“Anama demişdi ki, Şuşa alınsın, səni ora istirahətə göndərəcəm” - Şəhid gizirin qardaşı

19, 11, 21
10:30

“Anama demişdi ki, Şuşa alınsın, səni ora istirahətə göndərəcəm” - Şəhid gizirin qardaşı


44 günlük Vətən müharibəmizin qəhrəman şəhidlərindən biri də çavuş Şəhriyar İsa oğlu Əsgərovdur. Bu gün onun vəfatından bir il ötür. Ötən il noyabrın 3-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Şəhriyarın nəşi neytral ərazidə qalıb. Onun nəşini yalnız noyabr ayının 18-də neytral ərazidən götürərək Cəlilabad rayonunun Kazımabad kəndində dəfn ediblər. 

 
Şəhriyar şəhid olmamışdan öncə ata və anasına bir məktub yazıb. Həmin məktubda valideynlərindən hallalıq istəyir və deyir ki, mənə görə ağlayıb düşməni sevindirməyin: 

“Əziz atam və anam, siz bu məktubu oxuyursunuzsa, artıq mən axirət dünyasındayam. Biz uşaq olarkən bizlərə İmam Hüseyndən və onun şəhadətindən danışırdınız. Elə uşaq ikən o danışdığınız şəhidlik zirvəsinin arzusunda olmuşam. Şükürlər olsun ki, Rəbbim məni də o zirvəyə çatdırdı. Bilirəm, anacan övlad itkisi sənə ağır gələcək, amma səndən xahişim odur ki, ağlayıb düşməni sevindirməyəsən. Üçrəngli bayraqda məni gətirəndə, xanım Zeynəbin müsibətini düşün ki, balasını qurban verdi və Xeymədən (çadır) çölə çıxmadı. Sən də elə dözümlü ol! Sevin ki, şəhid anasısan. Sevin ki, övladın Ağamız Hüseynə müsafirdir. Gözəl bacım və qardaşım, sizləri də çox istəyirəm, başınızı hər zaman dik tutun. Sizləri öncə Allaha, daha sonra bir-birinizə əmanət edirəm. Yazmağa çox sözlər var, amma sizləri daha çox kövrəltmək istəmirəm. Haqqınızı halal edin. Hə, bir də anacan sənə söz vermişdim ki, torpaqlarımız azad olunduqdan sonra səni Şuşaya istirahətə göndərəcəkdim. Üzrlü say, anacan, ilk dəfə sənə verdiyim sözü tuta bilmədim. Öpürəm sizləri. İsa və Xədicəni hər gün mənim əvəzimdən öpün! İnşAllah cənnətdə görüşərik. Haqqınızı halal edin!  Oğlunuz Şəhriyar”.

 
Şəhidimizin qardaşı Emin Əsgərov açıqlamasında bildirib ki, Şəhriyar məktubu şəhid olmamışdan üç gün öncə yazıb. Daha sonra isə yaxınları onun cibindən bunu aşkar ediblər: 

“Şəhriyar noyabrın 3-də şəhid olub. Ondan öncə mənimlə və əmim oğluyla da telefonla danışıb. Həmin vaxt deyirdi ki, yaralıyam. Mühasirəyə düşmüşdülər. Daha sonra isə Şəhriyarla əlaqə kəsildi və yalnız noyabrın 18-də bizə onun nəşini gətirdilər. Anama deyirdi ki, Şuşa alınsın, səni o torpaqlara aparacam. Amma çox təəssüf ki, qismət olmadı. Bu gün isə Şəhriyarın il mərasimini keçirdik. Çox sağ olsunlar, bütün insanlar mərasimdə iştirak etdi. Cəlilabad rayon icra başçısı hörmətli Rafiq müəllim Cəlilov da mərasimə gəlmişdi. Bu gün istəyimiz şəhid qardaşımın adının yaşadılmasıdır. İstəyərdik ki, Şəhriyarın adına bir küçə verilsin”. 
 
Qeyd edək ki, şəhid Şəhriyar Əsgərov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.  (Moderator.az)

Vasif Əlihüseyn 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın