Fərqanə Mehdiyeva: "ədəbiyyatşünaslar məndən yazanda çox adam qısqanır"

16, 03, 19
09:53

Fərqanə Mehdiyeva: "ədəbiyyatşünaslar məndən yazanda çox adam qısqanır"


Elşad Baratın "7-lik" layihəsi çərçivəsində Ulduz jurnalının poeziya şöbəsinin müdiri, şair Fərqanə Mehdiyeva ilə söhbəti təqdim edirik. 

Fərqanə Mehdiyevanı təxminə on ildir tanıyıram. AYB, küçə, tədbir, nəqliyyat, toy kimi müxtəlif yerlərdə dəfələrlə görüşmüşük. Fərqanə xanımı heç vaxt fərqli havada görməmişəm. Yazıçılar birliyində də, meteoda da poeziyaya, şeirə kodlaşan Fərqanə xanım səmimi olmaqdan yorulmayan, özü olmaqdan bezməyən, içdən yaşamağa məhkum olan bir qələm sahibidir. Fərqanə Mehdiyeva nə yazıbsa, içdən yazıb, canını, ruhunu qələminin mürəkkəbinə qatıb. Onun şair kimi bu qədər çox sevilməsinin də səbəbi budur. O, heç vaxt bəzi qadın şairlər kimi şair ömrü yaşamağa cəhd etməyib. Sadəcə, öz ömrünü yaşayıb. Onun ömrü də, taleyi də, bəxti də poeziyaya hesablanıb. 

Fərqanə Mehtiyeva özünü necə hiss edir? Yaşaya bilirmi? 

Heç özü də bilmir. Körpə uşaq kimi, gənc qız kimi, yüz yaşlı qarı kimi.
Gözəl şairimiz Sabir Yusifoglunun bu misralarını hərdən özümə pıçıldayıram:
"Əgər yaşamaq budursa.
Bəs ölmək nə təhər olur"
Özümün isə mürəkkəbi qurumayan bu bəndimə sığınıram.

Kim qaldı ki, kimə deyəm sözümü?
Susa bildim, baxıb döydüm gözümü.
Eh... o qədər yana tutdum üzümü,
O divara, bu divara yaşadım.

Şeirlərinizin ümumi adı nədi? 

"Qızları qoymayın şeir yazmaga", Daşyonanla söhbət", "Təndir", "Payızın yanında gözlərsən məni" "Şeirin ucbatından" və s. Mən şeirlərimə ümumi ad qoymaqda çətinlik çəkirəm. Yaxşı olar ki, ədəbiyyatşünaslar, oxucular bu suala cavab versinlər.


Axırıncı dəfə nə vaxt ağlamısız? 

8 mart günü. Səhhətimlə bağlı Təbrizə həkimə getmişdim. Ustad xanəndəmiz Həmid Namvər uşaqların çıxışlarından ibarət "Analar günü" ilə bağlı tədbir təşkil etmişdi. Həmin mərasimdə Xosrov Barışanın rəhbərlik etdiyi "Yaşar qələm" nəşriyyatında "Məni yağışda saxla" adlı kitabım bir il öncə nəşr olunmuşdu və imza günüm keçirilmişdi.

Həmin kitabı Həmid Namvər təkrar nəşr etdirib, tədbirdə çoxsaylı iştirakçılarla qızılgüllə bərabər təqdim etdilər. Bu mənə sürpriz oldu.
Və çıxış edəndə oxucularımın sevgisini görüb elə ağladım ki... 

Balalarınız böyükdü, yoxsa şeirləriniz? 

Hər ikisi əzizliyi və doğmalığı ilə bir boydadı. 

Niyə bu qədər sevilirsiz? 

Bilmirəm. Bu sevgiyə görə bəzən başım da ağırıyır. Haqqımda tanınmış ədəbiyyat adamları, oxucular xoş sözlər yazanda qısqanclıqlar da olur. Bu, təbiidir. Amma hərdən özümə kənardan da baxıram; normadan artıq sadəlövhəm, şeir dəlisiyəm, nəinki özümün, yaxşı şairlərin ən yaxşı şeirlərini yaddaşıma köçürüb təbliğ edirəm. Gənclərə "balam" deyirəm. Yeri gələndə "sizdən öyrənirəm" deyirəm. Marağalı Əvhədinin kəlamı ilə desəm "Torpağın üstündə elə gəzirəm ki, qarışqanı belə incitməyim".
Nə deyim, bu sualı mənə rəğbət bəsləyənlərə də ünvanlayın. 


Yuxuda kimi görmək istəyərsiz? 

Bu yerin "altını" üstən tutasan.
Yıxılsan bir qəfil səsdən tutasan.
Ağlına gəlməyən kəsdən tutasan.
Gedəsən dünyanın axırınacan.

Bu misralarımın qəhrəmanını yuxumda bircə dəfə görmək istəyirəm.
Bəzən insan anasına, balasına, doğmasına deyə bilmədiyini kimləsə bölüşmək istəyir.
Yalnız Tanrı ilə üz-üzə qalır. Onun ətəyindən yapışır.


Ömrünüzdən bir gün qaldığını bilsəydiz nə edərdiz? 


Ata- anamın, nakam qardaşımın başdaşını qucaqlayardım.
Sonra balalarımı, bağrıma basardım, həyat yoldaşımı onlara tapşırardım. Nəvələrimi əzizləyərdim. Qarabağın alınması gününü görməsəm, qələbə günü məzarım üstünə Azərbaycan bayrağı ilə gəlin deyə vəsiyyətimi edərdim. Oğlum Ülfətə şeirlərim, kitablarım əmanəti deyərdim və ən çox sevilən şeirlərimi deyə-deyə səmalara çəkilməyimi gözləyərdim. 

7,5-ci sual: kiminlə söhbətimiz sizə daha maraqlı olar? 

O insan mənə çox doğmadır. "Gəl dərdləşək, anam, bacım" adlı şeirimin qəhrəmanıdır. Unudulanları yada salan, xatırlayandır.
Gözəl şair, Respublika Xatirə Kitabı redaksiyasının rəhbəri, "Yada Düşdü" dərgisin təsisçisi və baş redaktorudur.
Bu xanım Nəzakət Məmmədlidir.

Elşad Barat 

Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın