Karantin dövründə kişilərdə qadınlaşma baş verəcək? - Psixoloqla MÜSAHİBƏ

04, 07, 20
11:56

Karantin dövründə kişilərdə qadınlaşma baş verəcək? - Psixoloqla MÜSAHİBƏ


Karantin müddəti bitdikdən sonra insanlarda özünə qapanıqlıq yaranacaq, ətraf mühitdən təcrid olunacaqlar...
 
Karantin müddətində evdə qalmaq bəziləri üçün əla fürsət olsa da, böyük əksəriyyət mövcud rejimdən gileylənir. Yəni bu qrafikə alışmayan insanlarda psixoloji gərginliklər yaranır, əvvəlki həyata qayıtmaq istəyirlər.

Belə olduğu təqdirdə də mövcud vəziyyətlə əlaqədar müxtəlif suallar yaranır: Evdə çox zaman keçirmək hamıya pis təsir edəcəkmi? Çıxış yolu nədir?
 
Azerbaycanrealligi.com xəbər verir ki, Bu və başqa sualları Modern.az-a açıqlamasında psixoloq Aytən Ələkbərova cavalayıb.

-Aytən xanım evdə qaldığımız zamanlarda niyə gərgin oluruq? Gündəlik rejimi necə qurmalıyıq?

-İstəmirəm hamının dediyi kim, şablon sözlər deyim “Evdə qalın, valideynlərinizlə, övladınızla vaxt keçirin”. Təbii ki, bunlar lazımdır. Amma bütün işləri planlı şəkildə görmək lazımdır. Yəni danılmaz bir faktdır ki, valideynlər işləyir və atalar övladlarına daha az zaman ayırır. Axşam saatlarında evə qayıdan ata çox vaxt övladını yatmış vəziyyətdə görür, uşağını kəşf edə bilmir. Karantin müddətində isə bu kəşfetməni artıra biləcək vasitələr var. Məsələn, uşağı aparıb hazırlığa qoysaq bu uşağın ruhi durumunu normallaşdıra bilməyəcək, yenə də hiperaktivlik qalacaq. Amma əyani vəsaitlər, riyazi üsullar uşaqların içərisində olan aktivliyi üzə çıxaracaq. Yəni pazllar, kubiklərin qurulması kimi bu cür oyunlar ata ilə övlad arasında bağ yaradacaq. Ata bu zaman tənqidi yaxud da təhqiri formada olmayan tövsiyələri ilə uşağı ilə daha dərin münasibət qura bilir.

Karantin müddətində çətinlik ilkin şəxsiyyət dövründə olan uşaqlarda və gününün çoxunu çöldə keçirən, xaotik insanlarda olacaq. Bu zamanlarda artıq o insanlar metobalizm turşularını özləri aşağı səviyyəyə salırlar. Ələlxüsus metobalizmin yeniyetmələrdə zəifləməsi onların yuxu sisteminin pozulmasına, emosional sferanın genişlənməsinə gətirib çıxarır. Bu zaman onlar gec yatır  və gec oyanırlar. İndi siz düşünün ki, bu durum bütün insanlara təsir edir. Yuxunun pozulması isə qida rejiminin pozulmasına gətirib çıxarır ki, bu da öz növbəsində mədə ağrıları, mədə bulantıları yaradır. Bundan başqa mədə problemləri və bağırsaq pozuntusu birbaşa mərkəzi sinir sisteminə təsir edir, qıcıqlar yaradır. Yaranan qıcıqlar nəticəsində psixo-nevro tiplər önə çıxmağa başlayır: ayaqlar əsir, qaşlar dartılır, danışarkən gözlər bərəlir və s. Bütün bunlar isə psixi pozuntuların yaranmasına gətirib çıxaracaq.

-İndi sosial şəbəkələrdə hara baxsaq görürük ki, kişilər mətbəxə keçib yemək bişirir. Maraqlıdır, karantin rejimi kişilərdə qadınlara məxsus xüsusiyyətlər yarada bilər?

-Əslinə Avropa, yaxud da elə Şərq ailə modellərinə baxanda görürük ki, cütlüklər evdə bir-birləri evdə çox gözəl vaxt keçirir, yemək hazırlayırlar. Bir danılmaz fakt da var ki, yaxşı qurmanların çoxu kişilərdən olur. Ən gözəl kababçılar, aşbazlar kişilərdir. Ailəyə kömək etmək o demək deyil ki, kişilik simvolu aşağı düşəcək. Əksinə ailəyə sevgi və birlikdən gözəl şey yoxdur. Düşdüyümüz durumda həm qadınlar həm də kişilər özlərini situasiyaya uyğunlaşdırmağı bacarmalıdırlar. Sizə bir eskperiment danışım.

Bir gün bir bəy mənim yanıma gəlib dedi ki, axşam işdən evə gələndə yoldaşım deyir ki, yorulmuşam. Axı o evin içərisində nə edir ki, yorulur? Mən də dedim ki, sizin günlük qrafikiniz necədir? Başladı saymağa ki, yerimdən çətinliklə qalxıram, həyat yoldaşım səhər yeməyi hazırlayır, sonra günorta işdən evə gəlirəm, yenə nahar edirəm, axşam da eyni cür. Kişi özündən danışarkən fərq etdi ki, ancaq həyat yoldaşının adını çəkir. Sonradan avtomatik olaraq dərk etdi ki, əslində qadının günlük məsuliyyəti, iş yükü necədir. Yəni kişilərin evdə qalması həm də qadınların halından anlaması ilə nəticələnəcək.

-Dünya statikstikasına baxanda görürük ki, karantin rejimi ilə əlaqədar cütlüklər evdə yola getmir və bu da boşanmaya gətirib çıxarır. Bu kimi halların qarşısını almaq üçün ailələrimizə nə məsləhət görərdiniz?

-Cütlüklərin ailə qurmamışdan əvvəl “Sən filankəslə evlən, o sənə uyğundur” kimi məsləhətlər alması indiki zamanda öz fəsadlarını göstərir. İnsanların bir-birini tanıyıb pis və yaxşı xüsusiyyətlərini öyrənməsi mütləqdir. Bu dəqiqə sevgilər heyvani hislərin üzərində qurulub. Bu hislər də insanlarda evlənəndən, yəni bir-birinə çatdıqdan sonra  ailə bağları pozulmağı başlayır. Yəni ailə məktəbi, ailə tərbiyəsi deyilən bir faktoru ikilikdə yarada bilmirlər. Baxırsan ki, iki-üç il qız-oğlan bir yerdə olur, sevgi hissi yaranır və düşünürlər ki, qarşılarındakı adam onlar üçün idealdır. Amma artıq cütlüklər vüsala çatandan sonra onların arasında problem yaranır və bu da ayrılığa gətirib çıxarır. Yəni ailə heyvani hislərin üzərində yox, məntiqin üzərində qurulmalıdır. Onu da deyim ki, nsanlar artıq vaxt gələcək ki, koronavirusa sağol deyəcək ki, öpüşmələrin sayı azaldı. Çünki dərinin dəriyə ötürdüyü mikrob və virusları insanlar normalda heç yerdən ala bilməz.
 
-Maraqlıdır, ümumiyyətlə bu müddət ərzində sizə müraciət edənlərin sayında artım olub? Fərqi yoxdur, cütlüklər olsun, ya da subay şəxslər.

-Karantin müddətində mənə müraciət edənlərin sayı həddindən artıq çoxalıb. Canlı qəbul edə bilməsəm də insanlarla onlayn həmsöhbət oluram. Düzdür, bu canlı görüşün yerini verə bilmir. Çünki canlı görüş zamanı artıq gözün, burunun quruluşundan, dəri rəngindən qarşındakı şəxsin xarakterini müəyyən edə bilirsən. Müraciət edənlər arasında panik ataklar olan şəxslər daha çoxdur. İnsanlar təşvişlə müraciət edib deyir ki, “Artıq mənim yaşamağıma ehtiyac yoxdur, onsuz xəstəlik yayılıb öləcəm”. Bundan əlavə hündürlük qorxusu olan insanlar çoxmərtəbəli binada yaşadıqda adi pəncərədən baxanda belə təşvişə düşüb öləcəklərini düşünürlər. Bir də ki, evdə çox vaxt keçirən insanlarda əsəb pozğunluğu və emosionallıq yaranır.
 
-İnsanların çoxu düşünür ki, evdə çox zaman keçirmək onlarda zombiləşmə, özünəqapanma yaradacaq. Bu kimi fikirlərə münasibətiniz necədir?

-Bəzi insanlar düşünür ki, karantin müddətində evdə qalmaq onları ətraf aləmdən təcrid edəcək. Düzdür, insanlarda karantindən sonra özünə qapanıqlıq yaranacaq, işə getməkdə çətinlik yaşayacaqlar. Bunun qarşısını almaq üçün ilkin olaraq çalışmaq lazımdır ki, yuxu sisteminə nəzarət edəsən. Yəni yuxu sistemini işlədiyin zamanlara uyğun tutmaq lazımdır. Gündəlik olaraq plan qurmalı, mütailəyə, ailəyə, ev işlərinə qrafiklə əməl edib balansı doldurmalıyıq.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın