Şair olub indi bazar adamı - İlqar Türkoğlu yeni şeirləri

17, 06, 22
13:30

Şair olub indi bazar adamı - İlqar Türkoğlu yeni şeirləri


Deyirlər, bu gün şairlər günüdür. Yoxsa...

Soyunu bilməyən diyardan yazır,
Çəkib ayağından, qazar adamı.
Arada vəsf edib bazardan yazır,
Şair olub indi bazar adamı.

Mənə nə çatırsa acıdan düşür,
Yaltağın payına ucadan düşür.
Dəyişib yolunu bacadan düşür,
Canında gəzdirir azar, adamı.

Özgə hesabına kölgədə yatar,
Gizlədib üzünü, daldada yatar.
Elə peşəsidir, aldadıb-atar,
Utanmaz, qızarmaz, üzər adamı.

Şairəm, söyləyib ədadan çıxar,
Yenə qovulduğu odadan çıxar.
Dənizə baş vurub, adadan çıxar,
Bu “səyyah adamı”, “gəzər adamı”.

Utanıb biraz da susmağı bilsin,
Bir kərə xeyirə yozmağı bilsin.
Arada adını yazmağı bilsin,
Ədəbdir, ərkandır yazar adamı!

***
Ovutmayır daha məni hər qəzəl,
Depressiya qonağımdı hələ də.
Qaranlığa əsir olub bir gözəl,
Bu gecə də ümidləri tələdə...

Yağış altda parıldayır bir küçə,
Qədəh tutub çökəklərə səkilər.
Oyaq qalıb Ayla tənha bir gecə,
Gözləməkdən yollar dara çəkilər.

Ürəyimi kabab edib, demir off,
Heç yox imiş, zərrə qədər insafı.
Məlhəm olur, kömək olur Nemiroff-
Dar günümdə dostlarımın ən safı.

Hələ çoxdu qəzəblənib, hirs udan,
Səbri olmur, salır hərdən hay-həşir.
Aradabir içirəm ki, nur “sudan”,
İnciməsin baxıb Ömər əl Bəşir.

Atdım axır bu sevdanın daşını, 
Ötən günə, ötən aya, mərhaba! 
"Qeyd edirəm" “ayrılığ”ın yaşını,
Minnətdaram "laləyanaq" şəraba.

Qılıncına, yay-oxuna dözürəm,
Hər hissimi eşqi-subay istəyir.
Həm “hə”sinə, həm “yox”una dözürəm,
Kənd evimi şəhri Dubay istəyir.

Heç dəymədim bircə kərə xətrinə,
İstəyəndə "asıb-kəsdə", yeri var.
Qoy bələnim qoynundaca ətrinə,
Saxlamışam, gözüm üstə yeri var...

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın