İlham Əliyev dərsi

Manşet / Gündəm
 7-11-2022, 16:00     657


44 günlük Vətən Müharibəsi zamanı savaş cəbhə xətti ilə bərabər bütün istiqamətlərdə gedirdi. Həmin günlərdə İlham Əliyevin təkcə Ali Baş Komandan kimi deyil, həm də siyasi lider kimi döyüş hazırlığının ən yüksək səviyyədə olmasını bütün dünya izlədi. Xüsusilə məşhur media qurumlarına verdiyi müsahibələr sadəcə siyasi proseslərin təhlili baxımından əhəmiyyətli deyildi, onlar eyni zamanda ritorika dərsliklərinə salınacaq xitabət nümunələri idi. 

44 gün ərzində heç biri bir-birinə bənzəməyən, təkrarçılıq olmadan, bütün suallara həm tarixi, həm də politoloji baxımdan əsaslandırılmış şəkildə verilən cavablar İlham Əliyevin dərin zəkasının həmin vaxta qədər müşahidə edə bilmədiyimiz tərəflərinin publikaya nümayişi idi. 

Biz həmin günlərdə Prezidentə ünvanlanan sualların böyük hissəsinin qərəzli, ittihamlarla dolu olduğunu görürdük. Həmin müsahibələrin tam yarısının bu provakator jurnalistlər tərəfindən açıq hücum taktikası ilə formalaşdırdıqlarını da unutmamalıyıq. Məntiqlə bu müsahibələrdə ünvanlanan suallara adekvat olaraq İlham Əliyev müdafiə mövqeyində dayanmalı idi. Çünki ssenari belə idi, bağlı qapılar arxasında suallar məhz bu məqsədlə hazırlanmışdı.

Amma prezident bu məntiqi də darmadağın etməklə həmin jurnalistlərin alt niyyətlərində düşündükləri nəticə ilə bağlı onlara böyük təəssüflər yaşatdı. Ön cəbhədə qəhrəmanlarımız, “Bayraktar”lar necə düşmənin başına bomba yağdırırdısa, o qəhrəmanların lideri də bir an olsun nə diplomatik danışıqlarda, nə də açıq müsahibələrdə hücum taktikası haqda tərəddüd etmədi. “Kiş deməklə donuz darıdan çıxmayacaqdı”. Bu işğalçı müharibə cinayətkarlarının dovşan kimi qaçması üçün nəyin necə və nə vaxt edilməli olduğunu Ali Baş Komandan gözəl bilirdi. Axı Əlyev onları - demokratiya və insan hüquqları adı altında bir çox eybəcərlikləri pərdələyən PƏRDƏ ARXASINDAKI adamları yaxşı tanıyırdı. İndi növbə onların idi. Onlar uzun illər ərzində haqsızlığa məruz qalmış Azərbaycanı və Azərbaycan Prezidentini tanımalıydılar...
Nəticə göz qabağındadır.

İlham Əliyevin həmin müsahibələrini təkrar-təkrar oxumaqda böyük fayda olduğunu düşünürəm. Xüsusilə siyasətlə məşğul olan şəxslərin bu müsahibələrdən həm özlərinin lider kimi yetişmələri üçün, həm də İlham Əliyevin siyasi portreti ilə tanış olmaq baxımından öyrənəcəkləri çox məsələlər var. Pafossuz, konspektsiz, faktlar, bənzətmələr, analogiyalarla dolu olan müsahibələr sözsüz ki, politologiya dərliklərinə salınmalı, ali məktəblərdə ən azından yarımil fənn kimi tədris olunmalıdır. 

Müharibə meydanı acı reallaqlarla doludur. Burada baş verənləri adi həyatda təsəvvürə gətirmək mümkün deyil. Qalib gəlməlisən. Bu, həm də sənin sağ qalmağın, yaşamağın üçün vacibdir: bunun üçün düşmənin çanlı qüvvəsini məhv etməlisən, texnikasını darmadağın etməlisən, sığınacağını xaraba qoymalısan. Alternativ yoxdur. Yersiz humanistlik burada işləmir. Eyni taktika müharibə zamanı diplomatik masalarda da özünü göstərməlidir. Biz gördük. Burada da alternativ seçmək məğlubiyyəti seçmək idi.

Bunu Əliyev bilirdi. Ona görə də “gəldi və götürdü”. 

Bəzən həmin müsahibələri oxuyanda həqiqətən də heyrət etməyə bilmirsən. Bu qədər zəngin informasiyanın əldə edilməsi, yaddaşda rəflənməsi, məqam yetişən kimi həmin informasiyanın istifadəsi sıradan insanın beyni üçün ağır yük olar. Burada daha bir maraqlı məqam var. İlham Əliyev xarici media nümayəndələrinə müsahibələri rus və ingilis dilində verirdi. Azərbaycan dilində düşünüb başqa bir dildə danışmağın çətinliyini yəqin ki başqa dildə danışa bilənlər anlayır. Amma Prezident bu məsələ də öz ustalığını bizə göstərirdi.

İlham Əliyevin həmin müsahibələrdəki bədən dili isə ümumiyyətlə başqa bir söhbətin mövzusudur. Yüksək özgüvənin arxasında təkcə xalqın ona böyük inamı dayanmırdı, eyni zamanda özünün siyasi hazırlığı da əhəmiyyətli rol oynayırdı. Mütəxəssislər üçün məncə, Əliyevin müharibə zamani siyasi-psixoloji ritorikasının, bədən dilinin araşdırılması, bu araşdırmanın kitab şəklində nəşr olunması maraqlı olar. 

Və yeri gəlmişkən müharibədən sonrakı müddətdə Prezidentin fiziki görkəmindəki dəyişiklik diqqətdən qaçmamalıdır. Bu, ağır bir yükü çiyinlərindən yerə qoymuş şəxsin fiziki görkəmində olan dəyişikliyi xatırladır. Savaşın nəticələri xalqın sosial psixologiyasında necə dəyişikliyə səbəb oldusa, Prezidentdə də müşahidə olunmamış deyil. Və Əliyev imkan düşdükcə həmin pozitiv enerjini xalqla paylaşmaqdadır.

Sevinc paylaşdıqca artır. 

Zəfər Bayramınız Mübarək Olsun!

Elnur Məmmədli

AZƏRBAYCANREALLIĞI.COM