Ziya Məmmədovun iflasa uğrayan 130 milyonluq layihəsi: Hələ də düzəlmir...

İqtisadiyyat / Manşet
 8-02-2022, 15:00     349


Prezident İlham Əliyevin imzaladığı sərəncamla Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı Şəhər İcra Hakimiyyətinə, Nəqliyyatin İntelektual İdarəetmə Mərkəzi (NİİM) isə Daxil İşlər Nazirliyinin (DİN) balansına verilib. Bu qərar ictimai nəqliyyatda hansı dəyişikliyə gətirib çıxara bilər? Mövcud problemlər aradan qalxacaqmı?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz xatırladır ki, BNA-nın əsas konfliktləri, maraq toqquşmaları əsasən Bakı Şəhər İcra Hakimiyyəti və Bakı şəhər Dövlət Yol Polisi ilə olurdu. Onun sözlərinə görə, son illərdə işıqforlar da DYP-dən alınıb BNA-ya verilmişdi.
“Düşünmək olar ki, yeni fərmandan sonra bu problemlər, maraq toqquşmaları aradan qalxacaq”,-ekspert qeyd edib.

O.Gündüzün sözlərinə görə, BNA indiyədək reallaşdıra bilmədiyi bir çox səlahiyyətləri, xüsusilə də parklama ilə bağlı səlahiyyətləri tezliklə əldə edə biləcək: “Güman etmək olar ki, qısa zamanda Nazirlər Kabineti (NK) parklama ilə bağlı tarifləri nəhayət ki, təsdiqləyəcək. Hansı ki, BNA uzun müddət idi ki bu tariflərin NK-ya təqdim edildiyini bildirirdi, lakin təsdiqlənmədiyindən səlahiyyətini icra edə bilmirdi. Ümid edərəm ki, BNA-nın tənzimləyici rolu güclənəcək. Yəni, nəqliyyat axınının intellektual tənzimlənməsi, ağıllı işıqforlar, trafikin idarəedilməsi və s. BNA tərəfindən hazırlanacaq. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi isə daha çox icraedici rola malik olacaq”.

Ekspert qeyd edir ki, nəqliyyat axınının tənzimlənməsinin polisə verilməsinin doğru olmayacağı qənaətindədir. O hesab edir ki, bu səlahiyyətin BNA-da olması doğru olardı.

O.Gündüz xatırladır ki, NİİM-in 2007-ci ildən bünövrəsi qoyulub, 2011-ci ildə istifadəyə verilib, amma bu layihə uzun müddət qarşıya qoyulan vəzfələri yerinə yetriə bilməyib: “Qurum 2015-ci ildə BNA-ya təhvil verilib. BNA da uzun müddət bunu balansa ala bilməyib, hətta xatırlayıram ki bununla bağlı 2017-ci ildə Prezidentə də müraciət etmişdi. Azərbaycanın ən uğursuz İT layihəsi olan, qarşıya qoyulan vəzifələri yerinə yetirə bilməyən, sabiq nazir Ziya Məmmədovun 130 milyon manat sərf edərək iflasa uğratdığı Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin rolunun güclənəcəyini proqnozlaşdrımaq olar.

Son illərdə BNA bu sistemi yenidən qurmağa, dirçəltməyə cəhdlər edirdi, onu quran Cənubi Koreya şirkətindən əl çəkərək Yaponiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində müəyyən innovativ həllər hazırlamağa başlamışdı. Bildiyim qədər dayanacaqlarda istifadəsiz qalan, bir çox yerlərdə dağılan yüzlərlə bahalı monitorları əvəz edəcək mobil tətbiq üzərində işlər gedirdi”.

Ekspert əlavə edir ki, NİİM ciddi problemləri həll edib başa çatdıra bilməmişdi. Onun sözlərinə görə, xüsusilə Prezidentin qəbul etdiyi fərmanlara görə işıqforlar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməliyidi.

“İndiyədək yalnız çox az sayda işıqfor bu formada idarə olunurdu. Ümid etmək olar ki DYP resurslarından istifadə etməklə bu məsələni daha sürətli və effektiv qaydada reallaşdırmaq mümkün olacaq”,-o qeyd edib.

O.Gündüz vurğulayıb ki, Bakı şəhər İcra Hakimiyyətində innovasiyalar və texnologiyalarla bağlı hansısa ənənənin, inkişafın olduğunu demək mümkün deyil: “Ən azı rəsmi saytlarından və uşaq bağçaları ilə bağlı təcrübələrindən bunu görmüşük. Amma DİN-də İT komanda yetərincə güclü olduğundan düşünmək olar ki , NİİM-lə bağlı işlərdə də innovasiyalar və texnologiyarın tətbiqi sürətlənə bilər”.

Ekspert əlavə edir ki, nəqliyyat axınını tənzimləmək üçün DİN yalnız BNA kameralarından deyil, özünün videomüşahidə infrastrukturundan da effektiv istifadə edəcək.

“Hazırda ən ciddi tələbat olan məsələlərdən biri SMS məlumatlandırma ilə tıxac vəziyyətdən çıxış, trafiki innovativ idarə etmək, alternativlər təqdim etmək, sürücülərin effektiv məlumatlandırılmasını təşkil etmək, toplanmış datadan effektiv istifadə etməkdir. Ümid edirəm tezliklə bu problem öz həllini tapa biləcək”,- ekspert qeyd edib.

O.Gündüz ümid edir ki, dayanma və durmanın qadağan edildiyi yerlərdə elektron protokolların tərtib edilməsi prosesinin daha da sərtləşəcəyini gözləmək olar: “Düşünürəm ki, indiki mərhələdə ən vacib məsələ nəqliyyat axınının intellektual idarə edilməsi ilə bağlı yeni yanaşmaların, yeni konsepsiyanın ortaya qoyulması olmalıdır”. (Azpolitika.info)

AZƏRBAYCANREALLIĞI.COM