Rusiyadan SENSASİYALI ERMƏNİSTAN QƏRARI: “5 günlük müharibə” xəbərdarlığı və Bakıya...

25, 07, 18
19:50

Rusiyadan SENSASİYALI ERMƏNİSTAN QƏRARI: “5 günlük müharibə” xəbərdarlığı və Bakıya...

Rusiya Ermənistana verdiyi qazın qiymətini artırmaqla bağlı siyasi qərar qəbul edib.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya hazırkı qaz müqaviləsi başa çatan kimi qiymətləri yüksəldəcək.

“Rus ekspertlərindən biri bizə dedi ki, Moskva Belarusa verdiyi qazın da qiymətini qaldıracaq və beləliklə eyni ittifaqda təmsil olunduğu Ermənistana hədəfinin o olmadığını göstərəcək. Lakin sonradan Belarusa verilən qazın qiyməti əvvəlki həddə endiriləcək, Ermənistan isə yüksək qiymətlə qazı almağa davam edəcək. Moskva hazırda Ermənistanın yeni rəhbərliyinə etibar etmir. Həmçinin, verdiyi qərarlarla bağlı İrəvanı məlumatlandırmır”, - deyə qəzet yazıb.

Qəzetə danışan rusiyalı ekspert Ermənistana Gürcüstanın taleyini xatırladıb.

“Qərb kömək etmədi və Gürcüstanın xarici borcu 14 milyard dollar oldu. Gürcüstan Abxaziyasız və Cənubi Osetiyasız qaldı”, - deyə ekspert qeyd edib.

Ermənistan mediası isə bu addımı Rusiyanın Ermənistana qarşı geosiyasi təzyiqi olaraq xarakterizə edib.

Erməni siyasi şərhçi Naira Ayrumyan yazır ki, qaz Rusiya üçün həmişə geosiyasi rıçaqdır.

“Ermənistan dünyanın ən böyük qaz təchizatçılarından olan İranla qonşu olsa da, qazı Rusiyadan qalır. Gürcüstan vasitəsilə gələn qaza tranzit haqqı da ödənilir. Lakin Rusiya qazı məhz ondan almaqla bağlı təkid edir. Ermənistanın əvvəlki rəhbərliyi Rusiya ilə maraqlı sxem üzərində razılaşmışdı: Rusiya sərhədə gələn qazın qiymətini Ermənistan üçün endirir, (1000 kubmetrə 150 dollar) lakin bu, sonradan daxili qiymətlərin hesabına kompensasiya edilir. Nəticədə 1000 kubmetr qaz 289 dollara başa gəlir. Ermənistanın yeni rəhbərliyi bu sexmi dəyişdirmək fikrindədir və qazı İrandan almaq istəyir. Rusiya buna imkan vermək niyyətində deyil. Rus ekspertin Ermənistanı Gürcüstanın taleyi ilə qorxutması da buna hesablanıb”, - deyə o qeyd edib.

Qeyd edək ki, Mixail Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstan Rusiyadan üz çevirərək Qərblə əməkdaşlığa başladı. Buna cavab olaraq Rusiya 2008-ci ildə “5 günlük müharibə” ilə Tbilisini cəzalandırdı və Abxaziya ilə Cənubi Osetiya Gürcüstandan ayrıldı. Qərb sözdə nə qədər danışsa da, əməldə Gürcüstana kömək etmədi. Bu gün Gürcüstan Rusiya ilə münasibətləri yenidən qurmağa can atır. Görünür, Moskva İrəvana “5 günlük müharibə” ssenarisini xatırlatmaqla xəbərdarlıq edir. Əgər proseslər rusların istədiyi kimi davam etməsə, Ermənistana müdaxilə ola bilər. Bu ssenari həm də Azərbaycana işğal olunmuş torpaqlarının azad edilməsi üçün yeni şans yarada bilər.

Asif 

Bizimlə əlaqə saxlayın