YAP-a keçən müxalif şair: Afaq Aslan hər yola əl atır ki, gündəmdə qalsın - Elza Seyidcahan sanki başı çatmır

18, 11, 21
09:00

YAP-a keçən müxalif şair: Afaq Aslan hər yola əl atır ki, gündəmdə qalsın - Elza Seyidcahan sanki başı çatmır


 Tanınmış şair Yafəs Türksəs “Yeni Müsavat”ın redaksiyasında olub. Yafəs Türksəs əməkdaşımızla söhbətində bu günlərdə  Yeni Azərbaycan Partiyasına üzv olmasından, qalmaqallı şeirlərindən, çılpaq qadın şəkilləri paylaşmasının səbəblərindən və digər məsələlərdən söz açıb.
 
"Azərbaycan Reallığı" Yafəs Türksəslə müsahibəni təqdim edir:

 - Son fəaliyyətiniz nədən ibarətdir? Nə işlə məşğulsunuz?

- Təxminən bir həftə bundan öncə “Arzuların görüşək vaxtı” adlı kitab işıq üzü gördü. Bildiyiniz kimi, uzun müddət “Ədəbi” qəzetinin baş redaktoru vəzifəsinə çalışmışam. 40 gün olar ki, yeni “Aydın TV” adlı “Youtube” kanalı açmışam. Deyim ki, Azərbaycanda heç nəyə bənzəməyən bir kanaldır, məqsəd  cəmiyyətimizi maarifləndirməkdir. Verilişimdə şairləri, filosofları, rəssamları danışdırıram, arabir siyasətçilər də olur.

- İzləyici marağından razısınızmı?

 - Əlbəttə ki, hər sahənin özünün izləyicisi olur, kimisi ədəbiyyatı, incəsənəti, kimisi də siyasəti bəyənir, izləyir. Məsələn, ədəbiyyatçını danışdıranda daha çox ədəbiyyatçılar, filosof danışdıranda isə daha çox filosoflar verilişə maraq göstərir. Elə izləyici var ki, bir qoşuna dəyər, yəni izləyicinin sayı şərt deyil. Heç  düşünmürəm, nə də gözləmirəm ki, gələcəkdə də izləyicilərin sayı çox olsun. Əsas odur ki, dəyərli veriliş, kanal olsun. Hazırda indi elə bir internet televiziyası yoxdur ki, bir mədəniyyət adamını, şairi, modelyeri verilişinə qonaq çağırıb, danışdırsın. Əksəriyyəti demək olar ki, siyasi mövzulara üstünlük verir.  Cəmiyyətimiz üçün maarifləndirici verilişlər də olmalıdır.

- Sosial şəbəkələrdə də aktivsiniz. Bir müddət əvvəl “Facebook” profilinizdə çılpaq qadınların şəkillərini paylaşırdınız. Maraqlıdır, bu paylaşımlar ilə bir şair olaraq nə mesajı vermək və ya nəyə etiraz etmək istəyirdiniz?

- Yox, axı mən paylaşmıram belə şeyləri, bəlkə haradansa gəlib düşür?.. Hə, xatırladım, təxminən 5-6 ay əvvəl elə bir şey etmişdim. Dünyada publik şəxslər var da, məsələn, milyonlarla izləyicisi olan modelyerlər, aktrisalar, rəssamlar və sairə. Paylaşdıqlarım da çılpaq deyildi, bir balaca açıq-saçıq, “plyaj”  geyimlərində idilər. İstəyirdim ki, Azərbaycan oxucusu da onları tanısın, amma gördüm ki, məni “hoydu-hoyduya” götürdülər. Təəssüf ki, ali təhsilli ziyalılar, şair və yazıçılar da məni başa düşmədilər. İzləyicilər həmin məşhurların şəxsiyyətlərini deyil, yalnız açıq-saçıq geyimini görmək istədilər. İndi bizdə müsəlmanlıqdır də, onları da başa düşmək olar. Bu cür paylaşımları təxminən 1 ay davam etdirdim, sonra dayandırdım.

- Ancaq bu paylaşımlardan sonra da  cəmiyyətdə tez-tez açıq-saçıq geyimləri ilə gündəmə gələn müğənni Afaq Aslana da şeir yazmışdınız...

 - Bu, çox maraqlı sualdır... (gülümsəyir). Həmin şeir əslində çox ironik idi. Şeirdə Afaq Aslanın müğənnilik peşəsini kənara qoyub, yalnız açıq-saçıq geyimləri ilə özünü reklam etməsinə ironiya etmişdim. Sonuncu beytlərimdə yazmışdım: “Qaşlarının tağına və ya qoyma kirpiyinə heyran olmuşam”. İstənilən mətnin alt və üst qatı var, bu şeiri də hərə bir cür başa düşdü.

 - Ümumiyyətlə, şeirlərinizi daha çox qadınlara həsr edirsiniz?

- Yox. Bütün sahələrə aid, o cümlədən dostluğa, sevgiyə, uşaqlığa, ictimai motivlərə aid şeirlərim var. Sadəcə az-az yazıram. Məsələn, İkinci Qarabağ müharibəsində əsgərlərə aid etdiyim yalnız bir şeirim var. Amma həmin şeiri ədəbiyyata çevirməyi bacarmışam. Şeirimdə qeyd etmişəm ki, özü ilə birgə yaralı dostunu dağa qaldıran adamın qarşısında mənim bütün sözlərim acizdir, Şuşa qalasında qəhrəmanlarımız danışan yerdə şairlər sussunlar. Yəni təsəvvür edin, əsgər güllə yağışı altında çiynində yaralı dostu ilə Şuşa qalasına qalxır, mən necə şeir yazıb onu vəsf edim? Bunun qarşısında şeir acizdir.

Bir şair dostum var, bir-bir bütün şəhidlərə aid şeir yazıb. Axı şəhidlərin hər birinə şeir yazıb, ədəbiyyat yaratmaq olmaz. 5-6 sözü alt-alta yazırlar, guya olur şeir. Belə şeir olmur axı.

 Sevgiyə baxışım da fərqlidir. Şərdə şairlərin hamısı qadından yazıb, sızlayırlar, “qadın getdi, mən öldüm”. Deyirəm ki, o qadının getmə səbəbindən yaz da, bu axı dövlət sirri deyil? Bilək ki, bu qadın niyə gedib? Bəlkə elə sənin axmaqlığın, dəliliyin üzündən, ya da elə ağzından iy gəlib deyə gedib? İndiki müasir insanlar  sevməyi də, elə unutmağı da supermen kimi bacarmalıdırlar. Bunlar elə bir qıza  2 dəfə salam verir, amma gedib xalasıqızını alır, sonra da o 2 dəfə salam verdiyi qıza 7 kitab həsr edir. Bu cür olmaz axı. Beləliklə, sevgi şeirlərini də gözdən salırlar.

- Bəs siz özünüz supermen kimi sevmisiniz?

 - Əlbəttə, elə sevib, elə də unutmuşam.  Bir qadını unutmaq istəyəndə onun yaxşı tərəflərinin hamısını atmışam bir tərəfə, pis tərəflərini beynimdə qaynatmışam və bu, mənə onu unutmağa köməklik edib.

 - Sizin üçün qadının pis tərəfləri hansılardır?

- Qadının deyil, bu yalnız bir şəxsə aid ola bilər. Ümumiyyətlə, mənim qadınlara qarşı həmişə çox yaxşı münasibətim olub. Bəzən görürsən  yazırlar ki, qadınlar xəyanətkardır və sairə. Axı dünyada 3 milyarda yaxın qadın var, indi onların hamısı xəyanətkardır? Sən yalnız bir qadın haqqında danışa bilərsən. Məsələn, ola bilər ki, bir qadın yetərincə savadlı olmayıb və yaxud yetərincə məni başa düşməyib, əsl sevgini anlamayıb.

 - Bəs siz özünüz qadın xəyanəti ilə üzləşmisiniz?

 - Ümumiyyətlə, bu günə qədər yalnız iki qadın sevmişəm, hansı ki, onlardan biri platonik olub. Və həmin qadınların hərəsinə bir kitab səviyyəsində şeirlər yazmışam. Qadın xəyanəti deyəndə ki, mənim bu məsələyə baxışım fərqlidir. Mənim həyat yoldaşım çox sadə, kənd qızıdır. Xəyanət onun heç ağlına belə gəlməz. Bu, təkcə mənə qarşı olan hörmətdən irəli gəlmir, xasiyyəti odur. Amma sevdiyim qadınlar tərəfindən xəyanətə uğramışam. Lakin bağışlamışam. Çünki geniş təfəkkürə malik insanam. Düşünürəm ki, əgər bir qadın məndən gedibsə, yəqin ki, mən onu qane etməmişəm və yaxud niyə azadlığını əlindən almalıyam və sairə. Yəni səbəb var ki, gedib. Ümumiyyətlə isə, ayrılıqlar tale, qədərdir. 

 - Bəs xanımınız sizin bu xəyanətlərinizi bağışlayırmı?

 - Əlbəttə. Bilir ki, hara getsəm də evə gələcəm (gülür).

 - Hələ müsahibəyə başlamazdan əvvəl dediniz ki, Azərbaycanda sizdən qalmaqallı şair yoxdur. Qalmaqalları özünüz bilərəkdən yaradırsınız, ya mühit buna şərait yaradır?

 - Bunların ikisi də var. Azərbaycanlı oxucu daha çox qalmaqalı sevir. Məsələn, sosial şəbəkədə bir şeirimi, kitabımı paylaşıram, onu 50 nəfərdən artıq adam bəyənmir. Yəni sənətlə irəliləmək olmur. Deyim ki, mən ömrüm boyu müxalifətçi olmuşam. “İlişmədiyim”, tənqid etmədiyim şair, müğənni, siyasətçi, deputat qalmayıb.

 - Məhz qalmaqal yaratmaq üçün onlara “ilişirdiniz”?

- Yox, sadəcə düşüncələrim o cürdür. Məsələn, Pənah Hüseyn deyir ki, mən Xalq Partiyasının sədriyəm, gülməyim tutur. Axı ay qardaş, belə bir partiya yoxdur, gəl səni həmişə eks baş nazir kimi təqdim edək.

Daha bir məsələ- mənim çox yaxın bir dostum var idi, bir az da o qalmaqal yaratmışdı.

 - Axı deyəsən ikiniz bilərəkdən o “qalmaqalı” yaratmışdınız...

 -  Gördük ki, dostluğumuzu qəbul etmirlər, onda dedik ki, hə, yaxşı edirik sevişirik. Onda da məni tənqid atəşinə tutdular ki, bu nədir, ikinci dəfədir ki, evli qadınla sevişirsən?!

 - Bir az öncə demişdiniz ki, bu günə qədər yalnız iki qadın sevmisiniz. İndi onlardan biri həmin qadın idi, yoxsa?..

 - Hə, biri odur...

Dedim ki, abırlı olmağı Afaq Aslandan öyrənəcəm


 - Bəs ona şeir həsr etdiyiniz üçün Afaq Aslandan bir reaksiya oldu?

 - Afaq xanım hər yola əl atır ki, gündəmdə qalsın. Məni tanıyır və bilir ki, şeirim elə onu piar edib. Amma bir dəfə prodüseri mənə zəng edib dedi ki, adam bir az abırlı olar. Mən də cavab yazdım ki, abırlı olmağı Afaq Aslandan öyrənəcəm (gülür).

 - Sizcə indiki şairlər tanınmaq üçün mütləq qalmaqala əl atmalıdır?

- Deyim ki, heç qalmaqalla da olmur. Çünki qalmaqal olanda belə şeirlərinin oxucuları artmır, elə əvvəlki kimi qalır. Yəni qalmaqalla yalnız tanınmaq olur, oxucu artmır. Ümumiyyətlə, sanki oxucuları tilsimləyiblər. Onlar kitab, şeir oxumurlar, 30 ildir ki, ədəbiyyatdan aralı düşüblər.

 - Məsələn, sizin üçün ən uğurlu şeiriniz hansıdır?

 - Xeyli şeirlərim var, ədəbi camiyə onları sevir . Amma Sovet dövründə olduğu kimi, şeirlərimizi milyonlarla oxucular oxumur.

Elza Seyidcahanın gözləri sehirlidir, ona şeir yazacam


 - Elza Seyidcahanın şeirlərini bəyənirsiniz?

 - Çox savadsız, duzsuz, bəsit yazır, sanki başı çatmır. Doğrudur, şüur axını yazır, amma hazırlığı o qədər sıfır  vəziyyətindədir ki, yazdıqları “palçıq” alınır. Yəni heç cürə onları qəbul etmək olmur. Amma gözlərində, simasında sehr var, onu çox sevirəm. Ola bilsin ki, ona da şeir yazım (gülür).

69 yaşımda hər şeyi başa düşdüm və YAP-a keçdim...

 - Özünüz də qeyd etdiyiniz kimi hər zaman iqtidara, siyasətçilərə müxalifətçi mövqe nümayiş etdirmisiniz. Bəs necə oldu ki, bu günlərdə birdən-birə mövqeyinizi dəyişib YAP-a keçməli oldunuz? Mövqeyinizi dəyişdirməyinizin səbəbi nədir?

 - Bildiyiniz kimi 1988-ci ildə Milli Hərəkatda olmuşam, gəncliyimdə çox milliyyətçi idim. Hətta bu xüsusiyyətlərimə görə “Türksəs” təxəllüsümü də zamanında rəhmətlik Xəlil Rza Ulutürk vermişdi. Beləliklə, gəncliyimizdə çox romantik idik. Məsələn, cəbhəçi Natiq çıxıb bir söz deyəndə alqışlayırdıq ki, düz deyir və sairə. Lakin gedib partiyalarda onları yaxından tanıyanda görmüşəm ki, qüsurludurlar. 10  il AXC-nin, 10 il Müsavat Partiyasının üzvü olmuşam. Daha sonra isə bitərəf oldum. Beləliklə, gördüm onların fəaliyyəti peşəkar siyasətdən ibarət deyil. Məsələn, bir dəfə Əli Kərimlinin müşavirəsində iştirak etdim. Təsəvvür edin, seçkilərə bir neçə gün qalıb və seçkinin necə keçirilməsi üçün müşavirə çağırılıb, müşavirədə seçkidən başqa hər şeydən danışdılar.

Gah qəhrəmanlıqlarından danışdılar, gah özlərini öydülər, təriflədilər. Başa düşdüm ki, onlar heç biri real siyasətin nə olduğunu bilməyən, xalqı aldatmaqla məşğul olan siyasi “xalturşiklərdir”. Onlar yalnız xalqın hisləri ilə oynamağı sevirlər. Buna görə də real siyasətçi kimi mərhum Prezident Heydər Əliyevə, onun davamçısı İlham Əliyevə rəğbətim yarandı. Təsəvvür edin, İlham Əliyev İranın, Rusiyanın ortasında, onların casus şəbəkələrinin arasında bizim dövlətçiliyimizi qoruyub, onu inkişaf etdirə bilir. Ermənilər elə bilirdilər ki, Yevlaxı alacaqlar, Gəncə ilə Bakının arasını kəsib, öz istədikləri şərtləri irəli sürə biləcəklər. Lakin İlham Əliyevin siyasəti, ordumuzun gücü buna mane oldu.

 - Yəni müharibədə qazandığımız qələbədən sonra bu fikrə düşdünüz?

 - Yox, ondan hələ bir-iki il əvvəl YAP-a keçmək istəyirdim. Lakin psixoloji olaraq buna hazır deyildim. Çünki doğma yurdum Cəbrayıl işğaldan azad olunmamışdı.  Qələbəmizdən sonra bu fikrimi qətiləşdirdim.

 - Yəqin ki, buna görə qarşı tərəfdən “top atəşinə” tutuldunuz?

 - Əlbəttə, özü də dəhşətli dərəcədə və bu, hələ də  davam edir. Deyirlər ki, sən satqınsan və sairə.  Mən indi pensiyaçı adamam, YAP-a keçdiyimə görə məni nazir, deputat qoyası deyillər. Sadəcə 69 yaşımda başa düşdüm ki,  İlham Əliyevi dəstəkləmək lazımdır. (Musavat.com) 

Xalidə Gəray 

AZƏRBAYCANREALLIĞI.COM




Bizimlə əlaqə saxlayın