sitename

Yafəs Türksəs: “Ərli qadın məndən istifadə elədi” - MÜSAHİBƏ

Azerbaycanrealligi.com xəbər verir ki, tanınmış yazar Yafəs Türksəs Adalet.az-a müsahibə verib sözü gedən müsahibəni təqdim edirik.

 Yafəs, sən özünü modern düşüncənin təmsilçisi hesab edirsən. Həyatında da, yazılarında da bu modern düşüncəni hər vaxt göstərirsən. Tez-tez də cavanların modernləşə bilməməyindən, səmimi olmadıqlarından şikayətlənirsən. Gənc yazarlarda bəyənmədiyin nədir? 

Əvvəla onu deyim ki, unikal istedadı olan gənclərimiz var. Xeyli də hazırlıqlıdırlar. Şeirlərini oxuyuram. Maraqlı gəlir mənə enerjisi. Ancaq bir yandan da təəssüf edirəm ki, niyə belə yazırlar. Başa düşürəm, bizdə modernləşmə getməyib. Xüsusən də şeirdə. Ramiz Rövşən, Vaqif Bayatlı çox istedadlı şairlər olsalar da, ənənədə yazırlar. Əli Kərim bizim ən böyük şairimizdir, ancaq o da bu qəbildəndir. Azərbaycan ədəbiyyatı bütövlükdə modernləşməni keçməyib. Murad Köhnəqalada, Rasim Qaracada, Səlim Babullaoğluda modern şeirin işartıları oldu...

- İndiki nəsildə vəziyyət necədi? Modernləşməyə getdimi, yoxsa ənənəyəmi qayıtdı?

- Bir arıq, qara oğlan vardı, Türkiyədə yaşayırdı, onun çox güclü şeirləri çap olunmuşdu.

- Adı nəydi?

- Vallah yadımdan çıxıb. Məsələn, bir misrasını xatırlayıram: "Vaqonda dövlət boyda boşluq”. Bax... Şəhriyar, Qismət istedadlı gənclərdi. Qismət müasir texnikanı çox yaxşı bilir, şeirlərində həmişə yenilikçi kimi çıxış edir, amma baxırsan ki, şeirinin sonluğunu Ramiz Rövşən kimi yazır. Şəhriyarda da yeni yanaşma var. Amma Şəhriyar yazır ki, sən getdin, bir ömür darıxmaq qaldı. Darıxmaq 1 il, 5 il, 10 il olar da, qardaş. Tay bir ömür yox. Darıxırsan, qabağına bir gözəl qız çıxır, o əvvəlki sevgini unudursan. Bunu demişdim, Şəhriyar da məni dostluqdan çıxarmışdı. Səhv başa düşdülər məni. Mənim istəyim odur ki, bu gənclər bizim şeiri yüksəklərə qaldırsınlar. Artıq 60 yaşındayam, həminki gənclik təbi, gənclik istedadı məndə yoxdur. Şeirin yazılma dövrü bitib məndə, arada özümü zorlayıb bir-iki şeir yazıram. Ümid bu gənclərədir, onlar da eqoistdilər. Məni düzgün anlamırlar. Elə bilirlər bunları paxıllayıram, qarşılarını kəsirəm. Məsələn, Oğuz Ayvaz haqda status yazmışdım ki, son vaxtlar gənclər arasında ən surətlə dəyişən, maraqlı şeirlər yazan şair odur. Əvvəlki şeirlərini o qədər də bəyənmirdim, amma yeni şeirləri xeyli maraq doğurmuşdu. Eqoistliyə bax ki heç layk qoymadı statusa, rəy də bildirmədi. Mən də sildim statusu. Ümumiyyətlə, mənə çox az layk qoyurlar həmişə.

- Səbəb nədir, səncə? Bəlkə cəmiyyətdəki imicinə görədir? Bilirsən ki, sənin haqda yaxşı fikirdə olmayanlar var...

- Hə, bilirəm. Onu deyəcəm. Amma səbəb bu deyil. Bizim gənclər eqoistdirlər, tez dahiləşmə gedir onlarda. Məsələn, mən Oğuz Ayvazdan da, Eminqueydən də daha maraqlı status yazıram. Eminqueyin 100 statusunu layk eləyirəm, amma o mənim statuslarımın bircəciyini də layk eləmir. Amma Oğuz Ayvaz status yazır ki, soyuq dəyib mənə, "srazı” girib layk eləyir. Srağagün buna görə dostluqdan çıxardım Eminqueyi. Axı mən "soyuq dəyib” statusu yazmıram, ədəbi, ictimai-siyasi fikirlərimi bölüşürəm. Niyə layk eləmirsən? Demək ki, bizdə qruppazlıq var. O qruppazlıq xəstəliyi bizə Zahir Əzəmətdən gəlir. Zahir həmişə nümunə gətirirdi ki, baxın Anara, Elçinə, Vaqif Səmədoğluna, onlar həmişə bir yerdə olublar, bir-birinin tərəfini tutublar, gərək onlar kimi olaq. Mən isə düşünürəm ki, bütün nəsillərə obyektiv yanaşmalısan, hansısa qrupla çərçivələnmir ədəbiyyat, gərək səndən əvvəl gələn istedadlı gəncləri nəzərə alasan. Bizdə isə bu yoxdu. Ancaq qruppazlıq...
Qaldı ki, imic məsələsinə. Azərbaycanda imici vəzifəyə, pula görə qazanırsan. Mənim haqqımda o qədər şey deyiblər ki... Biri deyib reketdi, o biri işsiz, kartof satan, kasıb, başqa biri deyib arvadbazdı və s. Əslində isə mən bunların heç biri deyiləm. Mən bir az başqa cür adamam.

- Maraqlıdır, necə adamsan? Özünü necə xarakterizə edərdin?

- Mən qaçqınçılıq düşəndə kartof satmışam. Amma buna görə adım kartofsatan qalmalı deyil ki. Orta məktəbi qızıl medalla qurtarmışam. Mən ticarət üzrə oxudum. O vaxt bura girmək üçün bir ətək pul tökməliydin. Amma nə edək ki, Sovet höküməti ticarət sahəsinə diqqət ayırmadı, qaldıq havada. Müstəqillikdə də çətin vəziyyət yarandı. Ona görə məcbur oldum kartof, yumurta, hətta ayaqqabı satdım. Öz "polka”m vardı, orda müxtəlif şeylər satırdıq. Amma özüm səyyar satışla da məşğul olurdum, ayaqqabı, yumurta və s. Qızım ərə gedirdi, pul lazım idi. Mən fədakarlıq etdim.

Söhbətləşir: Ayxan Ayvaz 

 Yafəs, deyilənə görə, hansısa şairin kitabını öz adına satdığın da olub...

- Hə, olub. Ədalət Əsgəroğlunun bir dəfə kitabı çıxmışdı. Kitabın üz qabığında rəhmətliyin şəkli qara siliuet idi.

- Yəni sənə oxşayırdı?

- Hə e... (gülüşmə). O vaxt mənim kitabım çıxmamışdı, təzə-təzə yazırdım. Açığı pulum da yox idi kitab çıxarmağa. Mən də götürüb belə kitabları pullu adamlara verib, üç-beş yolumu tapırdım. Bu cür zarafatyana işlərim çox olub. Mən həyatın qanunlarını dağıdan adam olmuşam.

- İndi öz kitabların çıxır. Onları da satışda görmürük.

- Vermirəm satışa. Xətrli dostlarım, oxucularım var, onlara verirəm, sağ olsunlar, heç ehtiyac qalmır başqa yerə verməyə.

- Yəqin imkanlı adamlardı...

- Hə, mənim sponsorlarımdı. Sağ olsunlar, əl tuturlar. O adamlar mənim şəxsiyyətimə, əsərlərimə hörmət edən adamlardı. Fanatlarımdı.

- Yafəs, bütün bunlarla yanaşı həm də sən Yeganə xanımla münasibətinə görə tanınırsan...

- Azərbaycanda villası, maşını olan rüşvət aldığını etiraf eləmir. Nə qədər yazıçı-şair var, tanıyırıq, bilirik ki, evli qadınlarla gəzir, amma etiraf eləməyə cəsarətləri çatmır. Mənim Yeganə xanıma qarşı sevgim olub. Bir yerdə işləmişik. İntim yaxınlığımız olmayıb. Sadəcə saçını sığallamışam, üzündən öpmüşəm. Yeganə "yevropeyski” qadındı. Mənim sevgimi də çox anlayışla qarşılayıb. Hətta deyib ki, mənə şeirlər yaz, tanınmış şairin onu sevməyindən qürur hissi duyub.

- Sonra nə oldu bəs?

- Biz işdən sonra çıxıb yaxınlıqdakı kafedə, ya da onların evində yemək yeyirdik. Mən siftə onun ailəli olduğunu bilmirdim. Sonra evlərində yemək yeyəndə məni əri ilə tanış elədi.

- Aha...

- O da normal qarşılamışdı. Çünki biz dost idik, sevgili deyildik. Mən Yeganəyə çoxlu şeirlər yazırdım, o da oxuyurdu, xoşuna gəlirdi. Məni şair kimi sevirdi. Şeirlərimin fanatı idi. Mən onu kompleksiz, azad biri olduğu üçün sevdim.

- Hətta o qədər sevdin ki, kitabının üz qabığına da Yeganənin şəklini vurdun.

- Kitabın üstünə şəklini vurmağımı özü istədi. Amma mən kitabda onun şəklini qoymamışdım, gözlərini qoymuşdum. Dedim, burdan oxucu nə biləcək, bu Yeganədi. Şərifin qardaşı dizayner Vüsal var, o şəkli böyütdü, kitabda Yeganənin üzü tam göründü. Vüsal məndən icazəsiz elədi bunu, mən də onu Vüsala bağışladım.

- Yeganənin şəklinin orda getməsi problem oldu?

- Baxma da, ailəli qadındı.

- Özün dedin ki, Yeganə də razıydı şəkli kitaba vurmağa...

- Onda populyarlaşmaq meyli var da. Amma mən kitabda həqiqətən Yeganənin şəklinin getməsini istəməmişəm. Çünki əri var...

- Yafəs, axı əvvəl deyirdin, əri də münasibətimizi bilir və razıdır bu münasibətə...

- Yox, elə deyil. Əri mənim Yeganəni sevdiyimi bilirdi. Mən də onun əri olduğunu biləndə geri çəkilmişdim. Bu sevgi getdikcə dostluğa çevrildi.

- Amma onu sevgilin kimi cəmiyyətə təqdim etmişdin...

- Yox... Biz heç kimə inandıra bilmədik ki, sevgili deyilik, dostuq. Bizi hər yerdə bir görürdülər, elə bilirdilər sevgiliyik.

- Axı sən özün Yeganəni sevgili kimi göstərirdin hamıya...

- Biz heç kimə inandıra bilmədik dedim axı. Ondan sonra qərara aldıq ki, zarafatla özümüzü sevgili kimi təqdim edək. Bu zarafat da zarafatlıqdan çıxdı. Deməli, Faiq Balabəyli məndən icazəsiz Yeganəylə müsahibə elədi. Onun bir layihəsi vardı, məşhurların sevgililərini danışdırırdı. Görüb ki, adam yox, layihə qurtaracaq, deyib Yeganəni Yafəsin sevgilisi kimi danışdırım. (gülüşmə) Yeganə də məşhurlaşmaqdan ötrü ölür, gənc jurnalistdi, şairədi, həvəslidi. Deyib ki, qoy bundan istifadə edim, məşhurlaşım. Orda deyib Yafəs məni sevirdi, mənə şeirlər həsr eləmişdi. İntim münasibəti soruşub, deyib ki, bircə saçlarımı sığallayırdı. Bu müsahibə bomba kimi partladı.
Biz Yeganəylə bərabər işlər görmüşük. Sevgili olduğumuzu o zaman etiraf eləmədik. Dedik ki, dostuq. Mən Yeganənin kitablarının redaktoru olmuşam, bəzən cümləbəcümlə dəyişmişəm. Biz çox vaxt bir yerdə olmuşuq. Məhz bu səbəbdən. Sadəcə Yeganənin bir pis xasiyyəti var, kimlə görüşür, onu tutub öpür, məndən də görüşəndə öpüşür, qıraqdan da baxan elə bilir, sevgiliyik.

- O zaman danmışdınız sevgili olmağı?

- Hə, amma Yeganə farağat dayanmadı. Yenə bir müsahibə verib aləmi qatdı bir-birinə. Ona xoş gəlirdi bu. Gündəmdə olurdu, populyarlaşırdı...

- Belə çıxır ki, səndən istifadə edib...

- Yəqin... Hə, düz deyirsən, bir az onda vardı bu. O zaman Yeganə müsahibədə bizim bir yerdə olduğumuzu demişdi. Mən də onu yalançı çıxarmamaq üçün dedim ki, hə, sevgiliyik. Cəmiyyəti aldatdıq yəni. Düzdü, orda mənim də bir az şöhrətpərəstlik hissim var. Əvvəl kim idi məni televizora çağıran? Yeganəylə münasibətim başlayan kimi bir-bir çağırırdılar. Bu yalan mənə bir az kömək elədi, ancaq Yeganəyə çox kömək oldu. Liderdə, Spacedə prodüserlik edir, məşhur jurnalistərlə işləyir. Bu yalanımız Yeganənin tanınmağında çox böyük rol oynadı. Mənə isə bir o qədər yox.
Biz cəmiyyəti aldatdıq. Mənə xas olmayan bir xasiyyət idi bu. Yeri gələndə, rüşvət aldığımı da boynuma alan biriyəm mən. Çox səmimi adamam, özün bilirsən.


Yeganə Bağırova və Yafəs Türksəs

- Bu yaxınlarda bu imicini düzəltməyə çalışdın. Yeganədən imtina etdiyini açıqladın. Geniş bir status yazıb dedin ki, biz sevgili deyilik, bunu populyarlaşmaq adına etmişik. Niyə buna gərək duydun? Dediyin kimi, bu iki tərəfə də sərf edirdi. Bəs nə səbəb oldu ki, o statusu yazdın? 

- Maraqlı sualdır. Deməli, mən "Yeni Qarabağ” hərəkatı yaratmaq istədim. Siyasətə qoşulmaq istəyim vardı. Ona görə də mənə ciddi imic lazım idi. Fikirləşdim ki, gərək bu imici dağıdım. ​​​​

- Səncə, dağıtdınmı imicini? Səni hələ də bu cür görən çoxluq var...

- İmic nədir ki? Müvəqqəti bir şeydi. 5-6 ay çəkir, vəssalam, çıxır gedir. Mənim Yeganəylə münasibətim yalançı imicim idi, istədim ki, əsl imicimə qayıdım. Çünki səhər siyasətçi olanda deyəcəkdilər ki, bu arvadbazın biridir. 

- Yafəs, deyirsən imici dəyişdirmək üçün Yeganədən imtina edən statusu yazdım. Bəlkə məişət müstəvisində nəsə baş verdi? Əri, yaxud sənin yoldaşın bir söz dedi, qarışdılar bu münasibətə. 

- Yox, vallah. Biz Yeganəylə kafedə oturub yemək yeyirdik, əri işdən gəlirdi, görüşürdük. Çox normal qarşılayırdı. Onun əri savadlı insandı, dünya ədəbiyyatını yaxşı bilir. Hətta bir çox yazıçımızdan da yaxşı. Xətrimi çox istəyirdi, bizim aramızda heç bir inciklik olmadı. Əri Yeganə xanıma inanıb. Deyibmiş ki, bizim aramızda yaxınlıq yoxdu, dostuq, eləcə mənim saçımı sığallayır. 

- Ümumiyyətlə, Yafəs ərli qadınla münasibət quran kişilərə necə baxırsan? 

- Bizdə 90 faiz kişi ərli qadınla münasibətdədir, sadəcə etiraf etmirlər. Mən ümumiyyətlə, ailəni müqəddəs bir şey hesab etmirəm. Düzdü, uşaqlarımı, nəvələrimi çox sevirəm, onlara çox bağlıyam, onların həyatını düzəltmək üçün çalışıb vuruşuram. 

- Yeganəylə daha dərinlərə getsəydiniz, ailənə xəyanət hesab etməzdin? 

 Mən o xəyanəti eləyə bilməzdim. Çünki Yeganənin əri var, mənim də yoldaşım. Sevgim çox güclü də olmayıb. Məcnun kimi olsaydı, bəlkə də edərdim. Bizdə bir düşüncə var axı, ərli kişinin həm də sevgilisi olmalıdır. Heç kim danmasın, Azərbaycan kişilərinin düşüncəsi belədir. Bir qadını çox sevsəydim, əri olmasaydı, onunla yaşayardım. Yaşadıqlarım da olub... Ərli qadınla da münasibətə pis baxmıram. Amma orda bir şey var. İnsan gərək öz səadətini düşünməyə. Sən gərək onun uşağını, ərini fikirləşəsən. Məndə mərhəmət hissi çox güclüdü. İnsan öz sədaətinə görə başqalarını zərbə altında qoymalı deyil. Ancaq sevgi çox güclüdürsə, buna da getmək olar. 

 Yeganəni sevdiyini yoldaşına etiraf etmişdin? 

Dostuq, həftədə bir dəfə görüşürük, yeni bir kitab üzərində çalışırıq. Bu yaxınlarda Yutuba səmimi etiraflarımız olan şeirlərimizi də yerləşdirmişik. Mən ona sevdiyimi bildirən şeiri oxudum, o da məni sevmədiyi haqqında şeir dedi (gülür). Yeganə dost, şair kimi sevib məni, kişi kimi yox. Yəni qarşılıqsız sevgi olub bizimki.

- Yafəs, sevib evlənmisən? 


- Yox, gəncliyimdə sevdiyim bir qız vardı, öz əmim nəvəsi. Qızın da məndən xoşu gəlirdi. Mən tələbəykən onu bir varlı adama verdilər. Bundan sonra düşdüm depressiyaya. Bilmirəm, düz ediblər, ya səhv. Deyiblər ki, gedək bir gözəl-göyçək bir qız tapaq, bunu evləndirək, bəlkə depressiyadan çıxar. Bacım qonşuluqdakı qızı gözaltılayıbmış mənə. Mən də içkili olmuşam, ya özümdə deyildim, demişəm ki, gətirin o qızı. Qızı mənə görə qaçırmışdılar. Ayılanda qızı gördüm, çaşdım. Düzdü, gözəl idi, amma tanımıram axı bu qızı, aramızda sevgi yoxdu. Anam da, mən də qaytarmaq istədik. Amma kənd yerində qayıdan qız haqqında bilirsən də nə əfsanələr dolaşır, onun adını pisə çıxarırlar, əl dəyilən qızı heç kim almayacaq deyirlər. Bu qızın da atası yox, qardaşı yox. Anasının da bir gözü görmür, kasıb yaşayırlar. Məndə mərhəmət hissi çox güclüdür, vicdanlı adamam. Ya bu mərhəmətdən, ya da cadü-pitidən qızı aldım. Çox yaxşı qadındı. Klassik Azərbaycan qadını. Namuslu, kişisinin hər sözünə baxan. Bircə qüsuru var, çox deyinir, hər şeyə etiraz edir. Çox fədakardı. O, məni sevir. Mən isə ona hörmət edirəm.


Yeganə Bağırova və Yafəs Türksəs

- Yafəs, cəmiyyətdəki imicini düzəltmək üçün sənin portretini tamamlayaq məncə. Öz portretini çəkmək üçün əsl fürsətdi... 

- Mən Lenin kimi məktəbdə bütün fənlərdən "5” alırdım. Fəlsəfə fakültəsinə girmək istəyirdim. Filosof olmaq arzusundaydım. Məcburən istəmədiyim sahədə, ticarətdə oxudum. Atam ruhani olub. O vaxt onu məktəb direktoru qoymaq istəyiblər, deyib mən ateist olmaram, razılaşmayıb. Müharibədən gəlib, kantuziya alıb, bədəni para-para olub. Dəhşətli dərəcədə vicdanlı adam idi. Hansı yüksək mərtəbəli işdə işləyibsə, çıxıb, yerini müharibədən gələn əlilə verib, deyib ki, mənim əlim-ayağım tutur, bənna işləyərəm. Sonda bənna işlədi və günvurma nəticəsində öldü...
4-ci sinifdən atasız böyümüşəm. Məni böyük qardaşım saxlayıb. Dörd qardaş, bir bacı olmuşuq. Düzdü, qardaşım bizə baxırdı, amma tam bacara bilmirdi. Anam bacımı oxumağa qoymadı. Dörd yaşında anamla bir yerdə xalça toxuyurdu, biz də çörək qazanmaq üçün hər cür işin altına girirdik. Çox çətinliklə, kasıblıqla böyümüşük. Çıxış yolunu isə oxumaqda görürdük. Böyük qardaşım instituta girmişdi. Biz də gözümüzü dikmişdik ki, bu universiteti qurtaracaq, bizi xilas edəcək. Qəflətən bir həftənin içində sətəlcəm oldu, öldü. Hamımız dəli olmaq dərəcəsinə gəlmişdik. Faciə yaşadıq. Hamımız əsəb xəstəliyi keçirdik. Balaca qardaşım necə əsəb keçirdisə, heç vaxt universitetə girə bilmədi. Qardaşım ölən gün bacımı sevgilisi atdı. Eyni anda həm qardaşı ölüb, həm sevgilisi onu atıb. Bacım havalandı, psixi xəstəxanada yatdı, onu əl-ələ verib sağaltdıq. Çox acı günlər yaşamışıq.

Mən uşaq vaxtı şeir yazmırdım. Alim olmaq istəyirdim. Şeiri 31 yaşında yazmağa başladım. Bu sarsıntıların yığılıb-yığılıb daşdığı vaxta təsadüf etdi şeir yazmağım. "Ümid” ədəbi birliyi vardı, ora qoşulmuşdum. Ordakılar pambıqdan yazırdı, onları çap eləyirdilər. Mənim uşaqlıq, sevgi haqda yazdığım şeirləri çap etmirdlər. Sonra mən şeirdən küsdüm, ordan uzaqlaşdım. Sonra qaçqınçılıq düşdü. Onda bazarda alverlə, fəhləçiliklə güc-bəla ailəmi dolandırdım. O vaxtlar şeir yazmırdım, fikrim ancaq balalarımın yanında idi. 98-ci ildə bir az işlər qaydasına düşdü, uşaqlar böyüdü, gördüm ki, içərimdə şairlik qaynayır, yazmağa başladım. Vahid poeziya evinə getdim, orda da normal ədəbi mühit yox idi, hamı qəzəl yazırdı. Orda Rövşən Naziroğlu, Faiq Balabəyli, Şərif Ağayar, Qəşəm Nəcəfzadəylə tanış oldum, onlar məni əsl ədəbiyyata yönəltdi. "Pərvanə” ədəbi məclisində bir az öyrəndim. Sonra oranı bəyənmədim, getdim Zahir Əzəmətin yaratdığı Nəfəs qrupuna. Ardınca AYO-ya gəldim. Bu qurumlar, ədəbi məclislər mənim üçün böyük məktəb oldu, onlardan öyrəndim. Bunlarla bərabər işləyirdim, ayaqqabı, yumurta satırdım. Həyatda çox acınacaqlı işlərim olub. Özümdən zəiflərin əlinin altında işləmişəm. Həyatda həmişə özümdən zəiflərə uduzmağın taleyini yaşamışam. Amma özümü heç vaxt uduzmuş saymıram. Çünki həmişə özümü qalib bilmişəm.

Azerbaycanrealligi.com



Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 795
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 384
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 506
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 911
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar