Dermatoloq Lalə Cahangirova: Dəri xəstəlikləri yoluxucu ola bilər - MÜSAHİBƏ

17, 04, 21
13:00

Dermatoloq Lalə Cahangirova: Dəri xəstəlikləri yoluxucu ola bilər - MÜSAHİBƏ



Dərimizin orqanizmi  xarici təsirlərdən qorumaqdan əlavə funksiyaları da var 

Dəri bədənin su ehtiyatı tarazlığını təmin edir. Dərimizin üst qatı yağ toxumaları sayəsində su keçirtmir. Yəni bədənimizə xaricdən suyun daxil olmasının qarşısını alır. Bu maneənin köməyi ilə bədənimizin su balansı qorunur.

Dərimiz özü-özünü yeniləyir. Köhnə dəri qabıq formasında bədənimizdən xaric olunur. Bu yenilənmə üst dəri qatımızın altındakı dəri hüceyrələrinin çoxalması ilə baş verir.

Dərimiz bir çox zərərli şüalardan bədənimizi qoruyur. Dərimizin rəngi günəşdən gələn ultrabənövşəyi şüaları uzaqlaşdırır. İnsan dərisi dayanıqlı bir quruluşa malikdir. Dərimizin tərkibində keratin maddəsi var. Zahirən yumşaq görünən dərimizdəki bu keratin onu mənfi təsirlərdən qoruyur.

Dəri bədən temperaturunu normada saxlayır. Bunun nəticəsində orqanizmimiz isti və soyuq havalardan daha az təsirlənir. Tərləmə nəticəsində dəri hüceyrələrinə yığılan qan bədənin sərinlənməsinə səbəb olur.

Dərimizdə yaranan problemlər adətən bizi estetik cəhətdən narahat edir. Həkimə getməyimizin ilk səbəblərindən biri də dərimizdə gözlə görə bildiyimiz problemlərin yaranmasıdır. Lakin əslində dərimizdə yaranan problemlər estetikdən  daha ciddi xəstəliklərə  işarətdir. Dəridə təsiri görülən bir çox xəstəliklər vardır və bunların bəziləri dırnaq, tər, yağ toxumalarına da təsir edir. Dəri xəstəliklərinin əlamətləri fərqli olsalar da bəzi ortaq cəhətləri var. Dəri problemlərinin görünüşünü  rəngi, toxuması və problemli hissənin istilik dərəcəsi dəyişir. Problemlər özünü  dəridə qara nöqtələrin, kiçik şişkinliklərin yaranması, dərinin qabıq verməsi, qaşınma, ağrı, yanma hissləri ilə büruzə verə bilər.

Dəri problemləri haqqında məlumat almaq üçün dermatoloq Lalə Cahangirovaya bir neçə sualla müraciət etdik

- Dəri xəstəliklərinin yaranma səbəbləri nələrdir?

-Dəridə əmələ gələn hər bir səpgi dəri xəstəliklərinə işarətdir. Ümumiyyətlə,  bu xəstəliklərə dermotoz adı verilir. Dəri xəstəliklərini bir neçə hissəyə ayırmaq olur. Fiziki səbəblərdirsə bu,  dermatitlər, ekzema, allergiya, ya da irritativ dediyimiz qıcıqlanmaya bağlı xəstəliklər ola bilər.  Mikroorqanizmlərin səbəb olduğu  xəstəliklər piadermia qrupuna aiddir. Genetik səbəblərin yaratdığı xəstəliklər, otoimmun xəstəlikləri bunlar hamısı dəridə əmələ gələn xəstəliklərdir.

Bəzi insanlar dəri xəstəliklərinə meyilli olur. Bu meyillilik genetik olaraq keçir. Məsələn, vitiliqo, pullu dəmirov, atapiya  bunlar otoimmun xəstəliklərdir və genetik olaraq keçir. Yəni  ailənin bir neçə üzvündə eyni anda görülə bilər. Elə xəstəliklər də var ki, yaşla əlaqəli, fiziki dəyişikliklər səbəbindən meydana çıxır. Məsələn, yeniyetmə yaşında sızanaqlar, saçtökülmələr, dəridə yağlanma. Bunlar hormonal dəyişikliklərlə əlaqədardır. Yəni bədənimizdə müşahidə olunan hormonların dəyişməsi ilə  orataya çıxan xəstəliklərdir. Estasional dermatozlar dediyimiz xəstəliklər sırf hamiləlik dönəmində ortaya çıxan xəstəliklərdir. Qadın övladını dünyaya gətirdikdən sonra bu xəstəlik də yox olur.  Bəzi dəri xəstəliklərinə isə artıq çəki, tərləmə, sürtünmə, geyimdə düzgün materiallardan istifadə olunmaması, çox dar, elastik, hava keçirməyən parçalardan istifadə olunması da səbəb ola bilər.

- Bu xəstəliklər necə müalicə olunur?

- Əgər dəri xəstəliyi orqanizmdəki digər bir xəstəliklə əlaqədardırsa mütləq o xəstəlik araşdırılmalı və müalicə ona görə aparılmalıdır. Yəni ilk növbədə dəri xəstəliyini yaradan problem aradan götürülür. Orqanizmdəki digər xəstəliklər mədə-bağırsaq problemləri, endokrinoloji, ginekoloji problemlər ilə əlaqədar ola bilər. Dəridəki xəstəliyin müalicəsi üçün  bu problemlər aradan qalxmalıdır. Allergik xəstəlikdirsə xəstəyə allergiya verən səbəblərdən uzaq durması məsləhət görülür, allergiyanı azaldacaq dərmanlar yazılır,  infeksion xəstəlikdirsə antibiotik müalicəsi tətbiq olunur ki, bu infeksiyanın qarşısı alınsın. Əgər dəridə yağlılıq fiziolojik səbəblərdən yaranırsa yağlanma ortadan götürülür, quruluqdan əmələ gəlibsə nəmləndiricilərdən istifadə olunur. Əsas səbəbi müəyyən edib onu müalicə edirik, sonra isə həmin bu səbəbin dəridə törətdiyi problemləri bərpa etmək üçün müalicələr tətbiq edirik.

- Dəri xəstəlikləri yoluxucu ola bilərmi?

-Bəli, dəri xəstəlikləri yoluxucu ola bilər. Lakin dəri xəstəliklərinin hamısı yoluxucu deyil. Xəstələr çox vaxt xəstəxanalarda ətrafa toxunmaqdan çəkinirlər ki, dəri xəstəliklərinə yoluxa bilər. Yoluxucu xəstəliklər barmaqla sayılacaq qədər azdır. Bunlar qotur, virus mənşəli  xəstəliklər, su çiçəyi, əl-ayaq, ağız sindromu xəstəlikləridir. Təmasla keçən xəstəliklərsə ziyillər, piadermialar, bakterial xəstəliklərdir.

- Bu cür xəstəliklərdən qorunmaq üçün nələri etməliyik?

-İlk olaraq hər bir insan öz dərisini tanımalıdır. Özü-özünü müalicə etməməlidir. Yəni hər məhsuldan istifadə etməməlidir. Apteklərdən bu haqda məsləhət almamalıdır. Çünki dəri xəstəliklərinin çoxunun simptomları bir-birinə bənzədiyi üçün bu xəstəlikləri sadəcə mütəxəssislər ayırd edə bilər. Hər xəstəliyin də özünəməxsus müalicə metodları vardır. Bu səbəbdən də birincisi, özbaşına müalicə etməmək, mütləq mütəxəssisə müraciət etmək lazımdır, ikincisi dəri nəfəs almalıdır, dərinin nəfəs almasına mane olmayacaq paltarlar geyinilməlidir. Sintetik materiallı geyimlər istifadə olunmamalıdır. Gigiyenaya çox diqqət etmək lazımdır. Dəri qurudursa nəmləndiricilərdən istifadə edilməlidir. Yay aylarında günəşdən qoruyucu kremlərdən istifadə olunmalıdır.

Azerbaycanrealigi.com


Bizimlə əlaqə saxlayın