Şuşa qalasının ikinci fəthi - Müttəfiqlik müqaviləsindən 1 il keçir

14, 06, 22
13:30

Şuşa qalasının ikinci fəthi - Müttəfiqlik müqaviləsindən 1 il keçir


Sabah, 15 iyunda Şuşa Bəyannaməsinin 1 ili tamam olur. Hər kəs xatırlayır: 2021-ci ilin 15 iyununda Şuşada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Bir millət, iki dövlət”in qardaş liderləri Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzaladılar, dostlar sevindi, xalqlarımız qürrələndi, düşmənin köksünə od düşdü.

Bu ilin ilk aylarında Şuşa Bəyannaməsinin Türkiyə və Azərbaycan parlamentlərində ratifikasiyası isə artıq bəyannamədə əksini tapan maddələrin tam şəkildə işlək vəziyyətə düşməsinə hər hansı əngəlləri də tam şəkildə aradan qaldırmış oldu. Beynəlxalq hüquqa istinad olunmuş tarixi müqavilə Qars Müqaviləsi ilə müqayisə edilsə də, burada üçüncü tərəfin iştirak etməməsi, qardaş ölkələrin bir-birinin ərazi bütövlüyü və suverenliyinə, təhlükəsizliyinə təminat vermələri baxımından daha üst səviyyəli sənəd olaraq şərəf tariximizə düşmüş oldu. 8 noyabr 2020-ci ildə Şuşanın işğaldan azad edilməsi prosesin birinci mərhələsi idi, 15 iyun 2021-ci ildə Türkiyə və Azərbaycan prezidentlərinin Şuşada imzaladıqları bu sənəd isə Qalanın ikinci fəthi sayılır. Bu sənədin imzalanmasından, hər iki ölkənin parlamentində ratifikasiyasından sonra Şuşanın, Qarabağın, Azərbaycanın həm də Türkiyə demək olduğu aydın şəkildə ortaya qoyuldu. Hazırda Qarabağın işğaldan azad edilən şəhər və rayonlarında - Şuşada, Ağdamda, Hadrutda, Füzulidə və s. Azərbaycan bayrağı ilə yanaşı, Türkiyə bayrağı da dalğalanır. Bu bayraq amili yalnız mənəvi, duyğusal məsələ deyil, siyasi və hərbi məsələdir. Qarabağın Türkiyənin himayəsində, müdafiəsində olduğunun isbatıdır. Şuşa Bəyannaməsinin imzalanmasından və ratifikasiyasından sonra Azərbaycan-türkiyə münasibətləri mənəvi məsələdən hüquqi müstəviyə keçdi.
Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa  Bəyannaməsi imzalanıb » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
Bünövrəsində qardaşlığın, dostluğun dayandığı bu proses artıq geridönməz hal alıb. Azərbaycan müstəqil olduğu 31 illik müddət boyu Türkiyə Cümhuriyyəti ilə bütün sahələr üzrə əməkdaşlıq bu həddə qədər inkişaf etməmişdir. İllərlə arzuladığımız, umduğumuz, düşündüyümüz tam mənası ilə, hətta daha artıq formada reallaşdı. Türkiyə hər şeyi ilə - siyasəti, diplomatiyası, hərbi, şərqisi, şeiri ilə Azərbaycanın yanındadır, Azərbaycandadır. Bu sürəc əsası 100-110 il öncə qurucu babalar tərəfindən qoyulmuş siyasi turançılıq ideologiyasının reallaşması deməkdir. “Bir millət - iki dövlət” formulundan “Bir millət-tək dövlət” modelinə keçidin əsası qoyulub. Söhbət iki türk cümhuriyyətinin birləşməsindən getmir, təbii. Söhbət bütün növ maraq və mənafelərin, hədəflərin birləməsindən gedir. Bir sözlə, hazırda Türkiyə ilə Azərbaycan arasındakı münasibət “Dostun dostumdur, düşmənin düşmənim” düsturunda olduğu kimidir.
Elçin Mirzəbəyli: Radikal müxalifət Azərbaycan dövlətçiliyinə qarşı  yönəlmiş bütün layihələrdə ön cərgədə dayanıb - AZƏRTAC
Elçin Mirzəbəyli: “Azərbaycan və Türkiyə bir-birinin yanında deyillər, birdirlər, bütövdürlər”

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Şuşa Bəyannaməsi bir millətinin iki dövlətinin milli iradəsinin təntənəsi, siyasi, hərbi, mədəni, iqtisadi əhəmiyyət daşıdığı qədər də mənəvi önəm kəsb edən bir sənəddir: 

“Tarixdə mövcud olan türk dövlətləri arasında heç vaxt Şuşa Bəyannaməsi qədər geniş, əhatəli və qarşılıqlı münasibətlərin bütün spektrini özündə əks etdirən sənəd imzalanmamışdır. Həm bu baxımdan, həm qardaş Tükiyənin Azərbaycana açıq və birmənalı dəstəyi, ortaq hədəflərimizin birliyi, maraqlarımızın uzun və bəlkə də yüzillər davam edəcək bir zaman kəsiyi üçün uzlaşdırılması aspektindən Şuşa Bəyannaməsinin tayı-bərabəri yoxdur. Şuşa Bəyannaməsi haqqında söz açarkən, Azərbaycan-Türkiyə münasibətlərini indiki səviyyəyə çatdıran, misli görünməmiş qətiyyət və siyasi iradə nümayiş etdirən liderlərimiz - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətləri haqqında söz açmamaq mümkün deyil. Azərbaycan-Türkiyə münasibətləri ortaq dil, tarix, mədəniyyət kimi mühüm əsaslara söykənir, şübhəsiz. Amma dünyada baş verən proseslər sübuta yetirdi ki, strateji münasibətlərin Azərbaycan-Türkiyə səviyyəsinə çatdırılması üçün ortaq dil, mədəniyyət və tarix kimi amillər yetərli deyil. Belə məsələlərdə milli iradəni olduğu kimi, dəqiqliklə, həm tarixi prosesləri düzgün təhlil edərək, həm də perspeltivləri doğru dəyərləndirərək ifadə etmək, qarşılıqlı etimadlı münasibətləri inkişaf etdirmək mühüm əhəmiyyət kəsb edir. Bu aspektdən, tarixin indiki mühüm dönəmində İlham Əliyevin Azərbaycana, Rəcəb Tayyib Ərdoğanın isə Türkiyəyə rəhbərlik etmələrini, təkcə bir millətin iki dövləti üçün deyil, bütövlükdə Türk Dünyası və region üçün tarixi şans kimi qiymətləndirirəm. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin hər zaman həm çətin, həm də xoş günlərdə birlikdə olacaqlarının, maneələri birlikdə dəf edəcəklərinin, birgə inkişaf yolundan vaz keçməyəcəklərinin mübarək imzalarla təsdiqi, qardaşlığın əhd-peymanı, mərdlik, ərlik, sədaqət andıdır”.

E.Mirzəbəyli bildirdi ki, Azərbaycan və Türkiyə bir-birinin yanında deyillər, birdirlər, bütövdürlər: 

“Azərbaycan olan yerdə Türkiyə, Türkiyə olan yerdə Azərbaycan var. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağı ilə Türkiyə bayrağının yanaşı dalğalanması da bunun sübutudur. Türkiyə və Azərbaycan bayraqları Çanaqqalada, Gəncədən Lənkəranadək ata və ana yurdlarımızın hər qarışı uğrunda axıdılan qanları simvolizə edir. Qanımız torpaqda da, bayraqda da birdir! Türkiyə-Azərbaycan birliyinin cazibədarlığı, türk dünyasının mənəvi bütövlüyü üçün də mühüm əhəmiyyətə malikdir. Kimsəyə sirr deyil ki, Azərbaycan və Türkiyənin təşəbbüsləri və iştirakları ilə həyata keçirilən layihələr, qarşılıqlı münasibətlərin indiki səviyyəyə çatdırılması digər qardaş xalqların da Türk dünyasının gələcəyinə böyük ümidlərlə baxmalarına zəmin yaradıb. Azərbaycan-Türkiyə münasibətləri Türk Dünyasının siyasi, iqtisadi, mənəvi, ideoloji lokomotivi, hərəkətverici qüvvəsidir. Bu səbəbdən də, qardaşlığımızın dərinliyini ifadə edən ”Bir millət-iki dövlət", hədəflərimizin birliyini nümayiş etdirən “Bir millət-bir dövlət” şüarlarından daha geniş müstəvidə hərəkət edildiyi qənaətindəyəm. Dünyanın siyasi arenasında artıq Türk Dövlətləri Təşkilatı mövcuddur və təşkilatın tarixi proseslərin inkişafında birgə strateji hədəflərimizə çatmaq üçün mühüm önəm daşıyan bir mexanizmə çevriləcəyinə böyük ümidlər bəsləyirəm".
Abdullah Ağar kimdir? Kaç yaşında? Nereli? Hangi rütbede emekli oldu? Ne iş  yapar? Nerede öğretim üyesi?
Abdulla Ağar: “İnşallah, qarşıda qardaşlığımızın, əlaqələrimizin daha irəliləmiş, daha da inkişaf etmiş halını görəcəyik”
Türkiyəli politoloq Abdulla Ağar açıqlamasında bildirdi ki, Şuşa Bəyannaməsində əksini tapan müddəaların qısa zaman kəsiyində hamısının reallaşması mümkün deyil: 

“Çünki bu, bir strateji işbirliyidir. Strateji işbirliyi isə bir istiqamətli və qısamüddətli deyil. Burada bəlkə də qiyamətə qədər sürəcək bir işbirliyindən söhbət gedir. Özü də son dərəcədə dinamik şəkildə davam edən işbirliyidir. Şuşa Bəyannaməsi bütün milli gücə sahib insanları maraqlandırır. O prizmadan baxdıqda, siyasi, əsgəri, iqtisadi, mədəni, demoqrafik, elmi-texnoloji istiqamətləri var. Bu dinamik proses içərisində işbirliyimiz yüksək səviyyədə davam edəcək. Zatən, bunun örnəklərini də görürük. Dövlətin bütün əlaqədar qurumları qarşıdakı vəzifələri icra edir, qarşılıqlı şəkildə çalışmaların şahidiyik”. A.Ağar qeyd etdi ki, iki qardaş ölkənin bəyannamədən irəli gələn vəzifələri icra etməklə kifayətlənməməliyik: “Həmçinin kənar müdaxilələrin qarşısının alınmasına diqqət etməliyik. Eyni zamanda Azərbaycanla Türkiyənin dövlət başçılarının imzaladığı Şuşa Bəyannaməsi əsasında qurulan işbirliyi müəyyən zaman kəsimində başqa ölkələri də öz içərisinə alaraq, daha da inkişaf edəcək. Bunun belə olacağı şübhə doğurmur, çünki belə bir təməl qoyulub. Bu mənada uzunmüddətli işbirliyinin davamı üçün mücadiləyə gərək var. Addım-addım növbəti uğurlara doğru gedildiyini görürəm. İnşallah, qarşıda qardaşlığımızın, əlaqələrimizin daha irəliləmiş, daha da inkişaf etmiş halını görəcəyik. Bəyannamə imzalandı və məsələ bitdi demək olmaz, proses uzun müddət dinamik şəkildə davam etdiriləcək”.

A.Ağar Şuşa Bəyannaməsinin imzalandığı 15 iyun tarixinin Türkiyə və Azərbaycanda bərabər bayram günü kimi təqvimə salınması barədə təkliflərə də müsbət yanaşdığını söylədi: 

“Məncə, 15 iyunun Yüksəliş günü kimi qeyd olunması ən doğrusudur. Sonucda biz bir-birimizə kürəyimizi söykəmişik. Keçmişdə siz qafqazlarda, biz Avropada itirmişik. Sonradan iki qardaşın apardığı dava dünya geopolitikasına damğasını vurub. İndi iki qardaşın işbirliyinin dünya geopolitikasına damğa vurma zamanıdır deyə, düşünürəm. 15 iyun insanlığın yüksəliş günüdür. Çünki həm Qərbin, həm Şərqin hökmdarları insanlığın çarəsi olmadığını isbat etdilər. Artıq yeni bir mədəniyyətə yüksəlmə zamanının çatdığını düşünürəm. Çünki insanlıq sahibsiz, boynubükükdür. Qərbin və Şərqin hökmdarları güclərini düşənlər, istilalar və işğallar üçün istifadə etdilər. Artıq gücün insanlıq, mədəniyyətlər üçün istifadə zamanı gəldi. Yoxsa insanlıq və dünya hazırda çökür. Bu mənada Azərbaycan və Türkiyə işbirliyi insanlığın xilası baxımından son dərəcə önəmli bir qurtuluş modelinə çevrilə bilər. Məqsəd, sadəcə, Azərbaycanın xarici işbirliyi deyil, insanlığın çökdüyü bir nöqtədə insanlığa ümid ola bilməkdir”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin fikrincə, Şuşa Bəyannaməsində yer almış bu müddəalar dünya güclərinə bir daha xatırladır ki, Azərbaycan tək deyildir, onun ərazi bütövlüyü məsələsi həm də qüdrətli Türkiyə dövlətinin qarantiyası altındadır: 

“Eyni zamanda Türkiyəyə yönəlik hər hansı terror, iğtişaş çağırışları, kiber və enerji təhlükəsizliyi məsələlərində Azərbaycan həmişə qardaş Türkiyənin yanında olacaqdır! Şuşa Bəyannaməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasi sahəsində, diaspor fəaliyyəti sahəsində, parlamentlərarası əməkdaşlığın daha da yüksəldilməsi sahəsində, 1915-ci il hadisələrinin düzgün təqdim edilməsi və tarixi həqiqətlərin təhrif edilməklə siyasiləşdirilməsi cəhdlərinə qarşı mübarizə sahəsində, həmçinin müştərək dəyərlərə söykənən sıx əlaqələri humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində daha da inkişaf etdirmək istiqamətində əməkdaşlığın artırılması məsələlərini də özündə ehtiva edir. Heç də təsadüfi deyildir ki, Şuşa Bəyannaməsi həm Azərbaycanın, həm də Türkiyənin parlamentində millət vəkilləri tərəfindən yekdilliklə, ayaq üstə alqışlanaraq ratifikasiya edilmişdir!”
Musa Quliyev: Qanunla ağciyərin transplantasiyasının aparılmasına icazə  verilir, amma...
Musa Quliyev: “Azərbaycan tək deyil, onun ərazi bütövlüyü məsələsi həm də qüdrətli Türkiyə dövlətinin qarantiyası altındadır”

M.Quliyev Şuşa Bəyannaməsindən ötən bir ildə kifayət qədər işlərin görüldüyünü vurğuladı: 

“Bu bir il ərzində qardaşlığımız daha da möhkəmlənmiş, iqtisadi, siyasi, mədəni, humanitar əlaqələrimiz daha da genişlənmişdir. Şuşada və bütövlükdə Qarabağda, işğaldan azad olmuş torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır, birlikliyimizin və qardaşlığımızın təntənəsini dünyaya bəyan edir. Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan və Türkiyə iş adamları birlikdə bərpa-quruculuq işləri aparırlar. Qarabağda və Şərqi Zəngəzurda yeni tarix yazılır - Türk dünyasının şərəf, şan-şöhrət tarixi. Bu tarixin möhürü isə Şuşa Bəyannaməsidir. Mən inanıram ki, Şuşa Bəyannaməsində nəzərdə tutulan müddəaların hamısı zaman-zaman həyata keçəcək, icra olunacaq, bölgəmizə davamlı sülh, iş birliyi və rifah gətirəcək, Türkiyəni və Azərbaycanı uzun illər regionda əsas söz sahibi kimi tanıdacaqdır. Ötən yüz illiyin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin Türkiyədən gələn bir qrup iş adamını qəbul edərkən onlara etdiyi tövsiyəni xatırlatmaqla fikrimi tamamlamaq istəyirəm. Ulu öndər deyirdi: ”Azərbaycana tez-tez gəlin, heç bir işiniz olmasa da gəlin, bir çayımızı içib gedin. Qoy bütün dünya görsün ki, biz tək deyilik, biz bir yerdəyik. Qardaş öz qardaşı ilə güclüdür!"

Türkiyə ilə bütün sahələrdə əməkdaşlığımız ən yüksək səviyyədə davam edir. Xüsusilə də hərbi sahədə əməkdaşlığımız elə bir həddədək yüksəlib ki, bu da hamımızı qürurlandırır. Bir neçə gün öncə Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan”da iştirakı zamanı hər iki liderin Şuşa Bəyannaməsinə istinad etmələri, “bir olacağıq, diri olacağıq, iri olacağıq” məzmunlu mesajlar vermələri də sıradan məsələ deyildi. Qardaşlığımızı daha da sarsılmaz edən sənəd müqəddəs Şuşada imzalanıb, hər birimizin Məkkə, Mədinə saydığımız gözəl məkanda. Bu, bir əhd-peyman məsələsidir. Dostluğumuza, qardaşlığımıza, torpağımıza kəc baxanın gözləri həmən ovulacaq!

AZƏRBAYCANREALLIĞI.COM   



Bizimlə əlaqə saxlayın