"Semaşko"nun direktoru Xeyrəddin Qocaya: "Xahiş edirəm, Baş Prokurorluğa şikayət edin"

13, 05, 22
19:30

"Semaşko"nun direktoru Xeyrəddin Qocaya: "Xahiş edirəm, Baş Prokurorluğa şikayət edin"



SAVADSIZLIQ VƏ ÖZBAŞINALIQ... 

Qızım Şəhla Qoca 15 ildir ki, onurğa yırtığından əziyyət çəkir. O, hər il bir dəfə Patamdartda yerləşən Xüsusi Sağlamlıq Müalicə Kompleksində on gün müalicə kursu keçir. Bu ılin aprel ayında şiddətli ağrıları başlayanda uçotda olduğu Yasamal rayonundakı 19 saylı poliklinikaya bülleten üçün müraciət edib. Bu müraciət haqqında poliklinikanın baş həkimi Aytən Qurbanovanın, baş həkimin müavini Şəhla xanımın və sahə həkimi  Könül xanımın xəbərləri var. Qızım müraciət edərkən rayonda olub, poliklinika rəhbərlərinin tələbi ilə səhəri gün rayondan Bakıya gəlib, poliklinikaya gedib ki, müalicə üçün bülleten alsın. Müxtəlif bəhanələrlə bülleten verməyiblər, bir neçə gündən sonra  göndəriş yazıblar ki, "get, Musa Nağıyev adına xəstəxanada MRT-dən keç". Qızım xəstəxanaya gedib, onu bir sinir xəstəlikləri həkiminin yanına göndəriblər ki,  o göndərişə imza atandan sonra MRT-dən keçmək olar.  Həmin sinir xəstəlikləri həkimi də (təəssüf ki, ad-soyadı bizə məlum deyil) xəstəyə deyib ki, " Bu nə göndərişdir, sənə veriblər? Mən göndərişi verən 19 saylı poliklinikanın həkimlərindən şikayət edib, onları tutduracağam! Get, 300 manat ver, MRT-dən keç." Qızım icbari tibbi sığortası olduğunu bildirib, həkim də deyib ki, "mənə dəxli yoxdur!"
 
Mən Musa Nağıyev adına xəstəxananın direktoru Könül Cəfərova zəng vurub olanları danışdım. Doğrusu, ondan razı qaldım. Hiss etdim ki, yeni gələn direktor xəstəxanada qayda-qanun, nizam-intizam yaratmaq istəyir. Dedi ki, "xahiş edirəm, gedin, Respublika Prokurorluğunun Korrupsiya İdarəsinə şikayət edin! Bizdəki MRT isə hələ təmir olunur, işləmir." Sonra mənim tapşırığımla qızım direktora zəng edib, nə vaxt gələ biləcəyini soruşub. Direktor deyib ki, "poliklinikada düz etməyiblər, onlar səni xəstəxanamıza həkim yanına yox, MRT-dən keçmək üçün hər hansı qospitala göndərməli idilər..."
 
Belə görünür ki, 19 saylı poliklinikanın özlərini "təmiz" göstərmək istəyən həkimləri özbaşınalıq edirlər! Savadsızlıq nümayiş etdirirlər, ya da xəstələri ələ salırlar!

Xəstə isə bülleten alıb, müalicəyə getməlidir!
 
Xeyrəddin QOCA, 
Yazıçı 

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın