"Rusiyanın qətiyyən maraqlı olmadığı danışıqlara çağırışlar ən yaxşı halda illüziyadır”

28, 08, 22
15:00

"Rusiyanın qətiyyən maraqlı olmadığı danışıqlara çağırışlar ən yaxşı halda illüziyadır”


"Silahlar susmalıdır!" - Sosial Demokrat Partiyasının sol qanadı Rusiya ilə sülh danışıqlarına çağırış etdi və tənqid olundu 

“Kim sülh istəyirsə, indi Ukraynanı o qədər siyasi və hərbi cəhətdən dəstəkləməlidir ki, Rusiya danışıqlar masasına oturmağa məcbur olsun” 

Sosial Demokrat Partiyasının sol qanadının siyasətçilər qrupu Almaniyanı Ukraynada tezliklə atəşkəsə nail olmaq və Rusiya ilə tezliklə sülh danışıqlarına başlamaq məqsədi ilə diplomatik təşəbbüslə çıxış etməyə çağırır. 
 
"Azərbaycan Reallığı" N-TV kanalına istinadla bildirir ki, bu təklif Almaniyanın bir çox partiyaları, o cümlədən sosial-demokratların özləri tərəfindən anlaşılmazlıqla qarşılanıb və tənqidlərə səbəb olub. 

Almaniya telekanalı xəbər verir ki, bir qrup SDP siyasətçisi Ukraynada hərbi əməliyyatları mümkün qədər tez dayandırmaq üçün diplomatik təşəbbüs göstərməyə çağırır. “Biz hərtərəfli sülh danışıqları üçün başlanğıc nöqtəsi kimi tezliklə atəşkəsə nail olmalıyıq”, - deyə sosial-demokratların sol qanadının “Silahlar susmalıdır!” çağırışında deyilir. 
 
Müəlliflər sənədin mətnində etiraf edirlər ki, Moskva ilə münasibətlərin tam yaxşılaşması yalnız Vladimir Putin hakimiyyətdən gedəndən sonrakı dövrdə mümkündür. Onlar həmçinin Ukraynanın özünümüdafiə hüququnu tanıyırlar. Buna baxmayaraq, SDP nümayəndələri "bəzilərinin bəyənmədiyi reallıqların etirafına əsaslanaraq, Rusiya hökuməti ilə müharibənin daha da genişlənməsini istisna edəcək rejim tapılmalıdır" deyə tələb edirlər. Bunun üçün onların fikrincə, Ukrayna ilə Rusiya arasında razılaşma lazımdır. 

Müraciəti imzalayan SDP siyasətçiləri arasında Bundestaq deputatları Yan Diren, Rayner Keller, Tina Rudolf, Karolin Vaqner və Yens Payk, Avropa Parlamentinin deputatları Ditmar Köster, Konstantse Krel və Yoahim Şuster, əyalət parlamentlərinin bir neçə deputatı, Bremen şəhərinin keçmiş meri Karsten Zilinq, Bremendən olan SDP sədri Raynhold Vetjen, həmçinin Dortmund Bələdiyyə başçısı Tomas Vestfal var. Ukraynada müharibəyə son qoymağa çağıran bu şəxslər həmçinin Çinin vasitəçilik rolunu müdafiə edir və Ukraynaya ağır hərbi texnikanın tədarükünə qarşı xəbərdarlıq edirlər. Bunun əvəzinə onlar “qlobal yumşaltma siyasəti”nə yeni cəhd göstərməyi zəruri hesab edirlər.
 
SDP-nin xarici siyasət üzrə eksperti Mixael Rot, əksinə, “Kim sülh istəyirsə, indi Ukraynanı o qədər siyasi və hərbi cəhətdən dəstəkləməlidir ki, Rusiya danışıqlar masasına oturmağa məcbur olsun” deyir. Gənc sosialistlər də partiyanın sol qanadının çağırışından narazıdırlar. “Rusiya ilə danışıqların nə vaxt aparılacağına Kiyev qərar verir. Almaniyadan silahların susdurulmasını tələb etmək mərhəmətsizlik deməkdir”, - deyə SDP gənclər təşkilatı “Twitter”də bildirib. 

XDİ/XSİ və Yaşıllar Partiyasından olan siyasətçilər sosial-demokratların belə bir təşəbbüsünə təəccübləndiklərini bildiriblər. "SDP-də sülh danışıqları tələbləri davam etsə də, Putin Ukraynanı məhv etmək üçün əsgərləri və avadanlıqları səfərbər etməyə davam edir. Rusiyanın qətiyyən maraqlı olmadığı danışıqlara çağırışlar ən yaxşı halda illüziyadır”, - deyə XDİ-nin xarici siyasət üzrə eksperti Norbert Röttgen tvitter hesabında yazıb. "Reallığa nə qədər göz yuma bilərsiniz?", - deyə yaşılların sözçüsü və müdafiə siyasəti üzrə ekspert Sara Nanni Twitter-də “SDP-dəki solçu siyasətçilər “reallığın tanınmasını” “Ukrayna cəmiyyətinin məhvi” kimi başa düşürlərmi?” sualını verib. 

"Bu insanlara kömək etmək mümkün deyil", - deyə XSİ-dən olan deputat Florian Han da çağırışa tənqidi yanaşıb. Onun sözlərinə görə, “Rusiya hərbi yolla buna məcbur edilməyincə ciddi danışıqlar olmayacaq”. Onun fikrincə, Almaniya Ukraynaya ciddi dəstək verməli, o cümlədən ağır silahların tədarükü ilə təmin etməlidir.

 AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın