Gənc jurnalist İsmayıl İslamoğlu Mətbuat Şurasının sədri Əflatun Amaşova açıq məktub yazıb

01, 08, 18
12:26

Gənc jurnalist İsmayıl İslamoğlu Mətbuat Şurasının sədri Əflatun Amaşova açıq məktub yazıb

Azerbaycanrealligi.com xəbər verir ki, son zamanlar təzyiq və təhdidlərə məruz qalan Kanal13.tv əməkdaşı İsmayıl İslamoğlu Mətbuat Şurasının sədri millət vəkili Əflatun Amaşova açıq müraciət edib. Həmin müraciəti olduğu kimi təqdim edirik.

Əflatun bəy, siz öz çıxışlarınızda daima Azərbaycan mətbuatının və jurnalistlərinin yanında olduğunuzu qeyd edirsiniz. Nəzərinizə çatdırım ki, bir gənc jurnalist olaraq, son zamanlar üzərimə olan basqılar artmaqdadır. Bu az imiş kimi dünəndən təhdid olunuram. Mətbuatın azad olduğunun iddia edildiyi bir ölkədə, jurnalist yazdığı yazılardan dolayı hər cür təzyiqlərə və təqiblərə məruz qalır. Siz isə buna reaksiya vermirsiniz, cənab Amaşov!

Nəzərinizə çatdırmaq istərdim ki, keçən ilin sonlarında evimin önündə iki şəxs tərəfindən başımdan küt alətlə vurularaq xəsarət aldım. Təəssüflər olsun ki, kiçik bir oğurluq hadisəsinin üstünün açıldığı bir ölkədə jurnalistin vurulması kimi böyük bir olayın üstü hər cür cəhdlə ört-basdır edildi. Ortada kamera görüntüləri, arxamca gəlib məni izləyən iki nəfərin video faktlarının olmasına baxmayaraq. İndi isə bu hadisəni bu və bu kimi yollarla təkrarlamaq istəyirlər. Mətbuat Şurasının sədri olaraq bu məsələyə biganə qalmayaraq tədbir və ölçü götürəcəyinizi gözləyirəm və buna ümidvaram! Hörmətlə, İsmayıl İslamoğlu"

Qeyd edək ki, İsmayıl İslamoğlu 2005-ci ildə güllələnərək qətlə yetirilən Elmar Hüseynovun yaxın qohumu və hüquqi davamçısıdır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın