Baş redaktorun məhkəməsi davam etdirilib

27, 03, 19
17:06

Baş redaktorun məhkəməsi davam etdirilib


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyilə reallıq.info saytının redaktoru İkram Rəhimovun işi üzrə məhkəmə istintaqı başlayıb. O, hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.

Öncə prokuror ittiham aktını elan edib. İkram Rəhimov müxtəlif adamlar haqqında rüsvayedici məlumatlar yaymaqla onları hədələyib, həmin materialların silinməsi üçün pul tələb edib. Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) onun bu əməllərindən ziyan çəkənlərdən çoxlu şikayətlər daxil olub.

İkram Rəhimov özünü günahkar saymayıb və ona qarşı ittihamı yalan adlandırıb. ”
Cinayət işində adı keçən Zakir Hüseynovu uzun müddətdir tanıyıram, dost olmuşam. Ona hədə-qorxu gəlməmişəm.

Raquf Mirzəyev Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışıb. Onu qohumu vasitəsilə tanımışam, mətbuatda onun haqqında yazılar getmişdi, məndən xahiş elədi ki, saytlardan çıxartdırım. Ona hədə-qorxu gəlməmişəm. Əksinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi mənim saytımı mükafatlandırıb.

Cinayət işində adları çəkilən şəxslər məndən xahiş ediblər, mən də onlara görə indi adlarını çəkmək istəmədiyim sayt rəhbərlərindən müəyyən xahişlər etmişəm,” Rəhimov bildirib.

DTX-nın İkram Rəhimovun pul tələb etdiyini əks etdirən audioyazı yaymasına gəlincə, Rəhimov onları montaj adlandırıb.

“Biz istintaq vaxtı o səs yazılarının ekspertizadan keçirilməsini istədik, ancaq eləmədilər,” Rəhimov deyib.

O qeyd edib ki, prezidentin köməkçisi Əli Həsənov haqqında yazılardan sonra ona təzyiqlər başlayıb. Onun sözlərinə görə, Həsənov onu şəxsən qəbul edib.

“Əvvəl hədə-qorxu gəldi, sonra pul təklif etdi. Dedi ki, gəl mənim kurasiyamda işlə. Razılaşmayanda saytımı blokladılar. Mətbuat Şurası məni “reketçi” elan elədi və hüquq-mühafizə orqanlarına müraciət etdi. Məni tutub DTX-ya aparanda məndən ilk tələbləri Əli Həsənovun haqqında məqalənin silinməsi oldu,” Rəhimov bildirib.

O deyib ki, həbsin arxasında Həsənov və Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov durur. Çünki saytda onların birləşib jurnalistlər üçün tikilən binalardakı mənimsəmələri barədə yazılıb.

Növbəti iclas aprelin 8-də olacaq.

Məhkəmə adı çəkilən şəxslər hələ jurnalistin dediklərinə münasibət bildirməyib.
İkram Rəhimov 2018-ci il il oktyabrın 26-da saxlanılıb. Məhkəmənin qərarı ilə hədə-qorxu gələrək pul tələb etmək ittihamı ilə həbs olunub. Həbsdən öncə Rəhimov bildirib ki, Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunur.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın