Novella Cəfəroğlu ŞOK SİRLƏRİ AÇDI: Ermənilər mal dərilərini toplayırdılar ki...

17, 04, 21
22:00

Novella Cəfəroğlu ŞOK SİRLƏRİ AÇDI: Ermənilər mal dərilərini toplayırdılar ki...


Budəfəki “Cümə söhbəti”mizin qonağı hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğludur. Ənənəmizə sadiq qalaraq onunla dünəndən bu günə, bu gündən sabaha açılan qapılardan danışmışıq.

Erməni dostu ilə “inək dərisi əhvalatı”ndan, Kəlbəcərdə qızıl yataqlarını kəşf eləmələrindən tutmuş hər şeydən söhbət açmışıq.

Novella Cəfəroğlunun müsahibəsini təqdim edirik:

- Novella xanım, oruc tutursunuzmu?

- Üç gün tutacağam. Çünki səhər, günorta axşam – gündə 3 dəfə dərman atmalıyam. Çox üzgünəm ki, səhhətimə görə oruc tuta bilmirəm. Yenə də özümə söz vermişəm ki, üç gün dərman qəbul etməyəcəyəm, oruc tutmağa çalışacağam (gülür).

- Allah qəbul etsin...

- Çox sağ olun. Allah bütün oruc tutanların dualarını qəbul etsin. Onu da deyim ki, mən həmişə oruc tuturdum. Xəstələndiyim üçün oruc tuta bilmirəm. Pandemiya məni birtəhər elədi.

- Pandemiyadan qoruna bilmədiniz deyəsən?..

- Yoluxdum, qoruna bilmədim. Sentyabrda xəstələndim. Amma yüngül keçirdim. Ona görə vaksin də vurdurmadım. Çünki məndə artıq koronavirusa qarşı antitel var. İstərdim ki, vaksin vurdurum, amma antitellər var, ona görə də həkimlər vaksinasiyadan keçməyimi məsləhət bilmədilər. Antitellərin müddəti bitən kimi vaksin vurduracağam.

- Novella xanım, boş vaxtlarınızı necə keçirirsiniz?

- Boş vaxtım olmur. Jurnalistlər zəng edirlər. Öz işlərim də var. Məhbusların anaları gündə on dəfə zəng vururlar. Onlara da vaxt ayırıram. Məhbuslar həbsxanadan zəng edirlər. Bütün gün telefondayıq. Təkcə mən yox, bizim İşçi Qrupun qızları da...

- Yəqin ki, bədii ədəbiyyat oxuyursunuz...

- Bəli, əlbəttə oxuyuram.

- Yerli və dünya ədəbiyyatından kimləri oxuyursunuz?

- Bizimkilərdən Rüstəm Behrudinin və Ramiz Rövşənin yaradıcılığını daha çox oxuyuram. Bu ikisi mənim sevimli şairlərimdir. Bəxtiyar Vahabzadənin şeirlərinə yenidən müraciət edirəm. Çox şeylər oxuyuram. Bilirsiniz, indi elə zamandır ki, adam istəyir ki, konseptik materiallardan qaçsın, ürək, hiss ədəbiyyatına müraciət eləsin. Tofiq Bayram da oxuduğum şairlər arasındadır. Daha çox şeirlər oxuyuram. Nəsr istiqamətindən isə daha çox, bolluca detektivlərə müraciət edirəm.

- Hansı detektiv yazıçıları oxuyursunuz?

- Çingiz Abdullayevi oxuyuram. Onun yazdıqları çox xoşuma gəlir. Xarici müəllifləri də çox oxuyuram. Amma Çingizin yazdıqları mənə daha yaxındır. Çünki Çingiz öz həyatımızdan danışır. Oxumağa qalsa, lap çox oxuyuram. Səhər, günorta, axşam... Zaman müddəti yoxdur. Bir də görürsən ki, on-on beş vərəq oxuyuram. Sizə bir söz də deyim, deməli, bizim İşçi Qrupda iki-üç nəfər mütəmadi mütaliə edənlərdir. Bunlardan biri Səidə Qocamanlıdır, digəri Dilarə Əfəndiyevadır. Bir balaca vaxtımız olan kimi onlarla telefonla şeir gecəsi təşkil edirik. Bir-birimizə telefonla şeirlər oxuyuruq.

- Həmin şeir gecələrində ən çox kimin şeirlərini oxuyursunuz?

- Sözün düzü, ən çox Tofiq Bayramın, Ramiz Rövşənin şeirlərinə müraciət edirik. Bəxtiyarın da şeirlərini feysbuka qoyuruq. Vaqif Bayatlı Odəri də çox sevirəm. Onun şeirləri başdan-ayağa fəlsəfədir. Çox adamın şeirlərini oxuyuruq. Həm də biz rusdilliyik. Ona görə həm də məşhur rus şairlərinə tez-tez müraciət edirik. Robert Rojdestvenski, Yevgeni Yevtuşenko, Andrey Voznesenski kimi müəllifləri də oxuyuram. Əvvəllər də bu müəllifləri çox oxuyurduq, indi də... Yəni indiki dövrə, zamana yaxın şeirlərinə yenə də müraciət edirik.

- Novella xanım, bizdən istedadsız, bizdən azsaylı olan xalqlar öz ölkələrinə Nobeli gətirdi. Amma bizimkilərdən kimsə “şeytanın qıçını sındırıb” “Nobel”i ölkəmizə gətirməyi bacarmadı. Sizcə, niyə?..

- Ümumiyyətlə, Azərbaycan xalqı çox istedadlıdır. Azərbaycan isə Qafqaz dövlətlərinin içərisində ən unikalıdır. Gürcülər və ermənilərdən fərqli olaraq Azərbaycan onların arasında ayrı və xüsusi yer tutur. Onların da özlərinin şairləri, rəssamları, hər şeyləri var. Azərbaycan isə incəsənətin bütün sahələrində xüsusi yer tutur. Həm musiqidə, həm heykəltəraşlıqda, həm də ədəbiyyatda... Bizim çoxşaxəli musiqimiz var, Üzeyir Hacıbəylidən Xan Şuşinskiyə qədər... Çox gözəl musiqi və ədəbiyyat xadimlərimiz olub. İndi də var. Qədim tarixi memarlıq abidələrimizi demirəm. İçərişəhərimiz, Şirvanşahlar Sarayımız... Bunlar heç bir Qafqaz dövlətində yoxdur. Siz mənə zəng vuranda televizorda Putinin keçmiş müşavirinin çıxışına baxırdım. 44 günlük müharibəmizi təhlil edir. Deyir ki, hamı bu müharibədə Azərbaycana Ərdoğanın köməyindən danışır. Söyləyir ki, bəli, Ərdoğan kömək edib, amma azərbaycanlıların bu savaşdakı rəşadətini də unutmaq olmaz. Qeyd olundu ki, Azərbaycanın özünün o qədər gücü vardı, Əliyev Putini pis vəziyyətdə qoydu, ona başqa çıxış yolu tanımadı.

- Bunu ruslar deyir?

- Bəli, ruslar... Birinci ordunu qurduq, güc topladıq. Sonra birləşdik və vaxtı gələndə döyüşüb qalib gəldik. Yəni biz çox unikal dövlətik. Orada qeyd olunur ki, Əliyev ölkəsinin ordusuna milyardlarla dollar pul xərclədi. Ordunu yenidən və modern səviyyədə qurdu. Doğru adamı – Ərdoğanı, Türkiyəni çağırdılar, yanlarında oldu, amma özləri döyüşdü. Yəni heç kimin birbaşa köməyi olmadan döyüşüb qalib gələn, Şuşanı azad edən dövlət kimi qiymətləndirirlər bizi... Biz bir olsaq, bir-birimizin əskiklərini tamamlasaq, son müharibədə olduğu kimi millətimiz birlik nümayiş etdirsə, xalq-ordu birliyi həmişə bu cür davam eləsə, vallah, bizim kimi millət yer üzündə olmaz. Bir millətin ki, anası, qadını, həyat yoldaşı öz uşaqlarını, ərini basdırmaq üçün tabutun altına girir, bu millət ən böyük mükafatlara layiq bir millətdir, nəinki “Nobel”ə... Mənim “ikili standart” sözündən xoşum gəlmir, amma başqaları həmişə bizim xalqı qısqanıb. Bu müharibədə bizim cəngavər ordumuzu, qəhrəman xalqımızı və Prezidentimizi daha çox qısqandılar. Kimin xoşuna gəlsə də, gəlməsə də mən bunu deyəcəyəm, bu gün İlham Əliyev bütün dünyaya göstərdi ki, ekstremal vəziyyətdə prezident nə cür olmalıdır. Millətin, ordunun nə cür olmasını bütün dünyaya göstərdik. Biz bütün “Nobel” mükafatlarına layiq bir millətik. “Nobel” mükafatı ilk olaraq bizə 1941-45-ci illərdə faşist Almaniyasına, Hitlerə qarşı aparılan müharibədə verilməli idi. Bütün təyyarələr, tanklar bizim neftimizlə işləyirdi. Ordunun, texnikanın neftini bizim millət, Bakı şəhəri verdi. İlk dəfə “Nobel” mükafatı bizə həmin vaxt verilməli idi. Heç Bakıya “Qəhrəman şəhər” adı da verilmədi. Yəni bizə qarşı qısqanclıq budur. Həmişə hamının gözü Azərbaycanda olub. Həmişə ölkəmizə qısqanclıqla yanaşıblar. Nizami Gəncəvi, Hüseyn Cavid də “Nobel”ə layiq şairlərdir. Verilə bilməz, verilə bilər?!! Ona görə verilmir ki, dünyada bizim dostlarımızdan çox düşmənlərimiz var. Ən birinci düşmənimiz isə torpaqlarımızı işğal edən qonşularımızdır. Onların lobbisi dünyanın hər yerində var. Hər yerdə də bizim əleyhimizə işləyirlər.

- Novella xanım, heç ermənilərlə dostluq etmisiniz?

- Bəli, əlbəttə, etmişəm. Həmişə bir yerdə yeyib-içmişik. Mən geologiya üzrə çalışmışam, bu sahədə hamı bir-biri ilə dostluq edir, bir yerdə işləyir. Onu da deyim ki, biz saray tarixçiləri olmuşuq. Tənbəllik eləmişik. Bizim bir erməni dostumuz vardı, Nikolay adlı, onun arvadı azərbaycanlı idi. Bir dəfə onunla söhbətimiz oldu. Həmin vaxt Naxçıvanda işləyirdik. Tez-tez İrəvana gedirdik. Bizim Geologiya İnstitutunda hamı bir-biri ilə dostluq edirdi. Bir gün Nikolay bizə dedi ki, bazar günüdür, gəlin İrəvana gedək. Yoldaşımla getdik. Ona dedim ki, Kolya, bizə Eçmiadzin monastrını göstər. Bir dəfə getmişdik, bu dəfə də onun aparmasını xahiş etdim. Eçmiadzinin həyətində mal dəriləri gördüm. Onları qurumağa qoymuşdular. Soruşdum ki, bu nədir, bu dana dərilərini neynirsiniz?! Nikolay cavab verdi ki, siz fil qulağında yatın, biz sizin tarixinizi bunlara yazırıq, sonra torpağa basdıracağıq. Min ildən sonra deyəcəyik ki, bu torpaqlar bizim olub.

- Zarafatla dedi, yoxsa ciddi idi?

- Ciddi dedi. Arvadı azərbaycanlı idi, bizimlə çox açıq danışırdı. Yəni onlar budur. Biz öz tariximizi ciddi araşdırmamışıq. Tədqiqatçılarımızın hamısı saray tarixçiləri olub. İndiyə qədər biz öz tariximizi yaxşı araşdırmamışıq; nə vaxtdan gəlirik, kimik, nəçiyik...

- Şuşanın azad edilməsi xəbərini eşidəndə hansı hissləri keçirdiniz?

- Ağladıq... Doğrudan da ağladıq. Hamımız bir-birimizə zəng vururduq, sevinirdik, kövrəlirdik. Şuşa haqqında da bir şey deyim, mənim həyat yoldaşım yəhudidir, o, Şuşaya vurğun bir insan idi. Şuşa işğal olunmamışdan əvvəl hər yay bizi – məni və oğlumu oraya aparırdı. İstəsək də, istəməsək də biz hər il 10 gün Şuşada qalmalı idik. Baxmayaraq ki, biz geoloq idik və bütün il boyu çöldə olurduq, çöldə yaşayırdıq. Şuşa işğal olunan gün evdə oturmuşduq. Çay içirdik. Eşitdik ki, Şuşa işğal olunub, hər yerə zəng vurduq, soruşduq, dedilər ki, Şuşa getməyib. Yoldaşım da əlində çay durmuşdu. Birdən televizorda dedilər ki, “Şuşa getdi...” Mən də, oğlum da həyat yoldaşımın yanında idik. Bu sözü eşidəndə yoldaşımın əlindəki çay töküldü, onun əməlli-başlı ürəyi getdi. Oğlum bilmədi nə etsin, o yana bu yana gedib-gəlirdi. Birdən qayıtdı ki, bu biqeyrətlər Şuşanı verdilər, yazıq yəhudi öldü. Yəni Şuşanın işğalı bizim ailəyə o qədər təsir etmişdi... Bizim ailədə Şuşaya o qədər məhəbbət var idi ki... Həm yoldaşımda, həm oğlumda, həm də məndə... Onu da deyim ki, Şuşanı sevməyi mənə həyat yoldaşım öyrətdi. Şuşaya məhəbbət mənə yoldaşımdan keçib.

- Gedəcəksinizmi Şuşaya?

- Sözsüz ki, gedəcəyəm.

- 44 günlük müharibədən sonra azad edilən ərazilərə getmisinizmi?

- Xeyr, getməmişəm, amma mütləq gedəcəyəm. Bir Şuşaya, bir də Kəlbəcərə mütləq gedəcəyəm. Çünki Kəlbəcərdə işləmişik. O zaman Kəlbəcərin qızılını biz kəşf eləmişdik. Ağdamda da işləmişik. İşğal olunmuş ərazilərdə vaxtilə xeyli iş aparmışıq. Zəngilanda, Vejnəlidə qızıl yataqlarını ilk dəfə bizim ekspedisiya açıb üzə çıxarıb.

- Təxminən neçənci illər idi?

- Təxminən 70-ci illərin sonu. 1978-80-ci illərin söhbətidir.

- İşçi Qrupun üzvü kimi indiyə qədər məhbuslardan saysız-hesabsız məktublar almısınız. Ən yaddaqalanı hansı olub?

- Vallah, yaddaqalanı olmayıb. Ən yaddaqalan cümlə “mən günahkar deyiləm, məni buraxsınlar”dır (gülür). Siyasi məhbusların hamısının məsələləri bəlli idi. Biz özümüz onları axtarıb-tapırdıq, işləyirdik. Bizə əsas məktublar adi insanlardan gəlir. Siyasi məhbuslardan ötrü qrant alıb onların hüquqlarını müdafiə edən həmkarlarımız olub. Amma biz dünyasında belə bir şey etməmişik. Heç birimiz – nə mən, nə Səidə, nə Səadət, nə Əvəz, nə Mirvari, nə də Arzu Abdullayeva... – İşçi Qrupun üzvləri, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Çingiz Qənizadə, İlqar Zeynalov... heç birimiz siyasi məhbusların hüquqlarının müdafiəsinə görə 1 manat da pul almamışıq. Nəyin bahasına olursa olsun, bu məsələnin Azərbaycandan getməsinə çalışmışıq. Siyasi motivlə həbs olunanlar azadlığa çıxsa, bəlkə də bizə beynəlxalq təşkilatlardan daha az daş dəyər. Bundan başqa, İşçi Qrupa minlərlə ərizə gəlib və biz bu illər ərzində minlərlə insanı həbsxanadan buraxdırmışıq. Onlar siyasi motivlərə görə həbs edilənlər deyildi, adi insanlar idi... O insanlar ki, doğrudan da onlar düzgün mühakimə edilməyib, onların işinə doğru-dürüst baxılmayıb... Onları da buraxdırmışıq. İşçi Qrupun işi yalnız siyasi məhbuslar məsələsi deyil ki... Ona görə də hüquq müdafiəçilərinə çamur atanlara demək istəyirəm ki, söhbət sadə məhbuslardan gedir, bir insanı həbsxanadan buraxdırıb ailəsinin yanına göndərənə kimi nə qədər insanlarla görüşürük, bu işlərin üzərində işləyirik, əziyyət çəkirik. Ona görə də hüquq müdafiəçilərinə çamur atmasınlar, onların qədrini bilsinlər.

- Çevrənizdə sizə ən yaxın insanların itkilərini necə qarşılayırsınız? Son illərdə sizə yaxın olan Hikmət Hacızadə, Vurğun Əyyub, Tofiq Qasımov kimi əqidədaşlarınız dünyasını dəyişdi...

- Hikmət Hacızadənin ölümü mənə çox pis təsir elədi. Onun dəfninə də gedə bilmədim. Çünki o zaman mən xəstə idim. Koronavirusa yoluxmuşdum. Onun nə dəfninə, nə də evinə gedə bildim. Bir az vəziyyət düzələn kimi gedib qəbrinə də, ailəsinə də baş çəkəcəyəm. Doğrudan da qorunuram. Çünki yaşım elə yaşdır ki... Deyirəm ki, öləndə də oğlumun yanında ölüm. Oğlum indi yanımda yoxdur. Ölüm haqdır. Öz-özümə deyirəm ki, gərək elə vaxt ölüm ki, heç olmazsa, oğlum yanıma gələ bilsin. Ona görə də özümü bir az qoruyuram. Mən Hikməti ən müqəddəs insanlardan biri sayırdım. Elçibəy də onu çox sevirdi. Yəqin ki, bu saat bir yerdədirlər. Elçibəy ən çox iki nəfərin haqqında yüksək fikirdə idi. Onlardan biri Nəcəf Nəcəfov, biri də Hikmət Hacızadə idi. Elçibəy deyirdi ki, bunlar o qədər təmiz və əxlaqlı insan idilər ki, bunlara 5 manat verib bazara göndərsəydin, gətirib 20 qəpiyi stolun üstünə qoyacaqdılar ki, bu da qalıq puldur. Bir də Tofiq Qasımov... O da çox təmiz insanlardan biri idi. Bu adamlar həm də ağıllı, zəkalı, hər şeyi başa düşən adamlar idi. Çox gözəl uşaqlarımız var idi. Sabit Bağırov var idi, indi də var, Allah canını sağ eləsin. Nə desələr də, deməsələr də analiz edəndə görürsən ki, ətrafımızda büllur kimi insanlar var idi. Biz çox təmiz insanlarla yol gəlmişik. Qədrlərini bilmədik. Sağ qalanların Allah canına dəyməsin, mən ölənlərdən danışıram. Çox adamın adını çəkə bilərəm. Allah ölənlərin hamısına rəhmət etsin. Nəcəf, Tofiq, Vurğun, Hikmət... Bunlar hamısı büllur kimi insanlar idi. (Publika.az)

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın