“Allah ümidinə qalmışıq, nə olar-olar...” - Bakıdakı “qadın qul bazarı”ndan reportaj - FOTOLAR

Müsahibə / Manşet
 18-05-2022, 15:00     3 562


"Azərbaycan Reallığı" xəbər verir ki, “Yeni Müsavat”ın əməkdaşları burada iş axtaranların vəziyyəti ilə yaxından tanış olub, onların dərdlərini dinləyiblər...

Bakıda işsiz qadınların əlacsızlıqdan üz tutduğu bir yer var: “qul bazarı”... Paytaxtın müxtəlif ərazilərində bu “bazar”lar var. Onlar heç də orta əsir qulları deyillər. Sadəcə, çarəsizlikdən, bir qarın çörəkdən ötrü “qul bazarı”na gedərək günəmuzd işləyirlər. 

Həmin bazarlardan biri də Maştağa qəsəbəsində yerləşir. Bura həm avtobusların dayanacağı, həm təsərrüfat malları, həm ərzaq, həm də tikinti materiallarının satış mərkəzidir. Həmçinin bura “qadınların qul bazarı” adlanır.

Hər gün səhər saat 07:00-dan günorta saatlarına kimi onlarla işsiz qadın kiminsə qapısında günəmuzd işləmək üçün burada dayanıb gözləyir. Onların içində yaşlısı da var, cavanı da...

“Yeni Müsavat”ın əməkdaşları Maştağa qəsəbəsindəki sözügedən ərazidə olub, qadınların vəziyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Əvvəlcə əraziyə yaxınlaşdıqda gördük ki, xanımlar boğçalarını hazırlayıb, işləmək üçün burada dayanıblar. Biz isə kameralarımızı hazırlayıb, həmin əraziyə yaxınlaşdıq.

- Salam. Xala, qadınların iş axtarmaq üçün dayandığı yer buradır? (təəccüblə baxıb, bir anda bütün qadınlar ətrafımıza yığışdılar).

- Salam qızım. Bura niyə gəlmisiniz? Nə lazımdır?

- Xala, biz tələbəyik. İş tapa bilmirik. Ona görə də “qul bazarı”na gəlib, işləmək istəyirik.

- Bala, sizlik iş yoxdur burada. Yazıqsınız. Bacara bilməzsiniz. Gedin, özünüzə başqa yerdə iş axtarın.

- Görəsən, iş tapa bilərik? Tələbəyik, pula ehtiyacımız var.

- Yox bala, bura sizin yeriniz deyil. Başınıza oyun açarlar. Hər cür adam var: narkomanı, oğrusu, tərbiyəsizi... Sizi buraya kim göndərib?

- Yaşımız 18 olmadığı üçün bizə heç yerdə iş vermirlər. Son çarə kimi ev təmizləməyi düşündük. Ona görə də buraya gəldik.  İş üçün gec gəlmişik? Saat neçədən gəlmək lazımdır?

- Hər gün tezdən gəlirik. Amma siz gedin. Burada baş çıxara bilməzsiniz.

Başqa qadın deyir:

- Mən 6 ildir hər gün tezdən burada dayanıram. Çox çətindir. Amma çörək pulu qazanmalıyıq. Sizin görə biləcəyiniz iş yoxdur burada.


- Hansı işlər çıxır? Gündə neçə saatlıq iş olur? Yay qabağı daha çox iş olar yəqin... Yoxsa buranınkı daha çox qışdır?


- Bala, biz həmişə burada oluruq. Fərqi yoxdur isti, soyuq, yay, qış... Evləri təmizləməyə, pomidor parnikinə, alaq vurmağa gedirik. Yayda günün altında işləməkdən, az qalsın, quruyuruq.

- Nə qədər qazanmaq olar bir günə?


- Baxır onların insafına. Eləsi olur, nə iş görürsən, qarşılığını verir. Eləsi də olur ki, işlədir, amma qarşılığını vermir.

- Biz bir az qorxuruq. Burada qorxulu hadisə olmaz ki? Bizi iş adı ilə aldadıb apara bilərlər? Heç elə şey gəlib başınıza?


- Hə, bala, o qədər olur. Allah ümidinə gedirik. Nə olar-olar. O qədər olub camaatın qızının başına oyun açıblar.

 - İşlədib pulumuzu verməyə bilərlərmi?


- Elə hallar çox da olmur.

- Daha çox hansı adamlar yaxşı pul verir, hansılar daha simicdir? Qadın xozeyn yaxşıdır, ya kişi?


- Vallah fərqi yoxdur, əsas adamın insafıdır. Elə qadın var, evinin hər yerini təmizlədib 10 manat verir. Eləsi var elə nə işlədib, elə nə qədər lazımdırsa, onu da verir. Amma siz gedin, marketlərdə işləyin. Ev təmizləmək sizlik deyil.

- Bizim yaşımız azdır deyə, yəqin iş tapa bilmərik. Deyərlər ki, iş bacaran deyillər.

- Yox bala, taparsınız. Amma cavan qızlarsınız. Tək getməyin işləməyə. Biz yaşlı adamlarıq, amma biz özümüz belə tək getmirik. Nömrənizi verin, sizə iş tapaq. Amma burada durmayın, bala.

Daha sonra qadınlar öz aralarında danışıb bizə iş tapmağa çalışdılar. Hətta kirayə pulunu ödəyə bilmədiyimizi deyəndə bir qadın bizi öz evində qalmağa dəvət etdi. Digər qadın isə bizə kafedə iş tapa biləcəyini bildirdi. 

Günəmuzd çalışan qadın birimizi qırağa çəkib, danışmağa başladı: “Qızım, burada yaxşı adamlar olmur. Əgər pula və evə ehtiyacınız varsa, sizə kömək edərəm. Yoldaşım rəhmətə gedib. Qızımla tək yaşayıram. Gəlib bizimlə bir yerdə yaşayarsınız. Amma bir şərtim var. Dərsə gedib, evə qayıtmalısınız. Gecə sizi çölə qoya bilmərəm. Əşyalarınız haradadır? Gedək, gətirək mənim evimə”.

Elə bu an başqa bir qadın yanımıza gəlib dedi:

- Nə danışırsan sən? Tanımadığın qızları evinə aparacaqsan? Özünə zorla baxırsan. Camaatın qızına necə baxacaqsan? 

- Hə, nə var ki burada? Mən işdə olanda qızıma baxarlar. Bacılıq edərlər. Dərslərinə də kömək edərsiniz. Əlimdən gəldiyi qədər də mən pul verərəm. Amma yenə deyirəm, burada sizin üçün yaxşı olmaz.

Qadın sözünü bitirər-bitirməz  orta boylu, qara saçlı, qəhvəyi paltarlı bir oğlan yaxınlaşdı:

- Bu xanımlara iş lazımdır? İş məndə. Neçə yaşınız var? Haradansınız? Heç işləmisiniz?

Qadın oğlana sərt cavab verdi:

- Get burdan. Bu qızlar sənlik deyil...

Bu dialoqlardan  belə nəticəyə gəldik ki, burada işləmək heç də asan deyil. Hər cür insan olduğu üçün qadınlar özlərini qorumaq məcburiyyətindədirlər. Bizə edilən təkliflərin yaxşı və ya pis məqsədli olduğunu deyə bilmədiyimiz kimi onlar da edilən iş təkliflərinin sonunun nə ilə bitəcəyini bilmirlər.

AZƏRBAYCANREALLIĞI.COM