Həbsdə olan siyasi məhbusun anası: "Oğlumun toyunu və nəvə görmək istəyirəm"

26, 06, 18
15:33

Həbsdə olan siyasi məhbusun anası: "Oğlumun toyunu və nəvə görmək istəyirəm"

Azərbaycan Həmkarlar İttfaqları Konfederasiyasının indiki sədri Səttar Mehbaliyevin əmisi nəvəsi 11 ildən artıqdır ki, siyasi məhbus həyatı yaşayır.

Həbsxana elə yerdir ki, oradan yalnız azad olunduqdan sonra sevinirsən. Dustaq üçün bundan ən sevindirici hal nə ola bilər ki. Təsəvvür edin ki, məhkəmənin azadolunma qərarı veriləndə və yaxud da cinayət işini aparan müstəntiq "azad olunursan" deyəndə, hər hansı əfv-amnistiya fərmanı imzalananda təcridxanada dustağı çagırıb "hazırlaş, azad olacaqsan" sözlərini eşidəndə dustaq sevincindən özünü sanki anadan təzə doğulmuş kimi hiss edir, yeni həyat eşqi və yeni nəfəs arzusu onu göylərin yeddinci qatına aparır.  

Azerbaycanrealligi.com saytının bugünkü müsahibi siyasi məhbus anası İradə Kərimovadır. İradə xanımın 61 yaşı var, oğlu 11 ildən artıqdır ki, həbsdədir. Eldar Mahmudov MTN-yə nazir vəzifəsinə yenicə təyin olunan zaman özünü prezidentə tanıtdırmaq üçün guya ölkədə vətənə xəyanət edən, hakimiyyəti zorla ələ keçirən dini irqçiliyi yayan, dövriyyəyə saxta pul buraxan, silah-sursat saxlayan dəstə ifşa etdi. Onlar “Səid Dadaşbəyli və onun dəstəsi” adlandırılan cinayət işində ittiham olunan 15 məsum gənc idi. Bu şəxslərə 2007-ci ildə cinayət məcəlləsinin müxtəlif maddələri ilə ağır ittihamlar irəli sürüldü və ən ağır cəzalar kəsildi. Hərəsi bir cür qanunsuz formada tutulan bu gənclər bugünə kimi də haqsız olaraq həbsdə saxlanılırlar. Halbuki, yerli və beynəlxalq təşkilatlar onların həbsi üçün irəli sürülmüş ittihamları qondarma saydıqlarını bəyan etmişlər. 

Zaman keçdikcə bu günahsız insanlar və onların ailələri ictimaiyyət tərəfindən unudulmağa başlandı. Adı çəkilən qondarma cinayət işi ilə bağlanmış talelərə həssas yanaşmaq hər birimizin Vətən qarşısında ali borcumuzdur, çünki vətəndaşı günahsız və haqsız yerə tutulan cəmiyyətin hər bir üzvü bu cür haqsızlıqdan sığortalanmayıb. Reallıq göstərir ki, bu, gözləmədiyimiz halda hər birimizin başına gələ bilər. Biz müstəqil media orqanı olaraq bu sahədə apardığımız araşdırma əsasında həmin günahsız ittiham olunanlardan birinin valideyni ilə görüşdük. O, siyasi məhbus Rasim Kərimovun anası İradə xanım Kərimovadır. Rasim həbs olunanda onun cəmi 25 yaşı var idi. Bu gün isə 37 yaşı tamam oldu. Rasimin anası İradə xanımla Rasim barəsində olan söhbətimizi təqdim edirik.

 İradə xanım, oğlunuzun doğum günüdür. Bu, onun neçənci doğum günüdür ki, həbsdə qeyd edilir?

 Bəli, bu gün Hacı Rasimin doğum günüdür. Oğlum bu il 12-ci doğum gününü zindanda keçirdir.

Oğlunuzun həbs olunmasına səbəb nə idi? Mümkünsə, bu barədə geniş açıqlama və səmimi cavab verərdiniz. 

Açıq desəm, bu 12 ildə o, niyə həbsdədir, mən heç özüm də bilmirəm. 2007-ci ildə onun tanışları həbs ediləndə Rasim Həcc ziyarətində idi. Həcc ziyarətindən dönən Rasimin başına təyyarədən enən zaman torba keçirdib həbs etdilər. Bu əməliyyat keçmiş MTN naziri Eldar Mahmudovun göstərişi ilə icra edilmişdi. Rasimi 18 yanvarda aparmaqlarına baxmayaraq, 20 yanvarda şübhəli şəxs hesab edilməsinə, 22 yanvarda isə tutulmasına qərar verdilər. Halbuki, oğlumu 2 gün müddətində oğurlamışdılar. Biz onun həbs olunması barəsində məlumatla mətbuat vasitəsilə tanış olmuşuq, 19 yanvar tarixində Yeni Musavat qəzetindəki yazıdan xəbər tutmuşuq. Biz valideynləri olaraq məsələ barəsində məlumatlandırılmadan aparılan oğlumuzun həbsini oğurlanaraq icra edilmiş həbs kimi dəyərləndiririk Aparılmış 11 aylıq istintaqdan sonra Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun başçılığı ilə aparılan 4 aylıq qapalı məhkəmənin qərarı nəticəsində "Səid Dadaşbəyli və onun dəstəsi" adı altında 15 gənc həbs olundu. Bunlardan: 5 nəfəri saxta pul və soyğunçuluqla 3-9 ilə qədər, 10 nəfəri isə Cinayət Məcəlləsinin 278 və 274-cü maddələrinin əsas tutulması ilə 12-14 il müddətində azadlıqdan məhrum edildilər. Hökmü əlimizə alanda məlum oldu ki, bu gəncləri dövlət çevrilişi və vətənə xəyanətdə günahlandırırlar, onları həm sünni, həm vəhabi, həm xristian, həm də masson kimi qələmə verirdilər. 360 səhifəlik hökmdə göstərilir ki, eləmək istədikləri cinayəti yatıb yuxuya qaldıqları üçün edə bilməyiblər. Uşaq evlərinə yardım aparıblar, amma çek almayıblar. DIN nəzdindəki Atıcılıq Kompleksinə gediblər. Cinayət Məcəlləsinin 278-ci maddəsi “Hakimiyyəti ələ alma və konstitusiyanı zorla dəyişmə” cinayətini əks etdirir, həmin 15 gənc guya bu cinayəti törədiblər. Həmin ittihamda göstərilir ki, bu cinayəti torədənlər mitinqlər və nümayişlər keçirənlər, icra hakimiyyətinin işinə maneə törədənlər, maşın yollarını bağlayanlar cəzalandırılırlar. Amma hamı bilir ki, 2007-ci ildə bu cür hadisələr baş verməyib və Səid Dadaşbəyli adında lider olmayıb. Bəs nə üçün bizim günahsız övladlarımız bu 12 ildə zindanlarda cürüyürlər. Eldar Mahmudov 3 il bundan qabaq hakimiyyət çevrilişində ifşa olunsa da, o, azadlıqdadır, bizim günahsız övladlarımız isə həbsdədirlər. Bu haqsızlığın qəlbimizdə yaratdığı ağrımız o həddə çatdırılıb ki, arzu edirəm Allah bu zülmü götürməsin. Gec-tez hər kəs öz layiq olduğu cəzasını almalıdır, inşallah!

Bildirdiyiniz şəxsin işgəncə zamanı dünyasını dəyişməsi barəsində məlumatın dəqiqliyinə əminsinizmi? Maraqlıdır, bu məsələ ilə bağlı hər hansı bir adiyyatı orqana müraciət etmisinizmi? 

Həmin gəncin adı Emin Məmmədov idi. O zaman MTN naziri Eldar Mahmudov onun valideynlərini hədələmişdi, onlar qorxudulmuşdular, buna görə də səslərini yüksəltmədilər. Amma sonradan bəzi hüquq müdafiəciləri bu işlə maraqlanmağa başladılar və öz hesabatlarında bu hadisənin baş verdiyini göstədilər, yəni onunla bağlı faktları qeydiyyata aldılar. Bir də, bizim bu işlə bağlı müraciət etmədiyimiz, döymədiyimiz qapı qalmayıb. Hər dəfə də cavab veriblər ki, bu məhkəmədə öz təsdiqini tapıb. Qeyd edim ki, Azərbaycanda bütün məhkəmələrdə bu işə baxılıb. Hal-hazırda isə, 11 ilə yaxındır ki, “Səid Dadaşbəyli və onun dəstəsi” işi Avropa məhkəməsindədir. Ordan da, hələ ki, cavab verilməyib. 

Yerli və beynəlxalq təşkilatlar sizin oğlunuz Rasim Kərimovu siyasi məhbus kimi tanıyıbmı?
 
 Tək mənim oğlumu deyil, "Səid Dadaşbəyli və onun dəstəsı" işində adı keçən 10 nəfər: Səid Dadaşbəyli, Mikayıl İdrisov, Cahangir Kərimov, Ferid Ağayev, Samir Qocayev, Emil Mehbalıyev (Səttar Mehbalıyevin qohumu), Rəşad Əliyev, Cahangir Kərimov, Bəybala Quliyev, Ceyhun Əliyev, oğlum Rasim Kərimov yerli ve beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi qəbul ediliblər.

 Səttar Mehbalıyev dedikdə, Azərbaycan Həmkarlar İttfaqları Konfederasiyasının indiki sədrini nəzərdə tutursuz? 

Bəli

“Səid Dadaşbəyli və onun dəstəsi” işinə görə həbs olunan Emil Mehbalıyevin Səttar Mehbalıyevə nə cür qohumluq əlaqəsi var? 

Səttar Mehbalıyev Emil Mehbalıyevin doğma əmisi nəvəsidir. Yəni Səttar Mehbalıyev Emilin atası ilə əmioğludurlar.

 Emil Mehbalıyev də hal-hazırda həbsdədir? 

Bəli, Emil Mehbalıyev də hal-hazırda həbsdədir, 15 saylı cəzacəkmə müəssisəsində günahsız olaraq cəza çəkir.

Neçə il həbs cəzası verilib Emil Mehbalıyevə? 

 12 il. Onun cıxmasına 6 ay qalıb.

Bəs sizin oğlunuz Hacı Rasimin? 

1il 6ay 
Oğlunuz həbsdən azad olunduqdan sonra bir ana olaraq ilk olaraq nə tövsiyə edəcəksiniz? Həmçinin, deyilənə görə, Rasim subaydır. Yəni onun uğuru üçün ilk addımınız nə olacaq? 

Inşallah, azad olunan kimi onu evləndirmək və nəvə görmək istəyirəm! Arzum budur ki, Allah bunu mənə qismət etsin! Çünki həbsdə olan bəzi məhbusların ata-anası bu ağır dərdə dözə bilməyib dunyalarını dəyişdilər, övladlarından nigaran getdilər. Nəyin bahasına olursa-olsun, haqsız yerə günahlanmış və ədalətsiz cəzalanmış övladımın həyatını yoluna qoymağı düşünürəm. 

Sonda oğlunuz Rasimlə bağlı ölkə başçısına və digər məmurlara adiyyatı orqanların işindən nə sözünüz var? 

 Ölkə başçısına dəfələrlə əfvlə bağlı müraciətlər etsək də, hər dəfə bizə rədd cavabı gəlmişdir və bu maddələr əfvə düşmür deyirlər. Artıq bu günahsız gənclər azad olunmalıdırlar. Axı onların çoxu ali savadlı və bir neçə dil bilən, cəmiyyətə gərəkli gənclərdir. 

Allah tezliklə oğlunuz Rasimin və bu haqsız açılmış cinayət işində adları çəkilən gənclərin qapsını açsın. İnanırıq ki, bu müsahibəmiz düşərli olacaq, tezliklə günahsız məhbuslar azad həyata qovuşacalar. Çox sağ olun, İradə xanim, sizinlə müsahibə xoş oldu. 

Sizə də təşəkkürlər olsun ki, bizləri unutmursunuz, hər zaman yada salaraq bizlərə mənəvi dayaq olursunuz. Çox sağ olun ki, qizil kimi vaxtini mənə sərf etdiniz.

Azerbaycanrealligi.com

















Bizimlə əlaqə saxlayın