Əli Mirəliyev Manafın həbsi haqda: “Bu müğənnilərdə baş yoxdur. Bəyəm Allahın bacısı oğlusan?”

20, 02, 22
11:00

Əli Mirəliyev Manafın həbsi haqda: “Bu müğənnilərdə baş yoxdur. Bəyəm Allahın bacısı oğlusan?”


"Bu qətiyyən düzgün deyil. Manaf müğənni adamdır, özü də Füzuli rayonundandır. İndi burda nə var ki, yazıq nə edib ki? Erməni orda bizim yük maşınlarımızın qabağını kəsir, amma onlara bir söz deyən yoxdur. İndi bu yazıq Manaf da Füzuli rayonunda doğulub, ürəyi istəyib gedib, bir səhvdi edib. Gərək danlayıb, cərimə edib buraxaydılar. Onu 15 sutka həbs etmək nəyə lazım idi?”

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu müğənni Əli Mirəliyev deyib. O, müğənni Manaf Ağayevin həbsinə görə təəssüfləndiyini bildirib:

“Manaf müğənnidir, tanınmış adamdır. Özü də ki, səhhətində də problemi var, mədəsi xəstədir. Yaxşı da oğlandır, kişi oxuyandır, elə-obaya əl tutandır. O belə adam deyil axı. Manaf elin müğənnisidir, bu isə böyük kəlmədir. Ola bilər ki, kimsə onu sevməsin, amma bu Manafdı. Özünüz bunu şişirdib, populyar etmisiniz. Ona töhmət verib, azad etmək lazım idi, cinayətkar deyil axı. O, xalqın sevimli sənətkarıdır. 

Təxminən belə başa düşürəm ki, elə postlarda Manafı tanıdıqları, sevdikləri üçün hörmət edib buraxıblar. Çəkilişi isə Manaf düz etməyib. İcazəsiz Füzuliyə gəlmisən və hələ üstəlik də çəkiliş edirsən. Özün də sübut edirsən ki, ürəyim istəyən yerə gedə bilərəm, mən Manaf Ağayevəm. Mən bir ağsaqqal kimi deyirəm ki, Manaf, belə olmaz. Çəkiliş etmək lazım deyildi. Bilmirsən ki, ora icazəylə gedirlər. Bəyəm Allahın bacısı oğlusan? Hamımız adi insanıq. Yollar açılıb, amma hələ mən Qarabağ torpaqlarına getməmişəm. Otur evində də Manaf, bekar qalmısan, toy yoxdu-yoxdu da. Füzuli azad edilib və abad olunandan sonra gedəcəksən də. Getmisənsə, o çəkiliş nədir etmisən?  

Bu müğənnilərdə baş yoxdur. Ən ağıllısı mənəmsə, görün mən nə gündəyəm. Vallah düz deyirəm. Bu qayda-qanun hamımız üçündür. Belə etmək olmaz. İcazə al, o yerlərə get. İndi postda duran əməkdaşları da pis vəziyyətdə qoyursan”. (Moderator.az)

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın