Hökumət qiymətlərə görə nazirlikləri ayağa qaldırdı - məmurlar sərəncamı sabotaj edə bilər

İqtisadiyyat / Manşet
 23-02-2022, 12:00     297


Baş nazirin antiinflyasiya tədbirlərinin gücləndirilməsi barədə sərəncamının pərdəarxası...

Azərbaycan hökuməti ölkədə sürətlənən inflyasiyanın yaradacağı təhlükələri önləmək niyyətindədir. İki gün əvvəl baş nazir “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda deyilir ki, 2022-ci ildə qiymətlərin yuxarı səviyyədə və qalıcı olmasının qarşısının alınması üçün qiymətartırıcı amillərin sabitləşdirilməsi, həmçinin zəruri gündəlik tələbat məhsulları üzrə daxili istehsalın təşviqi sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.
Baş nazir  İqtisadiyyat Nazirliyinə tapşırıb ki,  minimum istehlak səbətinə daxil olan ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması, həmçinin belə məhsulların yerli istehsalçılarının stimullaşdırılması istiqamətində tədbirlər görsün və nəticəsi barədə Nazirlər Kabinetinə ayda bir dəfə məlumat versin.

Minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə (güzəştli kredit, kredit-zəmanət və faiz subsidiyası mexanizmi) və məhsullarına dair  təkliflər 15 (on beş) gün müddətində  Nazirlər Kabinetinə təqdim edilməlidir. 

Sərəncama əsasən, 2022-ci il ərzində idxal inflyasiyasının təsirinin azaldılması məqsədilə Dövlət Gömrük Komitəsi İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birlikdə idxal edilən və minimum istehlak səbətinin tərkibində ərzaq məhsullarına münasibətdə və konkret sahəni əhatə etməklə daxili istehsalda istifadə olunan aralıq məhsulların idxalına tətbiq edilən gömrük rüsumları və əlavə dəyər vergisi üzrə güzəştlərin verilməsinə, gömrükdə saxlanc və yükləmə-boşaltma xərclərinin optimallaşdırılmasına dair razılaşdırılmış təkliflərini 15 gün müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

O cümlədən minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsulları üzrə qiymət artımının ticarət əlavələri hesabına sabitləşdirilməsinə dair təkliflər 15  gün müddətində  Nazirlər Kabinetinə təqdim edilməlidir və sair.

Hökumətin addımları ölkədə qiymət artımı ilə bağlı narazılıqlar fonunda baş verir. Bu o deməkdir ki, hökumət vəziyyətdən yaxşı xəbərdardır. Baş nazirin qərarı da kifayət qədər əhatəlidir - inflyasiyanın qısamüddətli dövrdə cilovlanması ilə yanaşı orta və uzunmüddətli dövrlərdə yerli istehsalın stimullaşdırılması üçün də tədbirlərin hazırlanmasını ehtiva edir.

Xatırladaq ki, baş nazirin sərəncamından əvvəl İqtisadi Şura 2 gün ardıcıl toplanaraq, ölkədə inflyasiyanın yaratdığı problemləri, onlardan çıxış yollarını, yerli istehsalın dəstəklənməsi məsələlərini müzakirə edib.
Yaranmış vəziyyətlə əlaqədar sahibkarlara hansı güzəştlər ediləcək?Pərviz  Heydərov yazır... » Sedanews.az
Pərviz Heydərov

İqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki,  baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın növbəti iclasında ölkədə inflyasiyanın yüksək olması məsələsinin yenə əsas müzakirə mövzusuna çevrilməsi və buna qarşı mümkün tədbirlər, yəni antiinflyasiya addımları vəziyyətin kifayət qədər ciddi olmasından xəbər verir: 

“Artıq baş nazirin imzası ilə ”Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" sərəncam da imzalanıb. Sərəncamdakı detallara toxunmadan fikirlərimi qeyd edim ki, qiymət artımı və bahalaşma davam edir və bunun səbəbləri əvvəlkitək eyni qalır. Belə ki, sözügedən tendensiyanın qlobal miqyasda tüğyan etməsi, daxildə keçən il suyun və enerjidaşıyıcılarının tariflərinin qaldırılması, həmçinin pandemiyadan sonra birdən-birə yüksək səviyyədə artmış tələbin təklif tərəfindən ödənilə bilməməsi, istehsalda maya dəyərin yüksəlməsi və sair həmin səbəblər sırasına daxildir. Cari ildən əmək haqlarının, pensiya və bir sıra sosial ödənişlərin yüksəlməsi amili də bu səbəblər sırasına əlavə bir qulp olaraq qatılıb. Halbuki bunun təsiri olmamalı idi. Müşahidə isə göstərir ki, hökumətin əhalinin real gəlirlərini və alıcılıq qabiliyyətini qorumağa dair tədbirləri də istehlak bazarında təklif edən rolunda çıxış edənlər tərəfindən inflyasiya qaynağına çevrilir və burada da əsas məqsəd əlavə qazanc əldə etmək istəyi daşıyır".

Ekspertə görə, inflyasiyanın qarşısının alınması üçün ilk növbədə qlobal miqyasda da eyni tendensiya baş verməlidir: 

“Bir sıra məhsullar üzrə bazarlarda mövcud ajiotaj səngiməli və tələb ilə təklifin nisbətində balans yaranmalıdır. Əks təqdirdə, daxili bazarda istehlak qiymətləri indeksini təkbaşına cilovlamağımız mümkün olmayacaq. Dünyada gedən bahalaşmanın isə səngiyəcəyi gözlənilir. Belə ki, ilin ortasına doğru bu, özünü büruzə verməlidir. Çünki bir sıra məhsulların, xüsusən də xam neftin əsassız yerə bahalaşmaqda davam etməsi demək olar, bütün inkişaf etmiş ölkələrin ”canını boğaza" yığıb - ümumi bahalaşmada əsas katalizator rolunda da məhz bu amil çıxış edir. Bütün qeyd olunanlara əsasən hesab edirəm ki, ölkəmizdə real olaraq ilk növbədə ərzaq məhsullarının bahalaşması dayandırılmalıdır. Digərləri baxımdan, çox da xoflanmağa ehtiyac yoxdur. Çünki inflyasiyanı alovlandıran ərzaq məhsullarıdır. Keçən il ərzaq məhsullarının bahalaşması səviyyəsi 15,8 faiz təşkil etməklə ümumi inflyasiyanın təxminən 3/5 hissəsini təşkil edib. Qlobal miqyasda da vəziyyət eynidir. Yəni ən çox bahalaşan ərzaq məhsullarıdır, ümumi inflyasiya səviyyəsinin yüksək olmasına da zəmin yaradan budur".

P.Heydərovun fikrincə, hökumət ölkədə minimum istehlak səbətinin tərkibinə daxil olan əsas ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsini gücləndirməyi, əhalinin istehlak etdiyi və emal sənayesində istifadə olunan əsas kənd təsərrüfatı məhsullarının istehsalını artırmağı əsas hədəfə çevirməlidir: 

“Əhali pulunu ən çox ərzağa xərcləyir. Və adi çörək və un məhsullarının qiymət artımı zəncirvari olaraq bütün digər qiymətlərə təsir edib və edir. Odur ki, daxili bazarda xüsusən ən zəruri qida məhsulları üzrə süni qiymət artımı üzərində monitorinq gücləndirilməli, sahibkarlar üçün güzəştli kredit və faiz subsidiyası mexanizmi məsələləri tezliklə həllini tapmalıdır.

İstehlak qiymətləri indeksinin, xüsusən də ərzaq məhsulları üzrə inflyasiya tempinin sürətlənməsi fonunda digər ən mühüm antiinflyasi tədbiri isə mütləq dərəcədə ilin ikinci yarısında məhz daha bir sosial paketin icrası olmalı və odur ki, indidən bundan ötrü müvafiq hazırlıqlara, müvafiq konturlar cızılmasına başlamaq lazımdır".
Rəşad Həsənov: “Ciddi daxili islahatlara gediləcəyinə ümid edirəm”
Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, baş nazirin qeyd olunan sərəncamında nəzərdə tutulan tədbirlərin hər biri inflyasiya səviyyəsinin məqbul hədda saxlanmasına töhfə verə bilər: 

“Amma düşünürəm ki, burada qısamüddətli təsiri olacaq tədbirlər məhz istehsalata vergi yükünün azaldılması, idxalda vergi yükü və rüsumların azaldılmasını nəzərdə tutan tədbirlərdir. Biz hər zaman qeyd edirik ki, hökumətin əlində inflyasiyanı tənzimləyən bir sıra mexanizmlər, alətlər vardır. Bu alətlərdən vergi-rüsum təşviqləri, eyni zamanda bazarlarda rəqabət mühitinin yaradılması, oyunçuların sayının artırılması və digərləri kifayət qədər yüksək təsir gücünə malikdir. Əslində Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan tədbirlər bunları əhatə edir. Amma məsələ həmin tədbirlərin nə dərəcədə yerinə yetiriləcəyindədir. Yəni Nazirlər Kabineti tapşırıqlarını verib, müddət müəyyənləşdirib. O tapşırıqların hansı tamamilə icra olunacaq, hansı yarımçıq, hansı ümumiyyətlə icra olunmayacaq(Azərbaycanda biz kifayət qədər belə halların şahidi olmuşuq), bunu əvvəlcədən söyləmək mümkün deyil. Eyni zamanda hökumətin sərəncamdakı istiqamətlər üzrə tətbiq edəcəyi güzəşt səviyyəsi də məlum deyil”.

Ekspert bildirir ki, sərəncamın icrası üçün tələb olunan xərclərin maliyyələşdirilməsi də maraqlı məsələdir: 

“Strateji ərzaq məhsullarının, xüsusilə də idxal olunanların ehtiyatlarının yaradılması sahəsində sahibkarların üzləşdiyi əsas problem həmin məhsulların dəyəri həcmində vəsaitin faktiki olaraq dondurulmuş halda saxlanmasından dolayı itkilərin yaranmasıdır. Yəni sahibkar həmin məhsulu almağa sərf etdiyi vəsaiti faktiki olaraq ən azı bir neçə aylığına dövriyyədən çıxartmış olur. Buna görə də ölkədə ilk növbədə istehsalçı və idxalçının əli çatacaq ucuz maliyyə vəsaiti mənbəyi yaradılmalıdır. Söhbət minimum istehlak səbətinə daxil olan məhsulların istehsalçı və ya idxalçılarından gedir əlbəttə. Stoklarda zəruri ehtiyatların formalaşdırılması üçün də müvafiq maliyyə vəsaitləri təmin olunmalıdır”.

R.Həsənovun sözlərinə görə, sərəncamda bazarlardakı inhisarçılıq, kartel sövdələşmələrinin qarşısının alınmasına dair nəzərdə tutulan tədbirlər əslində müstəqil ekspertlərin illərdir dedikləri problemlərin rəsmi etirafıdır: 

“Biz bunu illərdir deyirik. Hökumətin bunu yüksək səviyyədə etiraf etməsi ümid yaradır ki, gələcəkdə bu problemin ən azı yumşaldılması üçün addımlar atılsın. Sərəncamdakı bu məsələ ilə bağlı addımların bir sıra yüksək vəzifəli məmurların maraqları ilə uzlaşmaması təhlükəsi də var. Həmin məmurların ölkədə böyük biznesləri var və sərəncamda nəzərdə tutulan tədbirlər həmin biznesə zərər vura bilər. Bu baxımdan, sabotajları da istisna etmirəm. Hər bir halda, yaxın bir neçə ayda Azərbaycanın istehlak bazarındakı vəziyyəti dəyərləndirilməklə, Nazirlər Kabinetinin bu sərəncamının nə qədər effektiv, hökumətin isə nə qədər səmimi olduğunu söyləyə biləcəyik”.

AZƏRBAYCANREALLIĞI.COM