Şairə Nuranə Nur: Bir döyüşçü anası kimi bəlkə də başqalarından daha çox Şuşaya getmək haqqım var

19, 09, 21
13:42

Şairə Nuranə Nur: Bir döyüşçü anası kimi bəlkə də başqalarından daha çox Şuşaya getmək haqqım var


Bu gün Yazıçılar Birliyinin fəaliyyəti qənaətbəxşdirmi? Ümumiyyətlə, hazırki durumda bu qurumun hansı fəaliyyəti var? Bu və ya digər sualların cavabını şairə Nuranə Nura ünvanladıq.

Azerbaycanrealligi.com xəbər verir ki, Moderator.az-ın suallarını cavablandıran Nuranə Nur artıq yeni mövsümdən aparıcı kimi də tamaşaçıların görüşünə gələcək. 
 
- Yazıçılar Birliyinin Şuşada qurultayının keçirilməsi nəzərdə tutulur. Bunu necə qiymətləndirirsiniz? Siz də o qurultayda iştirak edəcəksinizmi?
 
- Bu möcüzəni necə qiymətləndirmək olar? Xəyalı belə, nə boyda xoşbəxtlikdir. İllərdir hər bayram günlərində gələn bayramımızı o müqəddəs torpaqlarda qeyd etməyi arzulamışıq. Çox şükürlər olsun, o gün – bu gündür. Zəfərimizin böyüklüyünü hələ tam dərk edə bilmirik, bizə xəyal kimi gəlir. İstər "Xarıbülbül" festivalı, istər poeziya günləri, musiqi günləri, istər Yazıçılar Birliyinin qurultayı... Bu tədbirlərin Şuşada keçirilməsi möhtəşəm duyğular yaradır. Şuşa Qarabağın tacıdır, Azərbaycanın mədəniyyət ocağı, ən gözəl guşələrindən biri, bəlkə də birincisidir. Mənə elə gəlir ki, Şuşa bütün fəsillərdə yamyaşıldır, orda yarpaq saralmır, ağac qurumur. İllərdir bu gözəlliyin tərifini böyüklərimizdən eşidib heyfslənirdik. Çox şükür, indi o müqəddəs torpaqlara gedə biləcəyik. Qurultayda adımı qeyd edəcəklər, ya yox, bilmirəm. Kimlər gedəcəksə xoş gedir, lap xoşumuza gəlməyən adamlar getsin, təki ora həmişə azərbaycanlıların ayağı dəysin, qarı düşmənin murdar ayaq izlərini yox eləsin. Şuşaya getməyə hər bir Azərbaycanlının haqqı var. Mənim haqqım bəlkə bir az çox da ola bilər, çünki oğlum o torpaqların azad olunması uğrunda döyüşüb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları ucadır. Onların canı, qanı bahasına azad olunmuş torpaqlarımız bizim üçün əbədi olaraq müqəddəs and yeri və ziyarətgahdır.
 
- Yazıçılar Birliyinin bu gün cəmiyyətdəki rolu qənaətbəxşdirmi?

- Yazıçılar Birliyi bizə ötən əsrin ədəbi irsindən qalan yadigardır. Təəssüf ki, indi hər sahədə dəyərlərimizə xilaf çıxmaq “ bacarığımız”la qürur duyuruq. Amma həm də deyə bilmərik ki, indi Yazıçılar Birliyi müqəddəs məkandır, toxunulmaz dəyərdir, əlbəttə, çatışmazlıqları var. Bir zamanlar hamımızın arzusu Yazıçılar Birliyinə üzv olmaq, tədbirlərində çıxış etmək idi. İndi deyirlər bu qurum heç kimə lazım deyil. Niyə? Sizə lazım deyil, elə hesab edin ki, yoxdur.  Elə bir zamanda yaşayırıq ki, indi uşaq valideynini polisə verir. Yazıçılar Birliyinin cəmiyyətdəki rolunu deyirsiz, cəmiyyətin özünün yazara, onun yaradıcılığına və yaxud birliyinə marağı varmı? İradlar isə az- çox bu qurumla əlaqəsi olanlara aiddir ki, onlar da bəzən haqlı, bəzən haqsızdılar. Bəzən elə adamlar Yazıçılar Birliyini təhqir edir ki, düşünürəm görəsən bu adam, bu haqqı hardan alır? Mən döyüşçü anası kimi Şuşaya getmək haqqımın olduğunu bildiyim halda, bu suala cavab vermək haqqımın olduğunu deyə bilmərəm. Bu mövzuda suallara qurumun katibliyinin, vəzifəlilərinin  cavab verməsi daha məqsədə uyğundur.

-  Sizcə bu günün yazıçıları cəmiyyətin nəbzini tuta bilirmi?

-  Bu gün - dediyimiz zaman kəsiyi xaos içindədir. İstər xəstəliklər, istər iqtisadi durumun yaratdığı maneələr həyat şərtlərini çox çətinləşdirib. Yazıçı və ya  oxucu üçün yazmaq, oxumaq ehtiyacından önə keçən problemlər var, dolayısı ilə zövqlər dincəlmək ərəfəsindədir. Amma əsl yaradıcılıq heç bir halda tükənən nəsnə deyil, tükənirsə adi həvəs imiş. Zamanın nəbzini tutmaq cəhdi həmişə uğurla və ya yeniliklə nəticələnmir, amma bunu mütləq sınamaq lazımdır. Təbii ki,  bu proses təbii olaraq baş tutarsa bu daha maraqlı və faydalı olacaq.
 
- Artıq qələbəmizdən bir il ötür, ancaq bu bir il ərzində məşhur, gündəmə səs sala biləcək əsərlərimiz yoxdur. 
 
- İstənilən hadisənin şokundan ayılmaq üçün müəyyən zaman keçməlidir. Adi halda bir neçə saata baş tutan bu mərhələ, böyük müharibə üçün bir neçə ilə bərabərdir. Böyük dünya müharibəsi haqqında yazılan ən yaxşı əsərlər, çəkilən ən yaxşı filmlər müharibədən təxminən 20 il sonra yazıldı. Bu o demək deyil ki, biz bunun üçün 20 il gözləməliyik. Yeni yetişən nəsilin bu böyük qəhrəmanlıq salnaməsindən xəbərdar olması, yararlanması və yaşatması üçün mütləq layiqli əsərlər yazılmalı, filmlər çəkilməlidir. Mən şübhə etmirəm ki, belə də olacaq. 

- Yeni mövsümdə televiziyada yeni layihəyə başlamısınız. Layihənin məqsədi nədən ibarətdir? 

- Bəli. Hazırda Dövlət Televiziyasının Mədəniyyət kanalında -  “Səhər çağı” redaksiyasında çalışıram, aparıcı kimi fəaliyyət göstərəcəm. Mənə göstərdiyi etimada görə rəhbərliyə təşəkkür edirəm. Sağlıq olsun, bütün işlər qaydasında gedərsə, arzuladığım ədəbiyyat layihəsinə də imza atmaq qismət olar. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın