Azərbaycanda gömrük buzu sındı: “Sahibkarlar oyanıb”

05, 09, 21
11:30

Azərbaycanda gömrük buzu sındı: “Sahibkarlar oyanıb”


Dövlət Gömrük Komitəsi növbəti qalmaqalı Ambiance.med şirkəti ilə yaşayıb. Belə ki, qurum şirkətin ölkəyə idxal etdiyi məhsulu iyun ayından bəri anbarda saxlayıb və ondan ödəməli olduğu vəsaitdən üç dəfə artıq rüsum tələb edib.  

Ötən gün isə Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun qərarı ilə Ambiance.med MMC-nin Bakı Baş Gömrük İdarəsinə qarşı iddiası təmin edilib. Məhkəmə gömrük orqanının yanaşmasının qanuni olmadığı yönündə qərar qəbul edib. 

Maraqlıdır, üç aydan çox dövrdə məhsulu anbarda saxlanılan sahibkar dəymiş maddi və mənəvi zərərin ödənilməsi üçün komitədən kompensasiya tələb edəcək?

Mövzu ilə bağlı danışan şirkətin hüquqi nümayəndəsi Emil Qurbanov bildirib ki, mallar iyun ayının 2-dən anbarda saxlanılıb. “Biz fevral ayında da belə bir problem yaşamışıq, ancaq məsələ mediada işıqlandırıldıqdan  sonra həllini tapdı. Bu dəfə isə nəzərə almırlar, biz malların anbarda qaldığını bilib hüquqşünasa müraciət edəndə artıq iyun ayının 15-20-si idi. 

Məhsul maşında qalıb xarab olacağı üçün dərhal məhkəməyə müraciət etdik. Gömrüyün isə respublika ərazisində malları lazımi şəraitdə saxlama anbarları yox idi, ona görə də məcbur qalıb bizim anbarda saxlanmasına icazə verdilər. Amma malları buraxılışa vermirdilər, yəni mənim anbarımda sadəcə möhür altında saxlanışdaydı. 

Məhkəməyə müraciət etdik ki, gətirdiyimiz müqavilə dəyəri ilə məhsulun buraxılması üçün gömrüyün üzərinə öhdəlik qoyulsun. Çünki rüsum ödənən zaman müqavilə dəyəri nəzərə alınmalıdır , ölkədən köçürdüyüm pul müqavilə dəyərində idi. Gömrük Komitəsi isə bununla qəti razılaşmayıb, “Sən dəyəri azaltmısan, 75 min dollar olmalıdır, ona görə də rüsum 46 min manat təşkil edir”,-deyirdi. Amma reallıq odur ki, hazırkı halda mən ödəməli olduğum məbləğ gətirdiyim malın dəyərinə görə 17 min manatdır, yəni bunlar məndən üç dəfə artıq rüsum istəyirdilər.

Nəhayət, məhkəmə onları 17 min rüsuma məcbur etdi, bu vəsaiti ödəyib malı götürəcəyik”.

Həmsöhbətimiz Dövlət Gömrük Komitəsindən 6-9 min avro məbləğində kompensasiya tələb edəcəyini vurğulayıb:

“Amma bundan əlavə, məhsul maşında saxlanıldığına görə ortada 6, ya 9 min avro dəyərində gecikmə var. Məhkəmənin qərarı icra olunandan sonra biz o kompensasiyanı da tələb edəcəyik. Çünki qanunda birbaşa göstərilib ki, komitəsinin yanaşması yanlışdır. Əgər ortada müqavilə varsa, onu əsas tutmalısan, onlar isə müqavilə yoxmuş kimi davranırdı. 

Onu da qeyd edim ki, hazırda Gömrük Komitəsi işi apellyasiyaya apara bilər. Əgər prosesi uzatmağı seçsələr, işi onsuz da Apellyasiya Məhkəməsi təsdiq edəcək, ondan sonra isə Ali Məhkəməyə baxıb təsdiq edəcək. 

Çünki onların bu tələbində bilavasitə qanun pozuntusu var, “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsində qeyd olunur ki, rüsum sövdələşmə qiyməti ilə müəyyən olunur. Sövdələşmə qiyməti nədir? Satanla alan arasındakı müqavilə. Biz də müqaviləni verəndə gömrük qəbul eləmir. “Qiymətləri özünüz dəyişmisiniz”,-deyir. 

Düzdür, bu vəsait bizdən rüşvət kimi tələb olunmayıb, sadəcə ortada belə məsələ var, bunlar gedib prezidentə məruzə edirlər ki, sahibkarlar vergidən yayınır və qiyməti aşağı salırlar, biz bunu müəyyən edərək büdcəyə çoxlu vəsait ödətmişik.  Axı durum elə olmur. Çıxıb deyirlər ki, büdcəyə gələn vəsait 287 milyon artıb.

Məsələ həll olunduqdan sonra məhkəmədən tələb edib vəzifəli şəxslər haqqında qanun pozuntusu ilə bağlı xüsusi qərar çıxartdırmaq olar. Amma mövcud problemdə hələ ki komitənin yanaşması əks olunur. Yəni əlavə cinayət işi başlamaz”. 

Emil Qurbanov son olaraq bu kimi situasiyaları yaşayan sahibkarlara müəyyən tövsiyələr verib:

“Son olaraq onu bildirim ki, iki-üç belə iş olsa, gömrüyün sahibkara yanaşması dəyişəcək, görəcək ki, sahibkarlar oyanıb. Hazırda sahibkarları belə addımlarla boğurlar, bəziləri məcbur qalır, məhsul xarab olmasın deyə işi tez həll etməyə çalışır. Əgər sahibkarlar bir az cəsarətli olsa, 3-4 nəfər işin sonunadək getsə, yanaşma dəyişəcək, heç kəs əlavə pul verməyəcək. 

Çağırıb qorxudan kimi hamısı razılaşıb yüksək məbləğdə rüsum köçürürlər, ona görə də ölkədə bahalaşma baş verir. Məsələn, adam mənə arqument olaraq onu göstərir ki, aptekdə bu malın qiyməti 19 manatdır, ona görə sən də 19 manatın rüsumunu ödəməlisən. Yanaşmaya baxın. İzah edirəm ki, satış qiyməti 19-a gələnə qədər o məhsulu üç nəfər alıb-satır satır. Axı gələn gəlirdən vergi toplamaq vergi orqanlarının işidir, gömrüyün yox. 

Reallq budur ki, vergini belə gömrük başqa rüsum kimi almağa çalışır. Mən Bakı Baş Gömrük İdarəsinin müavininə deyirəm ki, əgər məhsulun satış qiyməti 19 manatdırsa və mən də rüsumu 19-la ödəyəcəmsə, məntiqlə gəlir götürmək üçün gələn dəfə qiyməti artırıb 29 etməli olacam, belə çıxır ki, onda da “29 manatla vergi ödə”,-deyəcəksiniz? Axı elə olan halda növbəti dəfə mən qiyməti 39 manat edəcəm, dolayısı ilə inflyasiya olacaq, bu isə xalqın cibinə girməkdir”.

Sayad Həsənli

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın