Qazaxıstanda Azərbaycan ocağı - Müsahibə - FOTOLAR

14, 09, 18
18:18

Qazaxıstanda Azərbaycan ocağı - Müsahibə - FOTOLAR

Azerbaycanrealligi.com saytı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların təşkil etdiyi və real şəkildə fəaliyyət göstərərək vətənimizə töhfələr verən, ora səyahət edən vətəndaşlarımıza və həmin ölkələrdə yaşayan həmyerlilərimizə dəstək olan Azərbaycan icmaları barəsində məqalələr seriyasını davam etdirir. Bu dəfə müsahibimiz Qazaxıstan Respublikasının Atyrau şəhərində yerləşən azərbaycanlıların “Novruz” Mədəni Ortaqlıq Cəmiyyətinin sədr müavini Abbas İmanovdur. Abbas bəylə görüşümüz səmimi bir ortamda baş tutdu. Vətənpərvərliyi və milli qüruru ilə könlümüzü fəth edən Abbas bəy həmyerlilərimizin Qazaxıstandakı fəaliyyətindən ürək dolusu söhbət açdı.


Abbas Bəy Azerbaycanrealligi.com-a açıqlamasında bildirdi ki, 2000-ci ildən yaratdıqları “Novruz” Mədəni Ortaqlıq Cəmiyyət bu günümüzə qədər ardıcıl olaraq fəaliyyətdədir. Cəmiyyətin sədri Eldar Əhmədovdur. Cəmiyyət milli bayramımız Novruzun şərəfinə adlanmışdır və qəbul olunmuş “Nizamnamə”yə görə, məramı tarixi adət-ənənələrimizi qorumaq və onları gələcək nəslə ötürməkdən ibarətdir. Cəmiyyətin sədr müavini olan Abbas İmanov ilk öncə cəmiyyətin mədəni-maarif işlərində göstərdiyi fəalığı barəsində məlumat verdi: “Qazaxıstanda bizimlə üst-üstə düşən bayramlarda, xüsusən də dini bayramlarda, bu dövlətin milli bayramlarında, dövlət bayramlarında, peşə bayramlarında, hakimiyyətin burada keçirtdiyi vilayət bayramlarında yaxından iştirak edirik. “Bahar” adlı ansamblımız var. Alətlər icmanın pulu ilə Azərbaycandan alınıb, bəzi yardımsevər qardaşların dəstəyi ilə çox işlər görmüşük. Müğənni və ifaçılarımız da fəaliyyət göstərir.” Bundan əlavə, Abbas bəy bildirdi ki, cəmiyyət Qazaxıstandakı azərbaycanlıları bir-biri ilə əlaqələndirmək, onlara xarici ölkənin həyat şəraitinə adaptasiyasında dəstək olmaq, mənəvi dəyərlərimizin və milli kimliyimizin unudulmaması, yaşadılması yolunda konkret təşəbbüslərlə çıxış edir. O qeyd etdi ki: “Azərbaycanlıların qeyri-azərbaycanlı olan millətlərlə nigahından olan uşaqların, ələlxüsus da, qazax və rus xalqından dünyaya gələn uşaqların, təbii ki, dilimizi öyrənməsi çətindir, bunun asanlaşdırılması üçün “Bazar məktəb”ı adlanan məktəb təşkil etmişik. Bu məktəb yalnız bazar günləri işləyən məktəbdir. Uşaqlar yaşından asılı olmayaraq, yəni 6 yaşdan 18 yaşınadək uşaqlar bu məktəbdə dərs ala bilərlər. Dərs ləvazimatının hamısı Azərbaycan Respublikası Konsulluğu tərəfindən göndərilibdir. Sinflərin hər biri Azərbaycanın görkəmli xadimlərinin şəkilləriylə, maarif icmalarının barəsində şərh tipli yazılarla bəzədilib. Şagirdlər də görürlər ki, görkəmli şairlər, yazıçılarımız, siyasət xadimlərimiz, dövlət xadimlərimiz kimlərdir. Elə bir guşə yaranıbdır ki, onun abu-havası gözəldir. Bundan başqa, Xəlil Dostmuhammedov adına Atyrau Dövlət Universiteti var. Onun nəzdində cəmiyyətimiz tərəfindən “Türkologiya guşəsi” yaradılıb. Ora hər bir təchizatla təmin olunub. Partalar, kreslolar, dövlət xadimlərimizin şəkilləri ilə bəzənib. Azərbaycan xəritəsi, qlobus, cizgi və bədii filmlərlə təmin olunub, Azərbaycana aid olan ədəbiyyat, jurnal, kitablar, Azərbaycanın tarixini və gələcəyini göstərən hər şey orada tərənnüm olunubdur. Bundan başqa, keçirdiyimiz tədbirlərin demək olar ki, böyük əksəriyyətini həmin o guşədə keçirmişik.”     Abbas İmanov Azərbaycan və Qazaxıstan dövlətləri arasında əməkdaşlıq mövzusuna toxunaraq elm, təhsil və tədrisin stimullaşdırmasında apardıqları mühüm işlərdən danışdı. O bildirdi ki: “Azərbaycandan gəlmiş iki tələbəmiz olmuşdur. Bu yaxınlarda onlardan biri Atyrau Dövlət Universitetində təhsilini bitirmişdir və əsgərlik vaxtı gəldiyindən hal-hazırda, Azərbaycanda hərbi xidmətə getmişdir. Son beş ildə, 2013-cü ildən cəmiyyətimiz tərəfindən “Heydər Əliyev adına təqaüd” ayrılıb. Həmin o universitetdə yaxşı oxuyan tələbələr universitet tərəfindən təyin olunur və bizim cəmiyyət tərəfindən hər il H.Əliyevin ildönümündə təntənəli surətdə təltif olunur.”    


“Novruz” Mədəni Ortaqlıq Cəmiyyətinin fəaliyyətində maddi və hüquqi dəstəyi necə əldə etdiklərini soruşduqda müsahibimiz aşağıdakıları dilə gətirdi: “Cəmiyyət öz fəaliyyətini könüllü olaraq aparır. Qazaxıstan qanunlarına əsasən ictimai təşkilatdır. Cəmiyyətin hüquqi işlərinin tənzimlənməsi öz səlahiyyətimizdədir. Əlbəttə ki, köməklik, yardım əlini uzadan həmyerlilərimiz olub, sağ olsunlar qardaşlarımız, kimə müraciət edilsə, heç kim laqeyd baxmır. Bura gələn azərbaycanlı olan bütün insanlara yardım əlini uzadırıq. Burda olan, gələn-gedən xalqımızın hər nümayəndəsinin həmişə mənafeyini qorumuşuq, həm qanun tərəfindən, həm milli zəmində, hər zaman dəstək vermişik”.     Azerbaycanrealligi.com saytı olaraq, Qazaxıstan Respublikasının Atyrau şəhərində azərbaycanlılarının kiçik bir nümayəndəliyinin olduğuna sevinir və oxucularımızın diqqətinə çatdırırıq ki, orada fəaliyyət göstərən “Novruz” Mədəni Ortaqlıq Cəmiyyəti həm qonaq gedən vətəndaşlarımız üçün, həm orada məskunlaşmış həmyerlilərimiz üçün xoş və sevimli məkandır, həmçinin, orada hər bir azərbaycanlının çətin anda müraciət edə biləcəyi cəmiyyətin sədri Eldar Əhmədov və sədr müavini Abbas İmanov kimi səmimi dostlar vardır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın