Yaşasın dediyin millət səni yaşada bilmədi - İnsanlar bir qazinin ölümünü səssizcə kənardan izləyir

14, 07, 22
18:00

Yaşasın dediyin millət səni yaşada bilmədi - İnsanlar bir qazinin ölümünü səssizcə kənardan izləyir


Biz Azərbaycanın ən yaxşı,ən mərd,ən qəhrəman oğullarını tanıdıq "44 günlük 2 ci Qarabağ müharibəsində". 30 illik həsrətə son qoyaraq bizə ən böyük sevinci yaşadan,bizə ən böyük hədiyyəni verən,cəbhədə döyüşərək canını,həyatını arzularını qurban verən Azərbaycanın cəsurları oldu.Köksündə neçə neçə güllər bitirəcək cənnət Qarabağı ayağımızın altına sərən,bizə Xarıbülbül gülünü hədiyyə edən əsl Azərbaycan Kişisi ŞƏHİD QAZİ adını qazandı.

Döyüşlər gedən müddətdə hər gün şəhid xəbərləri bir başqa ağrı- acı,qorxu-həyəcan yaşadırdı bizə.Bu gün isə biz,bizə şanlı qələbəni qazandırmış  Qazilərin intihar xəbərlərini alarıq.Bu çox ağrılıdır.Cənab prezident İlham Əliyev şəhid və qazi ailələrinə böyük dəstək verilməsi tapşırığını versə də,bu gün məmurlar tərəfindən buna məhəl qoyulmur.Üç mindən çox şəhidimiz Azərbaycanın ərazi bütövlüyünü qoruyarkən şirin canlarını fəda ediblər.10 mindən çox qazimiz əzalarını və sağlamlıqlarını itirərək bu gün həyatla mübarizədə tək qalıblar.

44 günlük müharibə günlərində bir nəfər kimi birləşib əsgərinə dayaq olan insanlar,indi bir qazinin ölümünü sadəcə səssizcə kənardan izləyir və susur.Bir Qazinin intihar etməsi nə deməkdir sizcə?Biz bunu hara yazmalıyıq?

Necə dilimizə gətirməliyik?Necə ifadə etməliyik ki,bu bizə utanc verməsin?İkinci Qarabağ müharibəsindən bu günədək 35 qazı sosial problemlərinə və şikayətlərinə baxılmaması səbəbilə intihar edib.Onlardan biri də özünü yandıraraq vəfat edən Mauqli ləqəbli Elvin Cəfərovdur.Görəsən çoxmu çətin oldu bizə Elvinə yardım etmək?Onun psixoloji durumunu düzəltmək? Axı o,bizdən nə istədi ki? Nə tələb etdi ki,bizdən biz onu bu qədər üzdük,incitdik və sonunda intihara sürüklədik? Cavabsız suallarımız nə qədər desək var...

təəssüf ki,suallara veriləcək cavabımız yoxdur.İnsanlar bir-birini sevə bilmirlər,bir-birinə diqqət verə bilmirlər  artıq.Hər kəsin içində nifrət kök salıb.Amma nə etmək olar,bir şeyi dəqiq bilirəm ki,Azərbaycan var olduqca qəhrəmanlarımızın əməlləri də yaşayacaq!   Çox təəssüf hissi ilə deyirəm:- Uğruna canını fəda etdiyin,yaşasın dediyin bu Millət səni yaşada bilmədi.Məkanın cənnət,yuxun şirin,məzarın Vətən olsun Elvin!

Yeganə Bağırova

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın