“Sülhməramlılar Laçının talan edilməsinə dəstək verir”

06, 07, 22
16:30

“Sülhməramlılar Laçının talan edilməsinə dəstək verir”


Laçın dəhlizinə alternativ çəkilən yolun tikintisi başa çatıb. Ermənilərin bir müddət sonra Laçını tərk edəcəyi artıq heç kimdə şübhə doğurmur. Bunu yaxşı başa düşən Ermənilər yenə öz xislətlərinə sadiq qalaraq Laçın şəhərinin mərkəzini və məskunlaşdığı kəndləri talan edir, infrastrukturu dağıdır, ağacları kəsir, ekoloji fəlakət törətməkdən əl çəkmirlər.

Mövzunu şərh edən hərbi ekspert Ədalət Verdiyev açıqlamasında deyib ki, Azərbaycan belə halların qarşısının alınması üçün bütün resurslarından geniş istifadə etməlidir.

“İcraçı olaraq belə halların qarşısının alınması üçün real mexanizm hazırda Rus sülhməramlılarıdır. Ruslar ərazinin erməni silahlılarından təmizlənməsinə göz yumaraq onlara dolayı yolla dəstək verir, infrastruktura, evlərə, təbiətə ziyan vuran ermənilərə gözün üstdə qaşın var demir. 

Birinci Qarabağ müharibəsinə qədər Laçında bir erməni də yaşamırdı. Hesab edirəm ki, Azərbaycan bu məsələləri beynəlxalq hüquq müstəvisində həll etməlidir. Çünki Rusiya və rus sülhməramlıları tərəfindən bizim xeyrimizə addım atılacağını gözləməyə dəyməz”.

Ekspert qeyd edib ki, bütün dünya Rusiyanın kim olduğunu, Ukraynada hansı vəhşilikləri törətdiyini bilir və görür: “Artıq il yarım keçməsinə baxmayaraq, Azərbaycanın işğaldan azad olunan ərazilərində ermənilərin vurduğu ziyanı hesablayıb kompensasiya ala bilməmişik. Hesab edirəm ki, Laçında baş verənləri ayrı bir material kimi aidiyyatlı qurumlara təqdim etməliyik”.

Ədalət Verdiyev erməni silahlılarına qarşı hərbi güc tətbiq etməyin zamanının gəldiyini, hətta keçdiyini bildirib. “Biz il yarımdır ki, erməni silahlılarının ərazimizdən çıxmalarını, Zəngəzur dəhlizi ilə bağlı qərar qəbul etmələrini gözləyirik. Lakin onların vandallıqdan, vəhşilikdən başqa bir addım atmadıqlarını görürük.  Üçtərəfli bəyanatın müddəalarını Rusiya və Ermənistan yerinə yetirmirsə, Azərbaycan da bu müddəaları yerinə yetirmək məcburiyyətində deyil. İnanıram ki, belə halların aradan qaldırılması üçün dövlətimiz tərəfindən lazımi addımlar atılacaq”.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə saxlayın