Fələyin yıxmadığı evləri Naxçıvanda Vasif Talıbov yıxıb: Gözüyaşlı qalan insanlar Xanın əlindən fəryad edir - VİDEO

02, 12, 22
12:00

Fələyin yıxmadığı evləri Naxçıvanda Vasif Talıbov yıxıb: Gözüyaşlı qalan insanlar Xanın əlindən fəryad edir - VİDEO


Dünən Vasif Talıbovun "SIFIR CİNAYƏT" siyasəti haqda ilkin faktları təqdim etmişdik. Bildirək ki, artıq bu yöndən yeni informasiyalar daxil olmaqdadır.

Gələn xəbərlərdə deyilir ki, təkcə bu il ərzində Şərur rayonunda 60-dan çox "intihar" hadisəsi baş verib və onların heç birinə "ölüm həddinə çatdırma" maddəsi ilə cinayət işi açılmayıb. İstintaqı aparılmadığından 60-dan çox "intihar"dan neçəsinin həqiqi intihar olduğu da bilinmir.

Bununla bağlı məlumat paylaşan tanınmış jurnalist Heydər Oğuz Vasif Talıbovun “0 cinayət” qanununun qurbanı olan Şərur sakininin valideynlərinin Prezidentə müraciətini də paylaşıb. DİA.AZ olaraq həmin materialı təqdim edirik:

"Naxçıvan Muxtar Respublikası Prorkurorunun birinci müavini Məhərrəm Talıbov barəsində yayılan xəbərləri təkzib edərək deyib: “Bizim ailəmiz ömür boyu dövlətə, dövlətçiliyə bağlı olub. Biz daim Cənab Prezidentimizi dəstəkləmişik. Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiq olmuşuq. Bu gün də bu bağlılıq davam edir. Allah cənab Prezidentimizi qorusun!”

O, həmçinin qeyd edib ki, “qanun nəyi deyirsə, onu da eləmişəm. Qaldı ki, dövlətimizin bu gün həyata keçirdiyi islahatlara heç kəsin iradı ola bilməz, onu müzakirə edə bilməz."

İlham Əliyevə “məhəbbət”in arxasında gizlənib əslində Vasif Talıbovun “0 cinayət” kimi misli-bərabəri görünməmiş siyasətini həyata keçirən Məhərrəm Talıbovun qanunlara nə qədər bağlı olduğunu Şərur rayonundan redaksiyamıza göndərilən bir video bütün çılpaqlığı ilə ortaya qoyur. Videoda ötən ilin oktyabr ayında baş vermiş bir cinayət hadisəsindən bəhs olunur. Şərur rayon sakini Həsənov Füzuli Allahverdi oğlu və onun həyat yoldaşı Həsənova Raziyə xanımın Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Əliyevaya ünvanladıqları müraciətlərində övladları Orxan Həsənovun müəmmalı ölümünün düzgün araşdırılması xahiş edilir.

Müəmmalı ölümün qısa tarixçəsi


12.10.2021-ci ildə Naxçıvan MR Şərur rayonunda Naxçıvan bankın yerli filialının Orxan adlı əməkdaşı Gümüşlü kəndi yaxınlığında asılmış vəziyyətdə tapılıb. Valideynlərin iddiasına görə, bu ölüm hadisəsi müəmmalıdır və ona intihar görüntüsü verilib.

Ölüm hadisəsinin əsas motivi Naxçıvan Bankın Şərur rayon filialında aşkar edilmiş yeyinti ilə əlaqədardır. Bildirilir ki, yoxlamalar nəticəsində aşkarlanan külli miqdarda yeyinti Naxçıvan Bankın baş xəzinədarı işləyən Orxan Həsənovun boynuna qoyulur. Üzərindən az keçməmiş o yoxa çıxır. Xeyli axtarışdan sonra isə onu Gümüşlü kəndi yaxınlığında asılmış vəziyyətdə tapırlar.

“Halbuki mən şəxsən Orxanı tanıyırdım. Orxan 10 qəpik tapsaydı, onu əlinə alıb soruşardı bu kimin puludur. Özü də namaz qılan imanlı uşaq idi”, - etibarlı mənbəmiz mərhumu belə xatırlayır və onun intihar edə biləcəyinə inanmır: “Təbii ki, Orxanın özünü asması heç kimə inandırıcı gəlmədi”.

Buna baxmayaraq, Məhərrəm Talıbovun faktiki rəhbərlik etdiyi Naxçıvan prokurorluğunda sözügedən müəmmalı ölüm hadisəsi intihar kimi sənədləşdirilib və heç bir qanuni tədbir görülməyib. Halbuki, Azərbaycan qanunvericiliyinə görə, Orxan Həsənov intihar etmiş olsa belə, bu işlə bağlı ölüm həddinə çatdırılma maddəsi ilə cinayət işi açılmalı idi. Di gəl ki, qanunun bu tələbi Azərbaycanda keçərlidir. Özünün muxtar hüquqlarını dalına şələləyib istədiyi kimi hərəkət edən Naxçıvanda isə ölüm həddinə çatdırılma maddəsi ilə cinayət işi açılması ənənəsi yoxdur.

Çünki bu diyarda “xan” həzrətlərinin “0 cinayət” qanunu keçərlidir və bir çox hallarda qətl hadisələrinə intihar süsü verilərək onlar ört-basdır edilir. Qaynağımızın iddiasına görə, təkcə bu il ərzində Şərur rayonunda 60-dan çox “intihar” hadisəsi qeydə alınıb və onların heç birinə cinayət işi açılmayıb. Görünür, Məhərrəm Talıbovun “biz qanun nəyi deyirsə, onu da eləmişik” deyərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsini yox, Vasif Talıbovun “0 cinayət” qanununu nəzərdə tutur.

Məhərrəm müəllimin nəyi nəzərdə tutduğunu müəyyənləşdirməyi Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin öhdəsinə buraxırıq. Biz isə Şərur rayon sakinləri Həsənov Füzuli Allahverdi oğlu və onun həyat yoldaşı Həsənova Raziyə xanımın Prezident seçkilərində səs verib seçdikləri Cənab İlham Əliyevə və I Vitse-Prezident Mehriban xanıma ünvanladıqları müraciətlərini yayımlayırıq".

VİDEO 


AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın