Kredit borcu: hansı halda həbs ola bilər?

27, 06, 18
16:21

Kredit borcu: hansı halda həbs ola bilər?

Kredit borcu: hansı halda həbs ola bilər?


Bu günlərdə vəkil Əkrəm Həsənov sosial şəbəkədə status yazıb. Mövzu bundan ibarətdir: müdafiə etdiyi şəxs bir sələmçidən aylıq 10% məbləğlə borc alıb, daha sonra sübut olmadan ödəniş edib, indi də sələmçi bu borcun bir daha ödənməsini tələb edərək, məhkəməyə müraciət edib və udub, daha sonra borcalan borcu ödəmədiyinə görə 10 günlük inzibati qaydada həbs olunub. İndi də eyni borcalana qarşı Ədliyyə Nazirliyi Cinayət Məcəlləsinin 306.1-ci maddəsiylə cinayət işi qaldırıb. Borcalanın azadlıqdan məhrumedilmə ehtimalı var.
Ümumiyyətlə bu cür inzibati həbs və azadlıqdan məhrumetmə məsələlərini banklar da qabardır. Bilirik ki, ölkədə xeyli insanın banklara kredit borcu var.
Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə təqsirkar şəxs 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Nədənsə bu maddəni tətbiq etmək istəyənlər bəzi hallarda maddədə təqsir forması kimi göstərilən “qərəzli” olmanı görməzlikdən gəlir. Qərəzli olmaq nə deməkdir?
Bu, ödəmə qabiliyyəti olduğu halda ödəməni həyata keçirməmək deməkdir. Ödəmə qabiliyyətinin olub-olmadığını sübut etmək də məhkəmənin vəzifəsidir. Digər tərəfdən, insanın adına əmlak varsa və daimi maaş alırsa, məhkəmə icraçıları onların üzərinə həbs qoyaraq, icranı oraya yönəltməlidirlər. Başqa sözlə, əgər sübut edə bilsə ki, borcalanın əmlakı var, belə halda əmlaka həbs qoyulmalıdır, amma cinayət işinin açılmasından söhbət gedə bilməz.
Məhkəmə-hüquq sistemi eyni anda Avropa İnsan Hüquqları Konvensiyasının 4-cu ptotokolunun 1-ci maddəsini yaddan çıxarır. Həmin protokola görə, heç kəs müqavilə öhdəliyi yerinə yetirə bilmədiyinə görə həbs olunmamalıdır. Bəziləri etiraz edib deyir ki, CM 306-cı maddəsində müqavilə öhdəliyindən söhbət getmir, məhkəmə qərarından söhbət gedir. O cür hüquqşünaslara demək istəyirəm ki, hüquq nəzəriyyəsində qayda budur ki, hüquqi əqdin əsası olan digər hüquqi əqd etibarsızdırsa, ona əsasən çıxarılan ikinci əqd də etibarlı sayılmır. Habelə, hər hansı bir müqavilə öhdəlikləri məhkəmə təminatına bağlıdır. Belə halda dövlət protokolu ratifikasiya edirsə, müqavilə öhdəliyinə əsasən yaranan ödəmə məsuliyyətinin davamı kimi çıxış edən məhkəmə qərarı da, həbs vasitəsi ilə icra oluna bilməz.
Bəs müasir dünya pul borclarına görə həbs qadağasını niyə tətbiq edir?
Bildiyimiz kimi, iqtisadi inkişaf üçün pul dövriyyəsi olduqca vacibdir. Bu da yeni bizneslərin qurulması ilə həyata keçir. Əgər hər borc alan, ya da ticari müqavilə bağlayan insan nəticədə həbsə gedə biləcəyini bilsə, ümumiyyətlə, ticarətə başlamaz, biznes qurmaz və buna görə də ÜDM artmaz, ölkə inkişaf etməz.
Biznes risk deməkdir. Bu səbəblə xaricdə borc almaq istəsəniz, əvəzində nəyisə təminat, girov kimi göstərməlisiniz. Başqa sözlə, girov olduğu üçün həbs də olmur.
Bəs CM-in 306-cı maddəsi hansı hallarda tətbiq olunmalıdır?
Deyək ki, mən qonşumdan müvəqqəti istifadə üçün kombayn götürüb, onu qaytarmıramsa, belə halda qaytarılmaya dair məhkəmə qətnaməsi icra olunmalıdır. Onu könüllü sürətdə verməsəm, icraçılar gəlib onu məndən zorla alar. Amma mən qətnamədən sonra həmin kombaynı yandırsam, onda qərəzli olaraq qətnamənin icrasından boyun qaçırmış oluram və həbs oluna bilərəm.
Yaxud məhkəmə qərarına görə, mən qonşumu narahat etməməliyəm və gecə saat 12-dən sonra yüksək səslə musiqi dinləməməliyəm. Bu cür qətnamə də qərəzli sürətdə icra edilməyə bilər.
Bir başqa misal da kimdənsə aralı gəzməyə dair məhkəmə qətnaməsidir. Başqa sözlə, CM-in real tətbiq sahəsi var, amma o, pul borclarının qaytarılması deyildir.
Pul borcunun alınıb qaytarılmaması dələduzluq cinayət tərkibini yarada bilər, lakin bu, başqa bir hüquq pozuntusudur və burada CM-nin 178-ci maddəsi tətbiq edilir. Kredit borclarına görə isə cinayət məsuliyyəti ümumiyyətlə istisna olmalıdır.
Ancaq bir məsələni də zəruri olaraq xatırlatmalıyıq: Qərb dövlətlərində borcalan həbsə göndərilə bilməsə belə, onun bütün əmlakına (!) həbs qoyub satdırmaq mümkündür. Bizdə isə qanunvericiliyə görə, borcalanın kiçik sahəli evinə, lüks olmayan “buz dolabı”na icra məmuru həbs qoya bilmir. Yəni bizim qanunvericilikdə həbs qoyula bilməyən zəruri əmlak anlayışı var.
Hesab edirəm ki, həbs tədbirindən imtina edilməklə, borcalanın məsuliyyətini artırmaq üçün “zəruri əmlak” anlayışı ləğv edilməli, icra məmuruna borcalanın bütün əmlakına həbs qoymaq, satmaq imkanı verilməlidir.

Bizimlə əlaqə saxlayın