“Yaxşı bəxşiş verirdi, əlçatan nazir idi”

Manşet / Sosial
 15-10-2022, 13:00     524


Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi… 

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir. 

Layihəmizdə bu dəfə sabiq Energetika naziri Natiq Əliyevdən bəhs edəcəyik. 

Natiq Ağaəmi oğlu Əliyev 23 noyabr 1947-ci ildə Bakıda anadan olub.

1965-ci ildə orta təhsilini bitirən Natiq Əliyev həmin ildən 1970-ci ilə qədər  Məşədi Əzizbəyov adına Neft və Kimya İnstitutunda “Dağ geoloq” ixtisası üzrə təhsil alıb. 

Daha sonra isə o, Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında təhsilini davam etdirib.

Ali təhsilini başa vurandan sonra Natiq Əliyev “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin geologiya şöbəsinin rəisi olub. Sabiq nazir 1979-cu ilə qədər bu vəzifədə işləyib. 1974-cü ildən geologiya-mineralogiya elmləri namizədi olub.

1984-cü ildən isə Kommunist Partiyası Mərkəzi Komitəsinin aparatında neft və kimya şöbəsində təlimatçı, daha sonra isə sosial-iqtisadi inkişaf şöbəsinin bölmə müdiri vəzifəsində çalışıb.

O, 9 avqust 1993-cü ildən Dövlət Neft Şirkətinin prezidenti və direktorlar şurasının sədri olub.

O həm də 1994-cü ildən Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə layihənin Rəhbər Komitəsinin sədri, 2002-ci ildən isə Bakı-Tbilisi-Ceyhan Şirkətinin Direktorlar Şurasının sədri vəzifələrində çalışıb.    
                       
Sabiq nazir daha sonra isə Dövlət Neft Şirkətinin prezidenti postundan azad edilərək 2005-ci ildə Sənaye və Energetika naziri vəzifəsinə təyin olundu. Həmin ildə o həm də Azərbaycan Neftçilər Konqresinin prezidenti seçildi.

Qeyd edək ki, 2013-cü il 22 oktyabrda Sənaye və Energetika Nazirliyi ləğv edilib, əvəzinə isə Energetika Nazirliyi yaradılıb. Və yenə Natiq Əliyev nazir təyin olunub.

Onu 2009-cu ildə Polşa Respublikasının Prezidenti Lex Kaçinski Komandor dərəcəsi ilə təltif edib.

Natiq Əliyev “Şöhrət”, “Şərəf”, “Kurmet”  ordenləri ilə təltif olunub. 

Onun 100-dən artıq elmi işi, məqaləsi, kitabı dərc olunub. Beynəlxalq Şərq Neft Akademiyasının akademiki, 2008-ci ildən isə iqtisad elmlər doktoru olub. N.Əliyev 2008-ci ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Rusiya Federasiyası, Moskva) müxbir üzvü seçilib.

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı onun haqqında belə deyib:

“Mənim Natiq müəllimlə bağlı xatirələrimdə yadda qalan üç hadisə var. Nazirliyin şöbə rəisi vəzifəsində çalışmışam. Heç zaman xətrimə dəyməyib və mənə qarşı çox ədalətli olub. Şöbə rəisi olduğum dövrdə istənilən vaxt onun yanına girir və sözümü deyirdim. Özümə qarşı həddindən artıq hörmət görmüşəm. Natiq müəllim məni baxışlarıma görə təqib etməyib. O, çox yaxşı bilirdi ki, mən müxalifətdə olmuşam. 1996-cı ildə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatını yaradanda N.Əliyev heç vaxt mənə qarşı basqı etməyib. Natiq Əliyevin əleyhinə danışan adamlar lənətə gəlsin. O, korrupsiyadan uzaq və şəffaf adam idi. Həyatımda ikinci adamdır ki, onun ölümünə görə heyfslənirəm”.

“Xəzər” TV-nin rəhbəri Murad Dadaşov da vaxtilə Natiq Əliyevin ölümündən sonra ürək sözlərini dilə gətirib:

“Çox sadə, çox əlçatan dost idi. Natiq Əliyevin vəzifəsindən və statusundan asılı olmayaraq, özünə yaraşan alicənablığı vardı. Baxmayaraq ki, böyük nüfuz sahibi idi, bu nüfuzunu ünsiyyəti ilə daha da sevdirə bilmişdi. Çox həyatsevər idi Natiq müəllim. Sevilən insan idi. Dövlət məmuru idi, amma o qədər sərbəst münasibət qurmuşdu televiziya işçiləri ilə. İstədiyimiz adam idi, əlçatandı. Allah yerini behişt eləsin!”

Dostları deyir ki, sabiq nazir əylənməyi də çox sevirmiş. O, Bakının nüfuzlu əyləncə mərkəzinə tez-tez gedirmiş. Və özünü sanki nazir deyil də, adi bir vətəndaş kimi aparırmış. Natiq Əliyevi həmin məkanda hər kəs çox xoş qarşılayırmış. Çünki o, oradakı ofisiantlardan tutmuş hamı ilə tək-tək salamlaşıb, söhbətləşirmiş. Məkanı tərk edəndə də sözün əsl mənasında yaxşı bəxşiş qoyub gedirmiş.

Qeyd edək ki, o, evli olub, bir övladı (Fərhad Əliyev) və iki nəvəsi var. Natiq Əliyev 2017-ci il iyunun 8-i Türkiyənin İstanbul şəhərində müalicə olunduğu xəstəxanada ömrünün 69-cu yaşında dünyasını dəyişib. II Fəxri Xiyabanda dəfn olunub.

AZƏRBAYCANREALLIĞI.COM