“Yaxşı kişinin arvadı ona xəyanət etməz” - “Pişik” Günel

10, 12, 21
20:00

“Yaxşı kişinin arvadı ona xəyanət etməz” - “Pişik” Günel


Azərbaycanda boşanma prosesi həmişə problemlərlə müşayiət olunur. Hətta nikah pozulandan sonra da söz-söhbət, narazılıq ortadan qalxmır. Bəzən tərəflərdən biri barışmaq istəsə də, qarşı tərəf buna razı olmur. Yaxud da boşandıqdan sonra qadın və ya kişi başqası ilə ünsiyyətdə olur və bu kimi hallar sonradan faciəli nəticələrlə yekunlaşır.  

Bunun nəticəsidir ki, son vaxtlar boşanan arvadını öldürən, döyən, müxtəlif xəsarətlər yetirənlər kişilər barədə hərgün xəbərlər yayılır.
Bəs, boşanandan sonra münasibətlərin fərqli olmasına səbəb nədir? 

Mövzu ilə bağlı danışan müğənni Günel Ələkbərova (“Pişik” Günel)  bildirib ki, zorakılıqların geniş yayılmasının səbəbi qanunda olan boşluqlardır:

“Elə kişilər var ki, hətta ailəli olduqda belə qadına əl qaldırır. Elələri var ki, işləri yolunda getmir, gəlir evdə qadına əl qaldırır. Allah o kişilərin bəlasını versin! Bəzən ailədə münaqişə olanda dövlət də müdaxilə eləmir. Deyirlər ki, ailə söhbətidir və qarışmırlar. Qadınlar ailədə münaqişə baş verdikdə  polisə müraciət edəndə onlar deyirlər ki, “Bu, ailədaxili münaqişədir, biz müdaxilə edə bilmərik”. Mütləq kişi qadını vurmalıdır, bir yeri göyərməlidir, qadın ölməlidir ki, polis məsələyə baxsın. Məncə, zamanında  müvafiq orqanlar buna müdaxilə etməlidirlər. Bizim mentalitetdə belə bir fikir formalaşıb ki, ailə söhbətinə qarışmaq olmaz. Mən bununla razılaşmıram. Təəssüflər olsun ki, bizdə mütləq xəsarət almalısan ki, bir tədbir görsünlər. Qadınlar da bəzən utanır, çəkinir, heç bir yerə müraciət etmir. Əgər bir ailədə şiddət varsa, mütləq onun qarşısı öncədən alınmalıdır. Əks halda sonu ölümlə nəticələnir. Bu zaman həm qadın həyatını itirir, həm də uşaqlar travma alır. Əgər ailədə bir kişi qadına günahı olsa belə əl qaldırırsa, bu yolverilməzdir. İstəmirsənsə, boşan, sən kimsən ki, Allahın yaratdığı cana xəsarət yetirirsən?”

Sənətçi qeyd edib ki, boşanmaq özü bir mədəniyyətdir və tərəflər boşanma prosesində o qaydaları gözləməyi bacarmalıdırlar:

“Boşandıqdan sonra qadına əl qaldırmaq, onu öldürmək mənə çatmır. Əgər boşanmısansa, həmin qadının namusu da, qeyrəti də sənə aid deyil. Sənə nə düşüb ki, gəlib ona xəsarət yetirirsən?! Boşanmalarda əksərən təqsir kişilərdə olur. Düzdür, elə qadınlar var ki, qanı xarabdır, amma belələri çox azdır. Çünki yaxşı kişinin xanımı hər zaman onun yanında olar, ona xəyanət etməz. Hər şey kişidən asılıdır. Kişi təməldir, ailənin təməli necə qoyulursa, elə də davam edir. Çoxları qadınları qınayır, amma belə deyil. Nə oldu, danışanda deyirlər ki, “Ailədə kişinin sözü keçir”, amma ailə dağılanda günah qadında olur?! Kişinin sözü keçsə, ailə dağılmaz. Boşanmaların günahı 90 faiz kişilərdədir”


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın