Prezidentdən 4 ünvana müştərək XƏBƏRDARLIQ

15, 08, 22
12:00

Prezidentdən 4 ünvana müştərək XƏBƏRDARLIQ


Azərbaycan Prezidentinin AzTV-yə son müsahibəsində Qarabağa bağlı söylədikləri ən əvvəl Ermənistandakı qaynar başlar üçün “soyuq duş” effektli sayıla bilər. İlham Əliyevin mesajları eyni zamanda, kapitulyant ölkənin daxili auditoriyasına, erməni cəmiyyətinə ünvanlanmışdı. 

Qalır bu mesajları düzgün oxumaq. Əks halda, nə olacağı gərək ki, qaranlıq olmasın: “Qisas əməliyyatı”nın davamı, yeni “Dəmir yumruq” qaçılmaza çevriləcək!

“Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir. Bu, Ermənistanın öhdəliyidir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib və biz buna nail olacağıq”.

Prezidentin rəsmi İrəvana sərt xəbərdarlıq xarakterli bu sözlərinin, əslində, bir açması da odur ki, Ermənistanda hakimiyyət dəyişikliyi olsa belə, radikal müxalifətin iddia etdiyi kimi, 10 noyabr sənədi qüvvəsini itirməyəcək. Yəni əgər erməni toplumunda hələ də ura-patriotlara, daha dəqiqi, keçmiş Köçəryan-Sərkisyan xunta rejiminin nümayəndələrinə biyət edənlər qalıbsa, təcili ayılsınlar və öz işlərini bilsinlər, xəyalpərvərlərin və avantüristlərin boş sözlərinə inanmasınlar, revanşist-radikalların ardınca getməsinlər. Çünki ortada hər şeydən öncə qalib Azərbaycan dövləti və onun Prezidentinin dəyişməz iradəsi və qətiyyəti var.

İlham Əliyevin “Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir, bu, Ermənistanın öhdəliyidir” fikri, şübhəsiz, həm də tələsmək üçün Rusiyaya ünvanlanmış ismarışdır. Ona görə ki, həmin öhdəliyin altında Rusiya rəhbəri Putinin də imzası durur...

Məlumdur ki, əsasən, Qarabağ klanını təmsil edən erməni radikal müxalifətin baş tezisi budur ki, guya hakimiyyətə gələn kimi Nikol Paşinyanın İlham Əliyevlə imzaladığı bütün sənədləri qeyri-legitim, yəni qanunsuz elan edəcəklər. Azərbaycan lideri isə aydın şəkildə erməni cəmiyyətinə çatdırır ki, illüziyaya qapılmasın, belə şey gözlənilmir və olmayacaq! 10 noyabr sənədi bütünlüklə reallaşacaq, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı bənd hər cür müqavimətə rəğmən gerçəkləşəcək! Əks təqdirdə, müharibə qaldığı yerdən davam edə, erməni xalqı yeni fəlakətlərə tuş gələ bilər.

“İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar”.

Dövlət başçısının müsahibə zamanı dediyi bu fikir yuxarıdakı qənaətimizi daha da gücləndirir. Yəni erməni tərəfi odla oynamağa son qoymalı, nə qədər gec deyil, Azərbaycana qarşı ərazi iddiasından və “bəlkə də qaytardılar” xülyasından əl çəkməlidir.

“Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Ermənistan isə, sadəcə olaraq, yenə fitnəkarlıqla məşğuldur. Vaxt uzatmaq onlara heç nə verməyəcək. Əgər onlar fikirləşirlər ki, bir ildən, ya ilyarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər”.

Bunu da Müzəffər Ali Baş Komandan söyləyib. Yenə özəlliklə erməni toplumuna ünvanlı ismarışdır. Erməni xalqı keçən ilki parlament seçkilərdə “sülh mandatı” verib qalib elədiyi Nikol Paşinyan iqtidarına təzyiq eləsin ki, o, vaxtı və şansı itirmədən Bakı ilə ədalətli sülhə, barışığa nail olsun, nəinki erməni cəmiyyəti zamanın Ermənistana işlədiyini iddia edən siyasi şarlatanların, daşnak tör-töküntülərinin arxasınca getsin, yeni müharibəni yaxınlaşdırsın.

Söhbət özəlliklə Qarabağ erməniləri üçün “status” arzusu, hətta tələbindən gedir. Prezident bunun da xam xəyal olduğunu bildirməklə “yağlı nöqtə”ni qoydu.

Sitat: “Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə”.

İlham Əliyev erməni tərəfində bu xüsusda hələ də qalmaqda olan ən xəfif gözləntiləri darmadağın edərək, diqqəti ona çəkdi ki, danışıqlar masasında hər hansı statusdan, ümumiyyətlə, söhbət belə getmir. Yeri gəlmişkən, bu ismarışlar “status” kartı ilə, “konflikt həll olunmayıb”, “Minsk Qrupu” bəhanələri ilə bölgəyə “dal qapı”dan girmək istəyən, Qarabağda qalan ermənilərə yenə dövlət səviyyəsində yardımlar ayırıb separatçı ünsürləri şirnikləndirən bəzi xarici güclərə, Ermənistanın havadarlarına da ünvanlanıb.

Başqa sözlə, Prezident mesaj göndərdi ki, kim səmimi şəkildə bölgədə sülh və daimi əməkdaşlığın bərqərar olmasını istəyirsə, formul, format ortada: ilk növbədə “status”, “Qarabağ konflikti” sözlərini unudulmalı, yeni reallıq, təzə-status qeyd-şərtsiz qəbul edilməlidir!


Nəhayət, Prezidentin xəbərdarlıq mesajının 4-cü ünvanı Qarabağ erməniləri idi. İlham Əliyev onları faktiki vaxt itirmədən düzgün seçimə çağırdı. “Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Nə qədər onlar bunu tez dərk etsələr, o qədər də hamımız üçün yaxşı olar”, - söylədi.


“Hamımız üçün...” Yəni Azərbaycan da daxil olmaqla. Sonuncu sitatda əlbəttə ki, tolerantlıq, sülhpərvərlik elementi “qırmızı xətt” kimi keçir. Yəni Azərbaycan hərbi cəhətdən nə qədər qüdrətli dövlət olsa da, qat-qat üstün gücə malik olsa da, müharibə istəmir, müharibə bizim hədəfimiz, məqsədimiz deyil. Hədəfimiz köhnə səhifəni tezliklə qapadıb sülh, barışıq, əməkdaşlıq içində, dinc, yanaşı yaşamaqdır.


Əfsus ki, seçim yalnızca bizim əlimizdə də deyil. Ən əvvəl vətəndaşlarımız sayılan Qarabağ ermənilərinindir. Rəsmi İrəvanın de-fakto başlı-başına buraxdığı Qarabağ ermənilərinin.


“Qarabağda yaşayan ermənilər açıq-aydın gördülər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil... Onlar düzgün addım atmalı, başa düşməlidirlər ki, gələcəkləri ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir” – Prezidentin sözləridir.


Başa düşəcəklərmi?... (Musavat.com)


AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın