10 noyabrda Putinin zamin durduğu hansı şifahi razılaşma əldə olunub? - Detallar

Manşet / Gündəm
 20-09-2022, 12:00     689


Ermənistanın keçmiş xarici işlər naziri (1998-2008) Vardan Oskanyan media üçün yazdığı məqalədə Azərbaycanla Ermənistan arasında baş verən yeni hərbi toqquşmanı dəyərləndirib və Ermənistan üçün mövcud vəziyyətdən çıxış yollarını təklif edib.

"Danışıqlar prosesində uzun illər təcrübəsi olan hər bir şəxs bugünkü hadisələri görərək iki ildir Ermənistan cəmiyyətini narahat edən sualın cavabını çox aydın təsəvvür edə bilər: 2020-ci il noyabrın 9-10-da nə müzakirə olunub.

Şübhəsiz ki, həmin gün, həmin saatlarda gündəmi diktə edən Əliyev olub. Şuşaya daxil olduqdan sonra bir neçə saat ərzində bütün "Artsax”ı ələ keçirmək imkanı qazandı. Asanlıqla başa düşmək olar ki, Əliyev həmin gecə bu mövqedən çıxış edərək masaya maksimum tələblərini qoyub:

Qarabağ Azərbaycanın bir hissəsidir, Zəngəzur dəhlizi, anklavlar daxil olmaqla sərhədlərin Azərbaycanın xeyrinə demarkasiyası. 

Danışıqlar prosesində hətta ən zəif mövqelərdə olan tərəfə də simasını xilas etmək imkanı verilir. Təxmin edirəm ki, bu üç məsələ yazılı atəşkəs bəyanatından kənarda qalıb, lakin Putinin şahidi və qarantı olduğu şifahi razılaşma əldə olunub.

İndi bu razılaşmaların icrası ləngiyəndə Əliyev güc yoluna əl atır. Bu fərziyyəyə əsaslansaq, Paşinyanın bu vəziyyətdə manevr imkanı yoxdur və Rusiyanın susması haqlı olmasa da, ən azı başa düşüləndir. Putinin əli təkcə onun zəifləmiş geosiyasi mövqeyi ilə deyil, həm də noyabrın 9-da verilən şifahi vədin şahidi olması ilə bağlıdır. Buna görə də, yeni danışıqlar aparan şəxsin,  yəni ölkənin yeni liderin meydana çıxması günün şərtinə çevrilir.

Əgər emosional etiketlərdən imtina etsək və mövcud vəziyyətin Paşinyan üçün xoşagəlməz və arzulanmaz olduğu ehtimalından çıxış etsək, o, ya bu tezisi təkzib etməli, sözlə və birbaşa addımları ilə heç nə vəd etmədiyini deməli, yəni bunu sübut etmək üçün siyasət məntiqini kökündən dəyişdirməli və ya istefa verməlidir.

Son hadisələr göstərdi ki, hərbi həll Azərbaycan üçün heç də asan və arzuolunan deyil, ona görə də Paşinyanın burada manevr imkanı var. Əgər etməsə, onda müəyyən vədlərin olduğunu güman etmək qalır.

Yeni danışıqlar aparan şəxsin meydana çıxması nəinki Ermənistanı bu vədlər zəncirlərdən azad edəcək, həm də Rusiyanın tələsik və sərfəli olmayan qərarlar əvəzinə yeni danışıqlar mərhələsinə başlamaq üçün əl-qolunu açacaq.

Qərbə gəlincə, o, Ermənistan hakimiyyətinin siyasətində Qarabağdan imtina etmək meylini müşahidə edir, bunu sülhə nail olmağın ən qısa yolu kimi görür, hansı ki, Rusiyanın mövcudluğunun zəifləməsinə gətirib çıxaracaq və onun tədricən regiondan çıxmasına kömək edəcək. Bu, bəlkə də, hərbi toqquşma zamanı Qərbin oynadığı müsbət rolu, Azərbaycana təzyiqləri, nəticə olaraq - kövrək barışıq əldə etməsini izah edə bilər.

Bununla belə, Qərb də Ermənistan hakimiyyətinin verdiyi vədlərin girovudur. Aydındır ki, Ərdoğanın Avropa İttifaqının üzvü olan Yunanıstana qarşı aqressiv bəyanatları və bir çox başqa hallar heç kəsdə şübhə yaratmamalıdır ki, Qərbin də Türkiyə-Azərbaycan tərəfinin tam qələbəsini arzulamaq üçün heç bir məqsədi, istəyi və səbəbi yoxdur. 

Ona görə də yeni danışıqlar aparan şəxs, onun ətrafında formalaşan yeni yanaşmalar və diplomatik komanda şəraitində erməni maraqlarının güdülməsi, şübhəsiz ki, qısa zamanda Qərbin bu məsələyə yanaşmalarını dəyişməyə imkan yaradacaq. Ancaq bunun üçün yenə də həm Rusiya, həm də Qərb üçün yeni danışıqlar gündəmini formalaşdıracaq yeni danışıq aparan şəxs lazımdır.

Yeni danışıqlar aparan şəxsin xarici siyasətinin əsasını nə təşkil etməlidir?

A) Qarşılıqlı tamamlama siyasəti. Rusiya ilə Qərb arasındakı ziddiyyətləri nəzərə alsaq, bu gün bunun mümkün olmadığını iddia edənlər var. Ancaq burada ən azı iki şeyi unudurlar:

- Bu gün Şərq-Qərb ziddiyyəti blokların deyil, ayrı-ayrı ölkələrin ziddiyyətidir. Rusiya - Qərb, Çin - ABŞ. Bu siyasət, bu və ya digər tərəflə yaxşı münasibətdə olan ölkələri seçim etməyi özündə əks etdirmir və ya buna məcbur etmir. Yeri gəlmişkən, bundan ən çox Türkiyə və Azərbaycan istifadə edir;

- Bu gün Ermənistan bu və ya digər tərəfdaşla istənilən səviyyədə əməkdaşlığa haqq qazandıra bilər. Səbəb və şəraitdən asılı olmayaraq, fakt ondan ibarətdir ki, 44 günlük müharibədən və Ermənistanda baş verən son hadisələrdən sonra Rusiyaya qarşı ümumi məyusluq formalaşıb.

Ermənistan öz maraqlarından çıxış edərək və Rusiya ilə münasibətlərini keyfiyyətli saxlayaraq, digər ölkələrin ona təklif etdiyi müxtəlif imkanlardan çəkinmədən maksimum istifadə edə bilər.

B) Yeni danışıqlar aparan şəxs və onun komandası müqavilə perspektivindən imtina etməyə ehtiyac duymur. Sadəcə olaraq, onun ətrafında formalaşmış və başqaları tərəfindən qəbul edilən mövcud konteksti dəyişdirmək lazımdır. Azərbaycan üçün bu sənəd müharibə nəticəsində artıq əldə edilmiş və gözlənilən qənimətlərin leqallaşdırılması və beynəlxalq səviyyədə tanınması vasitəsidir.

Ermənistanın da yanaşması eyni olmalıdır. Ermənistan üçün bu sənəd məntiqli, qeyri-ekstremist müddəalar da daxil olmaqla ciddi danışıqlar prosesinin tanınmasına və başlamasına nail olmaq üçün vasitəyə çevrilməlidir. Sənədə, ətrafında real danışıqların aparılacağı müddəaları - Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Respublikası ərazisindən çıxarılmasını; Dağlıq Qarabağın gələcək statusu məsələsi; əsirlərin qaytarılması; razılaşdırılmış və yalnız Azərbaycan tərəfini qane edən tələsik olmayan sərhədin demarkasiyası məsələlərini daxil etmək olar. 

Əks halda, bu gün baş verənlər danışıqlar deyil, Ermənistanı "Artsax”dan imtina etməyə məcbur etməkdir, hansını ki, Ermənistan sülh əldə etmək üçün qəbul edəcək. Və nə Rusiya, nə də Qərb müxtəlif səbəblərə görə və əsasən də yuxarıda qeyd olunan erməni tərəfinin fərqli tezis ortaya qoya bilməməsinə görə bu tezisə qarşı deyil”, - Oskanyan qeyd edib.

AZƏRBAYCANREALLIĞI.COM