Tanınmış uroloq Vasif İsmayıl: “insana donuz böyrəyi köçürmək olar”.

22, 01, 19
09:57

Tanınmış uroloq Vasif İsmayıl: “insana donuz böyrəyi köçürmək olar”.


Vasif İsmayı və Elşad Barat

Azerbaycanrealligi.com saytı Elşad Baratın “Yeddilik” layihəsi çərçivəsində tanınmış uroloq Vasif İsmayıl ilə müsahibəsini təqdim edir.
 
Doktor, məcazi olaraq deyilir ki, Azərbaycanda 72 millət yaşayır. Siz həkimsiz, adamları əməliyyat eləyirsiz, hamısının içini görürsüz. Hamıda Azərbaycan sevgisi, vətən sevgisi eynidirmi? Məsələn, türklə talışın, ya da ləzginin ürəyi eyni döyünür? Böyrəkləri eyni süzür? 

Dünyaca məhşur Nobel mükafatçısı Uotsondan (James Vatson) bu yaxında bütün fəxri adları aldılar. Çünki o, “irqçi” bir ifadə işlətmişdi. Qaradərililərlə ağdərililərin zəka xüsusiyyətlərinin eyni olmadığını iddia etmişdi. Mən Uotsonla razı deyiləm. Vətən sevgisi insanın mədəniyyətinə aid bir məfhumdur. Bir insana hansı mədəniyyət qazandırılıbsa, o insan həmin mədəniyyəti nə qədər özünə hopdurubsa və nə qədər göstərə, ifadə edə bilirsə, istəyirsə, həmin insan məhz o mədəniyyətə aiddir; vətən sevgisi mədəniyyət hadisəsi kimi bunlardan aslıdır. Genetik olaraq türkü başqa millətdən ayırmaq olmur. Türk qanı ilə talış qanı arasında heç bir fərq yoxdur. Biz bir türk körpəsini götürüb asanlıqla talış kimi yetişdirə bilərik. Bir rusu fars kimi böyütsək, onun qaşı-gözü ortalamaya uymaya, digər farslardan fərqli ola bilər, amma o, mütləq özünü fars kimi göstərəcək. 

Vasif doktor, bilirəm ki, ədəbiyyatla, incəsənətlə maraqlanırsız, təkcə musiqi duyumunuza söykənib deyə bilərik ki, siz yaradıcı insansız. Həkimlik dəqiqlikdir. Yaradıcılığı isə tam dəqiq aymaq olmaz. Nə vaxtsa, “səkkiz böyrəkli insan” və ya “iki ürəkli insan” haqqında düşünmüsüz? Belə deyək, super insan... 

Biz nəinki super insan, adi insan belə yarada bilmərik. Biz elmin o səviyyəsinə çatmamışıq ki, hansısa bir canlını yaradaq. Deyə bilərsiz ki, bizi ata-anamız yaradıb. Xeyir. Atamız, anamız təbiətdən qazandıqları səriştəni həyata keçiriblər.

Düzdür, mən yaradıcı təbiətə malik insanam. Amma idealizm və rasionalizm deyilən və bir-birinə əsasən zidd olan iki fəlsəfi axın var. Bu məsələlər bir az mürəkkəbdir. İdealizm ideyanı, rasionalizm ağılı irəli sürür. Siz bayaq dediz ki, təbabət dəqiqlik tələb edir. Amma təbabət dəqiq elim deyil. Heç fizika, kimya da dəqiq elm deyil. Dəqiq olan elm riyaziyyatdır. Lakin riyaziyyat da əslində elm deyil, sadəcə təbiətin dilidir. Elə buna görə də dəqiqdir. Azərbaycan dili necə dəqiqdirsə, riyaziyyat dili də o qədər dəqiqdir.

Ancaq fizikanın klassik hissəsi dəqiq nəticə almaq üçün dizayn edilmişdir. Nisbilik nəzəriyyəsi və kvant fizikasında isə dəqiq nəticə almaq mümkün deyildir. Dəqiq nəticə ancaq ideallaşdırdığımız Evklid fəzasında (Evklid həndəsəsi) mümkündür. Bu gün praktik olaraq faydalandığımız nispilik nəzəriyyəsi isə Minkovski fəzasında (Minkovski həndəsəsi) mümkündür.

Fizika belə dəqiq olmasa da, biz həyata rasional baxmaq məcburiyyətindəyik. İdeya da çox önəmlidir. Bir insan başarılı olmaq istəyirsə, dörd elementə hörmət etməlidir. Birincisi humanizm, ikincisi əmək, üçüncüsü elm, dördüncüsü incəsənətdir. Bir insan elmdə başarılı olub insan sevgisinə yaddırsa, o insan heç kimdir. Yəni bu dörd element birlikdə olmalıdır. Bu məsələ antik fəlsəfədən gələn bir həqiqətdir. Bu həqiqətlərə, dörd elementə əməl edən insandan mən artıq səkkiz böyrək istəmirəm.

Vasif İsmayı

Bu yaxında bir nəfər sizi sərt tənqid etmişdi. Guya, hardasa demisiz ki, quran beş müxtəlif formada yazılıb. Bizim əlimizdə olan quranı da Hafs Kəzzab yazıb. Ümumiyyətlə, siz dinlərə sığa bilirsiz? Nə vaxtsa, əməliyyat masasında çətinliyiniz olanda “ya allah, özün kömək ol” demisiz? 

Din mədəniyyət hadisəsidir. Mən hər gün allahın adını bəlkə də 4000 dəfə zikr edirəm. Əməliyyata başlayanda “allahın əmri, peyğəmbərin qəbulu ilə” deyirəm. Məncə, dini inanc insanın alt paltarı kimi bir şeydir. Hər kəsin alt paltarı olması yaxşıdıq, amma onu göstərmək tərbiyəsizlikdir. İnsan din mədəniyyətini belə rasional olaraq qavramalıdır. Quran insanların yazdığı kitabdır. Dindarlar deyir ki, quran göydən gəlib, bir hərfi də dəyişməyib. Amma bunların dəyişiklikləri göz qabağındadır. Bir quranda Məlikdi, o birində Malik, necə hərf dəyişməyib? Sünnilər deyir ki, quranın bəzi ayələri də var idi, keçi yedi. Biz indi din deyə Quran səhifələrini keçi yediyinəmi inanacayıq? Şiələrdə də başqa problemlər var. Mənə görə quranı öpüb baş üstünə qoymaq, onu müqəddəs saymaq allaha şərik qoşmaqdır. Bu gün İslamı hər tərəfi boğulmuş quruluşa çeviriblər. Mən bunun əleyhinəyəm. Müsəlmanlara da məsləhət bilirəm ki, dini ağılla qəbul etsinlər, dərk etsinlər. 

Türkiyədə təhsil almısız. Bu yaxında da Türkiyəyə getmisiz və gündə iki dəfə olmaqla bir neçə həftə böyrək köçürmə əməliyyatında iştirak etmisiz. Sizcə məmur böyrəyi ilə adi vətəndaşın böyrəyi eynidir? Məsələn, Mirzə Sakitlə Hadı Rəcəblinin böyrəyinin fərqi varmı? Və ya Əli Kərimyliyə Zahid Orucun böyrəyini qoysaq yenə müxalifətçi olar? 

Elmi olaraq fərq yoxdur. Müxalifətçi ilə iqtidarın böyrəkləri eynidir. Ancaq biz deyirik ki, filankəs ürəkli oğlandır. Bu cəhətdən baxsaq təbii ki, Mirzə Sakit ürəkli, böyrəkli oğlandı, dəyərli insandır. Məsələn, məndə onun ürəyindən yoxdu. İstəyərəm ki, olsun. Sevinərəm ki, Mirzə də istəsin ki, onda məndən hansısa parça olsun. Bir müxalifətçinin böyrəyini iqtidara köçürsəniz də o dönüb müxalifətçi olmayacaq. Bütün orqanları köçürsək də bu mümkün deyil. İnsanın siyasi mədəniyyəti onun böyrəyində, ürəyində deyil. Mənim bütün orqanlarımı kəssələr yenə də Vasi İsmayıl olacam. Əli Kərim anlayışı da onun öz beynindədir. Beyini fiziki olaraq köçürmək və çoxaltmaq olar? Tutaq ki, Mirzə Sakitin beynini çoxalda bilərik? 

Bəli, bu mümkündür. Amma çətin məsələdir. Elm bu gün buna çalışır. İnsan beyninin məlumatını, işləmə prinsipini başqa bir daşıcıya köçürməyə çalışırlar. Sizə belə bir məlumat da verim ki, dünyada ən sadə sinir sisteminə malik olan bir qurdun robotunu yaradıblar. O qurdun bədənində iki yüz neyron var və harada yerləşdiyini bilirlər. Və onların konnekdomunu çıxarda bilirlər. Əslində, insan da konnekdom anlayışından ibarətdir. İnsanın beynində neyronlar çox olduğu üçün onun konnekdomunu öyrənmək daha çətindir. İnsanın ruh anlayışı beynindəki neyronların bir-biri ilə əlaqəsi, yəni konnekdomdan ibarətdir. 

Ziyalı düşüncəsinin xalqa köçürülməsi asandır, yoxsa böyrək köçürülməsi? 

Təbii ki, böyrək köçürülməsi. Çünki texniki məsələdir. Hətta insana heyvan böyrəyi də köçürmək olar. Sadəcə daha çətindir. Amma elm bu şəkilə gəlib çatıb. İlk köçürülən orqan donuz böyrəyi olub. Bu gün də insana ən rahat köçürülən orqanlar donuzdan alınır. Hər hansı insana donuz böyrəyi köçürüb onu yaşatmaq olar. Və o böyrək işləyər. Ancaq bu qadağandır. Çünki fəsadı çoxdur. Başqa insanın böyrəyi varsa, niyə dönuzdan köçürəsən ki? Məsələn, bir insan bədəninin parametrləri öz qardaşının bədən parametrləri ilə daha çox uyğun gəlir. Donuzla isə bu uyğunluq azdır. Başqa orqan insan bədənində ona görə çox yaşayır ki, daha çox parametrlər uyğun gəlir. 

Əbülfəz Elçibəy bu gün yaşasaydı nə deyərdi? 

Mən ilk dəfə Elçibəyi 16 yaşımda mitinqdə görmüşəm. Başqa təmasım olmayıb. Elçibəyin ciddi ideoloq olduğunu qəbul eləmirəm. Mərd insan idi. Buna görə ona hörmətim var. Cəmiyyət maraqlarını öz maraqlarından üstün tuturdu. Bu gün yaşasaydı bir daha özünü zəlil hiss edərdi. Mən Elçibəyə büt kimi davranılmasını, sitayiş obyekti olmasını qəbul etmirəm. Bu, mənim şəxsi düşüncəmdir. Amma Elçibəy ideal bir şəxsiyyət idi, çünki bayaq saydığımız dörd element – humanizm, əmək, elm, incəsənət, hamısı onda cəmləşmişdi. 

Elşad Barat

Azerbaycanrealligi.com




Bizimlə əlaqə saxlayın