Paşinyan niyə Əliyevlə üz-üzə gəlmək istəmədi? - Səmərqənd sabotajının pərdəarxası

15, 09, 22
16:44

Paşinyan niyə Əliyevlə üz-üzə gəlmək istəmədi? - Səmərqənd sabotajının pərdəarxası


Sabah Özbəkistanda Şanxay əməkdaşlıq təşkilatının sammiti keçiriləcək. Sammitdə Belarus, İran, Monqolustan, Azərbaycan, Ermənistan, Türkmənistan və Türkiyə liderlərinin iştirakı nəzərdə tutulsa da, son anda Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak etməkdən boyun qaçırdı.

Buna səbəb nədir? Paşinyan niyə sərhəddəki gərginliyin müzakirə oluna biləcəyi bir tədbirdə iştirakdan imtina etdi?

BDU-nun müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov deyib ki, Paşinyanın görüşdən imtina etməsi əslində maraqlı məqamdır:

“Daha öncədən görüşün dördtərəfli keçiriləcəyi bildirilirdi. Ehtimal var idi ki, görüş İlham Əliyev, Ərdoğan, Putin və Paşinyan arasında keçirilsin. Sentyabrın 12-si cəbhə xəttində Ermənistan tərəfindən törədilən təxribatlar gərginliyə səbəb oldu.

Düşünürdük ki, Özbəkistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Azərbaycan-Ermənistan arasında imzalanacaq sülh müqaviləsi yenidən müzakirə olunacaq və növbəti addımlar atılacaq. Ermənistanın təxribatı vəziyyəti tamamilə dəyişdi. Artıq nə sülh müqaviləsindən söhbət gedir, nə də delimitasiya və demarkasiya məsələsindən.

Paşinyanın görüşdən imtina etməsinə səbəb ölkəsində baş verən aksiyaları bəhanə etməsidir. Ölkədəki gərginliyi yatırmaq üçün görüşdən imtina etdi. Ancaq əsl səbəb başqadır. Fikrimcə Paşinyanın görüşdə iştirak etməsi revanşist qüvvələrin əlinə yeni imkanlar verə bilərdi. Digər bir səbəb kimi Paşinyanın Əliyevə, Putinə və Ərdoğana törətdiyi təxribatın cavabını verə bilməməyini görürəm. Əgər görüşdə iştirak etsə idi, sülhə məcbur edilə bilərdi.

Paşinyanın görüşdən imtina etməsi Ermənistanın vəziyyətini daha da ağırlaşdırdı. O, bu hərəkəti ilə bir daha sübut etdi ki, təxribatların törədilməsinin məsuliyyəti Ermənistanın üzərindədir”.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın