Əvəz Zeynallı ev dustaqlığına buraxılarmı? - Gözlənti

01, 10, 22
13:00

Əvəz Zeynallı ev dustaqlığına buraxılarmı? - Gözlənti


Xəbər verildiyi kimi, Azərbaycanın 8 partiyası - Klassik Xalq Cəbhəsi Partiyası, Demokrat Partiyası, Demokratiya və Rifah Partiyası, Ümid Partiyası, Yüksəliş Partiyası, Milliyyətçi Demokratik Partiyası, Milli Dövlətçilik Partiyası və Xalq Partiyası dünən jurnalist Əvəz Zeynallı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunur ki, Əvəz Zeynallının həbsi cəmiyyətdə birmənalı qarşılanmayıb və müraciəti imzalayan partiyaların da rəyi ondan ibarətdir ki, Ə.Zeynallının həbs olunmasına səbəb irəli sürülən və əsaslığı açıq-aşkar şübhə doğuran rəsmi ittiham deyil, onun məmur özbaşınalığına, korrupsioner, rüşvətxor məmurlara qarşı, haqqı və hüququ pozulan vətəndaşların problemlərinin ictimailəşdirilməsi sahəsində ardıcıl tənqidi çıxışları, söz və ifadə azadlığı məsələsində barışmazlığı və prinsipial mübarizəsidir.

Əvəz Zeynallının həbsi müstəqil medianı susdurmaq, peşə fəaliyyətinə görə təqib, söz və ifadə azadlığının boğulması aktı kimi dəyərləndirilir və ölkədə sağlam ictimai-siyasi mühitin formalaşmasına zərər vurduğu, beynəlxalq aləmdə dövlətin imicinə xələl gətirə biləcəyi bildirilir, eyni zamanda, onun səhhətində problemlər olduğu nəzərə alınmaqla, Prezidentdən jurnalist haqqında həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması xahiş edilir. DİA.AZ-ın məlumatına görə, jurnalistlə bağlı prezidentə müraciət edən Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a ümidli olduğunu deyib: “Ümid edirik ki, baxılacaq, Əvəz Zeynallının ən azı istintaq dövründə ev dustaqlığına buraxılması məsələsinə humanizm göstərilərəcək, qanun nəzərə alınacaq. Çünki onun həbsdə saxlanması üçün, hüquqşünasların da dediyinə görə, heç bir zərurət yoxdur, yəni müsbət həll oluna bilər”.

Partiya sədri müraciətində deyib ki, 200 mindən çox abunəçisi olan, verilişlərinə hər ay bir neçə milyon şəxsin baxdığı, ictimai rəyin formalaşmasında mühüm rol oynayan, məmur özbaşınalığına və korrupsionerlərə qarşı kəskin mübarizəsi, vətəndaşların pozulmuş hüquqlarını ictimailəşdirməsi ilə tanınan “Xural” internet televiziyasının yaradıcısı Əvəz Zeynallı şübhəli cinayət işində təqsirləndirilən şəxs kimi həbs edilib: “Əvəz Zeynallının həbsini cəmiyyətin ən müxtəlif təbəqələri müstəqil media üzərinə məmur özbaşınalığının, korrupsioner və rüşvətxorların revanşı, əks-hücumu, qisası kimi qarşılayır, medianı susdurmaq əməliyyatı, peşə fəaliyyətinə görə təqib, söz və ifadə azadlığının boğulması aktı kimi dəyərləndirir. İctimai rəy Əvəz Zeynallının həbsini həm də onun ölkənin milli təhlükəsizliyi üçün təhdid olan xarici qüvvələrin, daxildəki ”5-ci kolon"un səylərinin nəticəsi kimi qarşılayır. Bu müddətdə irəli sürülən ittihamların əsaslılığına və xüsusən hüquqi araşdırmanın aparılması dövründə Əvəz Zeynallının həbsdə saxlanması zərurətinə inandıran mötəbər sübut və dəlillər ortaya qoyulmayıb.

Əvəz Zeynallının həbsinin ölkədə siyasi mühitə zərər vurduğunu, dövlətin imicinə xələl gətirə biləcəyini, eyni zamanda səhhətində problemlər olduğunu nəzərə almağınızı, onun haqqında həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına kömək göstərmənizi xahiş edirəm".

Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı da mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Partiyalardan əvvəl 71 jurnalist tərəfindən də Prezidentə müraciət imzalandı. Onlar da Əvəz bəyin azadlığını xahiş etdilər. 8 siyasi partiya da imza atıb, o biri partiyaların da öz səbəbləri var. Yəqin ki, onlar ayrıca hansısa müraciət edəcəklər, belə dedilər. Hazırda vətəndaş cəmiyyətinin nümayəndələri çox maraqlanırlar, vəziyyətini soruşurlar. Yəqin ki, onların da bir müraciəti olacaq”.

Həyat yoldaşı jurnalistin səhhətindən nigaran olduqlarını deyib: “Heç özü ilə bağlı hər hansı məlumat yoxdur. Sağlamlıq durumu yaxşı deyil. Gözündə problem var. O, özü həbsdən əvvəl yoxlatdırmışdı, demişdilər mütləq əməliyyat lazımdır. İndi orada həkim baxıb, deyib ki, müalicəyə ehtiyacı yoxdur. Necə olur ki, burada əməliyyata ehtiyacı olurdu, orada yoxdur, onu başa düşmədim. Hər cür vasitə ilə gərginlik yaratmağa çalışırlar. Prosesin necə gərginliyə doğru getdiyini görürəm. Ona görə ümidim azdır.

Məsələn, dünən Əvəz bəyin bir çıxışını qoyub baxıram. “Tərtər hadisələri” ilə bağlı Xanlar Əliyevin adını çəkib. Təxminən səhərə yaxın 200 troll orada ağıllarına nə gəldi yazıblar. Mən hiss edirəm ki, bununla bağlı çox narahatdırlar. Görünür, Xanlar Əliyevin dəstəsi çox narahatdır ki, “Tərtər məsələsi”ni tez-tez gündəmə gətirib. Çünki onların yazılarından da çox şey bəlli olur. Bununla belə, əlimizdən nə gəlirsə, Əvəz bəyin hüquqlarını müdafiə etməyə çalışacağıq".

Yeri gəlmişkən, Avropa İnsan Hüquqları Məhkəməsi oktyabrın 6-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə iki qərar elan edəcək. Aihmaz.org yayıb ki, “Xural” qəzetinin və nəşrin baş redaktoru Əvəz Zeynallının şikayəti qəzetdə dərc edilmiş məqalə ilə əlaqədar məhkəmə qərarına bağlıdır. Məqalədə yüksək rütbəli dövlət məmurunun parlament seçkisinə müdaxilə etdiyi iddia olunub, qəzet və baş redaktor məhkəməyə verilib, üzr istəmək, təkzib dərc etmək və 10 min manat təzminat ödəmək vəzifəsi qoyulan qərar çıxarılıb. Avropa Məhkəməsinə şikayətdə Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan ifadə azadlığı hüququna müdaxilənin baş verdiyi iddia olunur.

Əvəz Zeynallı “Xural” qəzetini 2002-ci ildə yaradıb. 2011-ci il oktyabrın 19-da “Xural”ın əmlakı məhkəmə iddiaları üzrə çıxarılmış qərarlara görə müsadirə olunub. Ertəsi gün qəzetin nəşri dayanıb. Oktyabrın 28-də Əvəz Zeynallı həbs edilib. Külli miqdarda rüşvət alma və vergi ödəməkdən yayınmada təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilən Əvəz Zeynallı 2014-cü il dekabrın 30-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Qeyd edək ki, 2015-ci ildə Əvəz Zeynallı “Xural” internet televiziyasını təsis edib. 2022-ci il sentyabrın 10-da o, külli miqdarda rüşvət almaq ittihamı ilə tutulub, sentyabrın 21-də ona vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb. 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın