Ermənilərin böyük kabusu : “Bundan qorxuyla danışırlar” - Müsahibə

02, 04, 21
10:00

Ermənilərin böyük kabusu : “Bundan qorxuyla danışırlar” - Müsahibə


“Bölgədə Pakistan-Türkiyə-Azərbaycan, eləcə də Azərbaycan-İsrail birliyinə qarşı Rusiya, Ermənistan və müəyyən mənada İranın birgə hərəkət etdiyini görürük. Türkiyə və Pakistanın Azərbaycana verdiyi mənəvi dəstək üçüncü tərəflərin Ermənistanın yanında yer almasına mane oldu. Müharibədə birbaşa iştirak etməkdən çəkindilər”.

Azerbaycanralligi.com Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədovun müsahibəsini təqdim edir:

- Türk Şurası liderlər zirvəsi türk birliyi məsələsini yenidən gündəmə gətirdi. Bura qədər də İkinci Qarabağ Müharibəsindən sonra Rusiya mediasında ekspertlər səviyyəsində Böyük Turan ideyası ətrafında maraqlı müzakirələr gedirdi. Sizcə, belə bir müzakirənin açılmasının tutarlı əsasları varmı?

- Rusiya və Ermənistan mediasında zaman-zaman bu məsələ gündəmə gətirilir, bu ideyaya qısqanclıqla yanaşırlar. Böyük Turan ideyasının uğurla nəticələnməməsinin səbəblərindən biri vaxtilə xristian dünyasının ayrı-ayrı türk dövlətlərinə qarşı apardıqları məkrli siyasətlə bağlıdır. Biz tarixdə də xristianların türk imperiyaları və ya dövlətlərinin bir-birinə qarşı vuruşdurduqlarının şahidi olmuşuq. Son döyüşlərdən biri Səfəvi-Azərbaycan və Osmanlı imperiyaları arasında baş verib. Bu kimi nümunələr çoxdur. Digər yandan, böyük türk coğrafiyası yaxınlığında yerləşən bölgələrdə qondarma dövlətlərin meydana gəlməsi ideyası da var idi. Biz həmin dövlətlərdən birinin Ermənistan olduğunu bilirik. Prezident də liderlər zirvəsindəki çıxışı zamanı bildirdi ki, Zəngəzuru Ermənistana verməklə türk dünyasındakı əlaqələr qoparıldı.

Hətta biz Rusiya dövləti haqda da deyə bilərik ki, Rusiyanın rus-türk simbiozu altında meydana çıxmasından sonra Avropa artıq türk coğrafiyası ilə yox, rusların dövləti ilə sərhədləşdi. Bu o deməkdir ki, hələ əsrlər əvvəl bölgədə müxtəlif dövlətlər qurmaqla türk faktoruna qarşı mübarizə başlanılıb. 44 günlük Vətən Müharibəsindən sonra Zəngəzur dəhlizinin açılması ehtimalı Böyük Turan ideyasının ortaya çıxmasına səbəb oldu.

Erməni və rusiyalı ekspertlər bu məsələni qorxuyla müzakirə edirlər. Amma bu, şişirdilmiş məsələdir. Söhbət türk dövlətləri arasında iqtisadi və mədəni əlaqələrin gücləndirilməsindən gedir. Həmin ölkələrin vahid dövlətdə birləşməsindən söhbət getmir.

Eyni zamanda, son illərdə türk dövlətləri arasında əlaqələrin güclənməsinin şahidi oluruq. Ötən il Türkiy-Azərbaycan, Türkiyə-Qazaxıstan, Türkiyə-Özbəkistan və Türkiyə-Qırğızıstan münasibətlərində ciddi hərbi əlaqələr özünü göstərdi. İlk dəfə olaraq, Türkiyə və Özbəkistan hərbi qüvvələrinin birgə təlimlərinin şahidi olduq. Eyni zamanda, Özbəkistan və Qazaxıstanın Türkiyə ilə hərbi sənayedə əməkdaşlıq haqda sənəd imzalaması da, tarixi ilk idi. Bu onu göstərir ki, Ərdoğanın rəhbərliyi altında hərbi, iqtisadi və siyasi olaraq güclənən Türkiyə Xəzər dənizi vasitəsilə ilə Mərkəzi Asiyaya çıxmaq istəyir. Əlbəttə, bütün bu gəlişmələr üçüncü tərəfə yönəlməyib. Əksinə, bu, bölgənin mədəni və iqtisadi cəhətdən inkişafına yön verən prosesdir ki, qonşu qeyri-türk dövlətləri də bundan yararlana bilərlər.

- Zəngəzur dəhlizi məsələsinə diqqət çəkdiniz. Ermənistan bu dəhlizin açılmasında maraqlı kimi görünmür. Sizcə, Ermənistanın etirazı buna mane ola bilərmi, yoxsa bu, İrəvanın etirazının nəzərə alınmadığı nəhəng bir geosiyasi layihədir?

- Əslində, Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistanın mövcud siyasi rəhbərliyi Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Paşinyanın son çıxışı da o ehtimalı yaradır ki, Ermənistanın Azərbaycan üzərindən Rusiya və İrana çıxış əldə etməsi, əsas məqsədlərindən biridir. Paşinyanın bu dəhliz vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqənin təmin edilməsində, o cümlədən, Türkiyənin Azərbaycan və Mərkəzi Asiyaya çıxış yolunun açılmasına heç bir narazılığı yoxdur. Əksinə, bundan sonra Ermənistanın inkişafından söhbət gedir. Amma Ermənistanın xalq tərəfindən dəstəklənməyən bir qrup müxalifətçisi buna etiraz edir. Həmin qrupun nümayəndələri öz qaniçənliyi və türkfobiyası ilə seçilirlər. Eyni zamanda, Rusiya və ABŞ-dakı erməni diasporu da Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin açılmasına qarşı çıxırlar. Onlar “Azərbaycan və Türkiyə ortada qalacaq Ermənistanı tarix səhnəsindən siləcəklər” kimi absurd iddialarla çıxış edirlər.

Hər halda nəqliyyat və kommunikasiyaların blokadadan çıxarılması, bölgədə sülhə xidmət edən amil olacaq. Yaxşı olardı ki, Ermənistan bu haqda düşünsün və revanşist meyllərindən əl çəksin.

- Bəs son aylarda Türkiyə, Pakistan və Azərbaycan arasında sıxlaşan görüşləri, qarşılıq səfərləri nə ilə əlaqələndirmək olar, bu yöndə hansı gəlişmələrin şahidi ola bilərik?

- Bölgədə Pakistan-Türkiyə-Azərbaycan, eləcə də Azərbaycan-İsrail birliyinə qarşı Rusiya, Ermənistan və müəyyən mənada İranın birgə hərəkət etdiyini görürük. Türkiyə və Pakistanın Azərbaycana verdiyi mənəvi dəstək üçüncü tərəflərin Ermənistanın yanında yer almasına mane oldu. Müharibədə birbaşa iştirak etməkdən çəkindilər. Prezident də liderlər zirvəsindəki çıxışında həmin məsələyə toxunaraq qeyd etdi ki, Türkiyə olmasaydı, üçüncü dövlətlər müharibədə iştirak edə bilərdi. Bu olduqca ciddi məqamdır, Türkiyənin güc və nüfuzundan xəbər verir.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramından sona Şuşaya gələcəyini açıqlayıb. Türkiyə liderinin bu səfəri geosiyasi və Azərbaycanın milli maraqları baxımından nə kimi önəmlidir?

- İlk növbədə, Türkiyə liderinin bu səfəri ermənilərə psixoloji və mənəvi cəhətdən ciddi təzyiq olacaq. Şübhəsiz ki, Azərbaycan və Türkiyə liderlərinin buradakı çıxışları Şuşanın ayaqları altında olan Xankəndi və digər ərazilərdəki revanşistlər və separatçılara öz təsiri göstərəcək. Əslində, bu səfərdə qeyri-adi bir şey yoxdur. Şuşa Azərbaycanın qədim şəhəridir, bu bölgəyə səfər də dostlarımızın ən təbii haqqıdır.

Ümumiyyətlə, biz Qarabağ məsələsində Türkiyə amilinin bir sıra dövlətlər tərəfindən süni şəkildə qabardılmasının şahidiyik. Onlar bu amili şişirtməklə Azərbaycan hakimiyyətinə də təzyiq etməyə çalışırlar. Lakin fakt faktlığında qalır ki, bu gün Türkiyə amili ilə barışmaq lazımdır. Türkiyə digər qonşu dövlətlərdən fərqli olaraq, bölgədə sabitləşdirici və barışdırıcı mövqedən çıxış edir. Türkiyənin atdığı addımlar beynəlxalq hüququn dəstəklənməsinə yönəlib. (Teleqraf)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın