirək ki, Bakıda ağac kəsiminə görə ən çox şikayət olunan rayonlardan biri də Nizamidir. Mətbuatda demək olar ki, mütəmadi olaraq bu rayonda ağacların kəsildiyi və yerində obyekt tikintisi aparıldığına dair şikayətlər dərc olunur. Belə məlumatlardan biri də bir neçə gün əvvəl BakuPost saytında dərc olunmuşdu. Belə ki, rayon sakinləri Qara Qarayev prospektində, “Laçın” Ticarət Mərkəzi ilə “8-ci km” bazarı  arasında yolun kənarında yerləşən ərazidəki yaşıllığın bir hissəsinin məhv edilməsindən şikayət edirdilər. Şikayətçilər bildirirdilər ki, həyətlərinin önündəki yaşıllığı bir gecədə məhv edərək, yerində ticarət obyektinin tikintisinə başlayıblar.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi paytaxt rayonlarında mütəmadi olaraq reydlər keçirir və ağacları kəsənlər cərimələnir, barələrindən protokol tərtib edilir. Lakin icra başçıları-iş adamları, icra hakmiyyətinin rəhbər şəxsləri-biznesmen əlaqələri bu tipli qanun pozuntularının yayılmasının qarşısını tam almağa imkan vermir.







Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın