FƏDAYƏ LAÇIN məhkəmədə son sözünü dedi: "Həyatda çox talesiz bir qadın olmuşam. Qadın kimi xoşbəxt ola bilməmişəm".

03, 12, 18
16:10

FƏDAYƏ LAÇIN məhkəmədə son sözünü dedi: "Həyatda çox talesiz bir qadın olmuşam. Qadın kimi xoşbəxt ola bilməmişəm".


Dekabrın 3-də  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası davam etdirilib.
Azerbaycanrealligi.com-un xəbərinə görə,  prosesdə Fədayə Laçın son söz deyib.

O, cinayət əməlini bilərəkdən törətmədiyini bildirib.
F.Laçın çıxışında çox peşman olduğnu vurğulayıb: “Mən dövlətimin qanunlarını bilən adamam. Heç vaxt qanunsuz bir əməl törətməmişəm. Həyatda çox talesiz bir qadın olmuşam. Qadın kimi xoşbəxt ola bilməmişəm. Həyatdakı yolum həmişə daşlı olub və dəfələrlə bu yolda yıxılmışam. Amma yenə də durub yola davam eləmişəm. Heç vaxt əlimdən tutanım, dəstək olanım olmayıb. Amma bu dəfə mən bataqlığa düşmüşəm. Bu dəfə mənim əlimdən tutub çıxaran olmasa, bu, yolun sonudur”.

Müğənni 9 nəfərlik ailəsinin olduğunu da söyləyib: “Xahiş edirəm bunu nəzərə alasınız ki, ailə üzvlərim mənim himayəmdədir. Oğlum bu hadisədən sonra magistr təhsilini yarımçıq qoyub. Bu, bir ana kimi mənə böyük dağdır, 22 ildir sənətdəyəm. Ali təhsilliyəm, ziyalı  ailədə böyümüşəm. Sadəcə, həyatda heç vaxt şansım gətirməyib. Nə bir insan kimi, nə də  qadın kimi xoşbəxt ola bilməmişəm. Bu son hadisə də onu göstərdi ki, həqiqətən də mən bəxtsiz və talesiz insanam”.

F.Laçın məhkəmədən əfv olunmasını xahiş edib: “Əhd eləmişəm ki, azadlığa çıxsam Şəhidlər Xiyabanına gedib, 20 Yanvar şəhidlərimiz olan İlham və Fərizənin məzarı başında öz avazımla “Yasin” oxuyacam. Onu da demək istəyirəm ki, bir insanın kriminal aləmdə olan biri ilə tanışlığının olması onun da cinayətkar olması demək deyil. Bilməzdim ki, bazarda da satılan 6 manatlıq bir açara görə belə bir vəziyyət yaranar. Əgər məndən odlu silah, soyuq silah, narkotik istəsəydilər, əlbəttə, bundan imtina edərdim. Çünki bunun cinayət olduğunu bilirəm. İndi kimsə məndən çörək belə istəyəndə ehtiyat edirəm. Fikirləşirəm ki, çörək yemək üçündür, amma yenə də ehtiyat edirəm”.
Daha sonra digər təqsirləndirilən Günay Atakişiyeva, Şahmar Bəyəlizadə, Aqil Nəcəfov və Məhəmməd Hacıyev də son sözlə çıxış ediblər. Onlar əməllərindən peşman olduqlarını və məhkəmədən aşağı cəza verilməsini istəyiblər.
Məhkəmənin növbəti iclası dekabrın 10-nə təyin edilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilənlər – müğənni F.Laçının 6 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayevin 10 il, qarovul rəisi Ceyhun Səmədovun 10 il, müavinləri – Tural Poladxanovun 8 il 6 ay, Fuad Hacıyevin 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyevin 8 il, Günay Atakişiyevanın 7 il, Aqil Nəcəfovun 10 il, İsrafil Soltanovun 8 il, Şahmar Bəyəlizadənin 8 il, Tərlan Zeynalovun 8 il, Anar Əsgərovun 8 il və Əli Ağaminin (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İttiham aktına əsasən, 7 nəfər – Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın