"Boşluqları, dərsliklərin mənəvi köhnəliyini görüb öz məktəbimi yaratmaq fikrinə gəldim"

07, 12, 22
12:00

"Boşluqları, dərsliklərin mənəvi köhnəliyini görüb öz məktəbimi yaratmaq fikrinə gəldim"


Tanınmış şair, dilçi alim Mikayıl Bozalqanlı "Azərbaycan Reallığı" saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Mikayıl müəllim, uzun müddətdir ki, dilçi-pedaqoq kimi məşğulsunuz. Dil sizin üçün nədir?

Şüurlu insan yaranışınsdan bu yana, insanlığın əldə etdiyi bəşəri dəyərlərdən biri və ola bilsin ki, ən əhəmiyyətlisi dildir. Yazılı və şifahi dil olmadan düşüncəni, təfəkkürü, təxəyyülü və sair ifadə etməık qeyri-mümkün olardı. Mimika və jestlər də ünsiyyət vasitəsi kimi müəyyən rol oynasalar da belə, anlaşıqlı dili əvəz edəcək dərəcədə mükəmməl deyildir. Dil ünsiyyət vasitəsi olmaqla yanaşı, həm də mədəniyyət, incəsənət, folklor nümunəsidir. Şüurlu cəmiyyəti yazılı və şifahi nitq olmadan təsəvvür etmək mümkünsüz görünür. 

Xarici dili peşə fəaliyyəti kmi seçməyinizdə əsas səbəb nə olmuşdur?  

Bu qərara gəlməyimin əsas səbələrindən biri orta məktəbdə alman dilini mənə sevdirən alman dili müəllimim Zaman Abbasov olmuşdur. Mən hər zaman öz xarakteri, əzmi, bütövlüyü, dəqiqiliyi ilə seçilmiş Zaman müəllimi hörmətlə yad edirəm. Dah bir həlledici amil isə o olmuşdur ki, mənim alman ədəbiyyatına və incəsənətinə olan marağım böyük idi. Çox istəyirdim ki, bu dildə olan ədəbiyyat və incəsənət nümunələrini originaldan oxuyum.

Bu gün də həmin peşəni seçdiyim üçün peşiman deyiləm, tam əksinə, bu peşəmlə fəxr edirəm. İndiyə qədər yüzlərlə azərbaycanlı gəncə bu dili öyrətmiş və təhsillərinin Almaniyada davam etdirmələri üçün yardımçı olmuşam. Zənnimcə xarici dillərin rolu günü-gündən daha da artır. İxtisasım üzrə müəllim, yaradıcılıq növümə görə bir az da şair olduğuma görə təhsildə və ədəbi yaradıcılıqda dilin daha önəmli olduğunu vurğulamaq istərdim. Dildən danışarkən ilk yada düşən ana dili olsa da, müasir dövrdə xarici dillərdən birini və ya bir neçəsini bilmədən kariyerada əsaslı inkişaf etməyin çətin olduğunun da fərqindəyik.  

Pedaqoji fəaliyyətimə təyinat üzrə Şamaxı rayonunun Çuxuryurd kəndində başlasam da, təyinat dövründən sonra o vaxt Xarici Dillər İnstitutu, indi isə Azərbaycan Dillər Universiteti adlanan ali təhsil müəssisəsinə qayıtdım və  bir müddət alman dili müəllimi kimi pedaqoji fəaliyyətimi orada davam etdirdm. Amma sonralar həmin ali təhsil müəssisəsini öz istəyimlə tərk edim. Tez-tez məndən soruşurlar ki, axı, ali təhsil müəssisəndə sənin daha üstün nəaliyyətlərin ola bilərdi, məsələn, müdafiə, elmi ad və sair. Sözümün səmimiliyinə inannın ki, o zaman da, elə indi də əsas fikrim elmi ad almaq, təltiflərə layiq görülmək olmamışdır. Yəni, elmi dərəcə və titullar mənə sevdiyim fənni istədiyim kimi öyrətmək, istədiyim kimi başa salmaq qədər maraqlı deyildi, heç indi də...

Bəs Bakı Alman Dili Mərkəzini yaratmağa sizi nə vadar etdi?


Düzünü deyim ki, o zaman təhsil sistemində olan boşluqlar, dərsliklərin mənəvi köhnəliyi, passiv metodik vasitələr məni qane etmədiyi üçün özüm öz xüsusi məktəbimi yaratmaq fikrinə gəldim. 1995-ci ildən etibarən Bakıda ilk özəl xarici dil məktəbi olaraq Bakı Alman Dili Mərkəzini yaratdım.

İndiyə qədər də öz kiçik pedaqoji kollektivimizlə işimizi uğurla davam etdiririk. Almaniyada təhsilin və gənclər üçün münbit əmək fəaliyyəti imkanlarının olduğunu zamanında düzgün dəyərləndirərək marağında olan tələbə və gənclərə alman dilini öyrətdikdən sonra təhsilin davamı və ya işləmək üçün onların viza sənədlərinin hazırlanması işiləri ilə daha peşəkar məşğul olmağa başladım. Dəqiq rəqəmlərlə ifadə etməsəm də, onu deyə bilərəm ki, almann dilini lazım olan sviyyədə öyrədərək təhsil və iş məqsədi ilə Almaniyaya yola saldığım tələbə və gənclərin sayı yəqin ki, yüzlərlə, minlərlədir.

Bəs əməyinizə yetərincə qiymət verilibmi və ya sizə göstərilən diqqət və qayğıdan razısınızmı?

İşimiz, fəaliyyətimiz haqqında ayrı-ayrı zamanlarda respublikanın müxtəlif qəzet və jurnallarında, eləcə də, sosial mediyada bəzən qısa, bəzən də geniş məlumatlar verilmişdir. Ömrünü pedaqoji fəaliyyətə həsr etmiş bir pedaqoq kimi deyə bilərəm ki, dil öyrədərək təhsil və iş üçün Avropaya göndərə bildiyimiz tələbələrin əldə etdiyi uğurlar  və nəaliyyətlər bizim üçün ən böyük təltifdir, sözlərimin səmimiliyinə inanın.

  Avropa dəyərlərinə görə əsl təltif sonda gələn dəyərləndirmədir. Əsəs göstərici  insanın əldə etdiyi uğurlar, istiqamətləndirə bildiyi tələbələr, yardımçı olduğu iş adamları və sairdir.  Bu sahədə, yəqin ki, mənim  bəxtim gətirmişdir, deyə bilərəm. Almaniyada və Avropanın bir sıra almandilli ölkələrində olan tələbələrimin əldə etdikləri uğurlu nəticələri haqqında aldığım xəbərlər mənim üçün çox  xoşdur və  mənə bundan sonra da daha həvəslə işləmək üçün əlavə situmul verir.  

Sonda qısa, amma maraqlı söhbətimiz üçün sizə təşəkkür edirəm.

Buyurun. Mən sizə təşəkkür edirəm.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə saxlayın