Paşinyanın islahatçı imici dağılır – baş nazirin başı dərddə

25, 07, 18
10:37

Paşinyanın islahatçı imici dağılır – baş nazirin başı dərddə


Erməni nəşri: “Xalq üsyanı gözlənilən dividendləri gətirməyib”; erməni ekspert: “Yeni hökumət iqtisadi sahədə sıçrayış edə bilmir”; daha bir nüfuzlu Rusiya nəşri Paşinyanı “vurdu”; sabah erməni baş nazir Putinlə ikinci görüşə gedir - kritik gözlənti... 

Artıq üçüncü aydır Ermənistana baş nazirlik edən Nikol Paşinyanın işləri, deyəsən, yaxşı getmir. Hər halda, bu müddətdə o, öz xalqına vəd elədiyi islahatları həyata keçirmək üçün zəruri siyasi-iqtisadi və hüquqi zəmin (müstəvi) yarada bilməyib. Ermənistanın Rusiyadan vassal asılılığı bu yöndə müsbət nəticəni bir az da əlçatmaz edib.
Qərb isə artıq açıq şəkildə mesaj verib ki, - Brüssel səfəri buna şübhə yeri saxlamadı, - yeni hökumət ondan ciddi maliyyə-siyasi dəstəyi almaq istəyirsə, Ermənistanı Rusiyanın təsir zonasından uzaqlaşdırmağa başlamalıdır. Əks halda, nə ABŞ, nə də Avropa Birliyi İrəvana Köçəryan-Sərkisyan dönəmindəkindən artıq dəstək verməyəcək.
Məsələ də elə Moskvanın orbitindən uzaqlaşmaqdadır. Çünki Paşinyan Kremlin qəzəbinə tuş gəlməkdən qorxur. Yekun etibarilə vaxt gedir və narazı xalqın ona ayırdığı etimad limiti yavaş-yavaş “əriyir”. Paşinyan iqtidarına müxalifətdə olan qüvvələrə və Moskvaya da elə bu lazımdır.
*****
“Nikol Paşinyanı hakimiyyətə gətirən xalq üsyanı hələ ki gözlənilən dividentləri gətirməyib. İctimaiyyət öz gündəlik həyatında inqilabın doğurduğu eyforiyadan başqa hələ heç bir müsbət dəyişiklik hiss eləmir. Əgər gözləntilər zamanında doğrulmasa, eyforiya müvəqqəti ola bilər”. “Yeni Müsavat”ın məlumatına görə, bu belə bir xəbərdarlıq ingilis dilli “The Armenian Mirror Spectator” nəşrindəki tənqidi məqalədə yer alıb.
paÅinyan ile ilgili görsel sonucu
“Ermənistan daxili problemlərə regional siyasi kontekstdə baxılmalıdır ki, ən az müdaxilə doğursun. Situasiya, üstəlik, Ermənistanın yeni hökumətinin seçdiyi siyasi hədəflərə münasibətdə Moskvanın artan şübhələri ilə daha da qəlizləşməkdədir. Rusiya nümayəndə heyəti artıq Azərbaycana (Cocuq Mərcanlı - ”YM".) baş çəkib və bununla Qarabağ məsələsində tutduğu mövqeyə görə Ermənistana zərbə vurub", - deyə məqalədə qeyd olunur.
Öz növbəsində erməni politoloq Ayk Balayan hökumətdə vərəsəliyin saxlanmasına təəssüfləndiyini bildirib. 1 in.am nəşrinə açıqlamasında Balayan deyib: “Ermənistanın iqtisadiyyatında, idarəçilik yanaşmasında mövcud olmuş köhnə sosial-iqtisadi və sosial-siyasi sistem hələ də qalır. Yeni hakimiyyət iqtisadi idarəçilik anlamında sıçrayış edə bilməyib”.
*****
Bu arada Rusiyanın aparıcı KİV-lərində Paşinyan hökumətinə qarşı sərt tənqid və təhdid xarakterli, aşağılayıcı tonda yazılar davam edir.
“Ermənistanın yeni baş naziri Nikol Paşinyan Qərbə dreyf eləməkdə davam edir. Eyni zamanda Şərqə doğru tədricən, lakin inamlı şəkildə genişlənmədkə olan NATO-ya aydın şəkildə işarə edir ki, bu hərbi blokla ünsiyyətin də əleyhinə deyil”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə gazeta.ru saytındakı məqalədə deyilir.
paÅinyan ile ilgili görsel sonucu
Nəşr ardınca Paşinyanın Brüssel sammitində yeganə KTMT ölkəsi rəhbəri olduğunu xatırladaraq yazır: “Erməni KİV-ləri Paşinyanın Brüsseldəki görüşlərini ən geniş şəkildə işıqlandıraraq, bunu böyük hadisə kimi qələmə verməyə çalışdı. Əslində isə bütün görüşlər məhz Paşinyanın təşəbbüsü ilə baş tutan birgə foto çəkməkdən savayı bir şey deyildi. ABŞ prezidenti Donald Trampın alyansın maliyyə xərclərini artırmaqla bağlı tələblərindən şoka düşən NATO ölkələri liderləri Paşinyanın onlara nə deməyə çalışdığının mahiyyətinə diqqət belə etməyə lüzum görmədilər. Paşinyanın Tramla görüşü xüsusilə gülməli oldu. Erməni baş nazir əvvəlcə ABŞ liderini çıxışların birində gözləyirdi. Ancaq görəndə ki, Tramp öz xanımı ilə başqa çıxışdan çıxır, tez dislokasiyasını dəyişib cütlüyə tərəf qaçdı və əlini Amerika prezidentinə uzatdı. Tramp da yoluna kimin çıxdığını düz-əməlli anlamadan inersiya üzrə gülümsədi. Amma əsas odur ki, iş artıq görülmüşdü. Yəni Trampın Paşinyanın əlini sıxması diplomatik uğur kimi qələmə verilmişdi. Halbuki gerçəkdə belə şey olmamışdı. Bunu anlamaq üçün xarici siyasət məsələlərində ekspert olmağa lüzum yoxdur. Kim Kardaşyan az öncə Ağ Evdə Trampdan daha böyük zaman qopara bilmişdi, nəinki Paşinyan Brüsseldə Ağ Ev başçısından. Üstəlik, Brüsseldəki lətifəyə bənzər əl görüşdü səhnəsindən fərqli olaraq, realiti-şou ulduzun nümunəsində Tramp dəqiq bilirdi ki, qarşısındakı kimdir”.
paÅinyan ile ilgili görsel sonucu
Gazeta.ru daha sonra Paşinyanı bir az da aşağılayaraq yazır: “Onun NATO ölkələri liderlərinə yaltaqlanması, həmçinin ”Euronews"a müsahibəsində Moskva ilə münasibətləri inkişaf etdirmək istədiyini söyləməsi onu göstərirdi ki, erməni baş nazir çoxvektorlu siyasət seçimi təsəvvürü yaratmağa çalışır. Ancaq Paşinyanın komandasındakı qərbyönlü personajları nəzərə alanda buna inanmaq çətindir. Bununla belə, çətin ki, o, Avropadan pul ala bilsin. Brüsseldə Paşinyana aydın şəkildə anlatdılar ki, Avropa Birliyi Ermənistana inqilaba qədər vəd elədiyindən artıq pul verməyəcək. Odur ki, iqtisadiyyatı inkişaf etdirməkdən başqa yol qalmır. Lakin Paşinyan Brüsseldə belə bir bəyanat da vermişdi: korrupsiya ilə mübarizə çox sadədir - əgər korrupsioneri yaxşı silkələsən, onun cibindən istənilən məbləğ çıxar. Bu da bir şeyi göstərir: Paşinyan əmindir ki, hələ populizm resursu xərclənib qurtarmayıb. Odur ki, ölkənin real iqtisadi inkişafı hələ gözləyə bilər".
*****
paÅinyan ile ilgili görsel sonucu
Sabah isə populist baş nazir Paşinyan ikinci dəfə Rusiyaya səfərə yollanacaq. İyulun 26-27-də o, Sankt-Peterburqda Avrasiya Birliyinin toplantısına qatılacaq və toplantı çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Diqqətçəkicidir ki, səfər öncəsi Ermənistandakı Rusiya hərbi kontingenti ətrafında Panik kəndindəki məlum insidentdən dolayı növbəti gərgin vəziyyət yaşanır. Maraqlıdır ki, səfərə iki gün qalmış Putinlə Pşainyan arasında telefon danışığı olub. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, telefon danışığı zamanı Avrasiya İqtisadi İttifaqına və ikitərəfli əməkdaşlığa aid olan məsələlər müzakirə edilib.
Bütün hallarda Brüssel səfərindən sonra Paşinyanı Rusiyada çətin sualların gözlədiyini söyləmək olar.
“Paşinyan Moskvanın nəbzini yoxlayır”. Bunu politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, erməni baş nazir odla su arasındadır: “Ermənistanın baş naziri bir tərəfdən anlayır ki, ölkəsi Rusiyanın vassalıdır və bu asılılığı azaltmaq üçün hansısa mexanizmləri hərəkətə gətirməlidir. Ancaq digər tərəfdən, bu mexanizmləri hərəkətə gətirmək Moskvanın narazılığını artıracaq və bu amil Paşinyanın hakimiyyətini laxladacaq, onun əleyhinə işləyəcək. Serj Sərkisyan və Robert Köçəryan pusqudadır”.
Politoloqa görə, Ermənistan Rusiyadan nə qədər çox uzaqlaşarsa, bu, Güney Qafqazın, Azərbaycanın xeyrinədir: “Ancaq bunun baş verəcəyi ehtimalını yüksək hesab eləmirəm. Paşinyan hələ ki Qərbin onu dəstəkləyəcəyinə əmin deyil. Ermənistan üçün Rusiyadan qopmaq asan yox, bəlkə də mümkün deyil. Bunu istəyənlər ya devrilirlər (Levon Ter-Petrosyan kimi), ya da qətlə yetirilirlər (1999-cu ildə Ermənistan parlamentinin gülləbaran olunması)”...

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın