İki tanınmış yazçı arasında QALMAQAL BÖYÜYÜR: Şair-publisist Ağacəfər Həsənli Saday Şəkərli MƏNİ MƏCBUR EDİRSƏN!

11, 05, 22
10:00

İki tanınmış yazçı arasında QALMAQAL BÖYÜYÜR: Şair-publisist Ağacəfər Həsənli Saday Şəkərli MƏNİ MƏCBUR EDİRSƏN!


Adını çəkməmişdim,hansı bağlarısa gözləmişdim,tamam qırılmasın… İndi orda sərbəstlikdi, “məscidin qapısı açıqdı, itin abrı yoxdu” – həyasızlığına salıb, yaraşmayan tərzdə məni təhqir edirsən, sosial şəbəkədə “tuman”ını başına çəkib, ağzını köndələninə açırsan. Məcburam, üç-dörd məsələni sənə xatırladım.

Əvvəla, FB-də o yazıda ad çəkilmir.Onda əgər yazılanlar yalandırsa, sənə aid deyilsə, yapışmırsa, bəs niyə köhnə araba kimi cırıldayır, haray-həşir qoparırsan, adama deyərlər, “Soğan yeməmisən, için niyə göynəyir” , ay “dissident şair”!

İkincisi, məni qınaq hədəfinə çevirirsən ki, Allahşükür Paşazadə və Hüseynbala Mirələmovla dostluq edirsən. Səndən soruşuram: məgər kimlərləsə dostluq eləmək, əlaqə saxlamaq qəbahətdir? Adını çəkdiyin insanların biri bütün Qafqazın şeyxidi,doğulduğum bölgənin hörmətli ağsaqqalıdı. Hüseynbala Mirələmov isə üç dəfə deputat seçilib, sovet dönəmindən üzü bəri yüksək vəzifələrdə çalışıb, tanınmış yazıçıdır. Mən də keçmişdə “Sovet kəndi” qəzetində, müstəqillik illərində “Azərbaycan” qəzetində çalışdığım üçün onlarla yaxınlığım və tanışlığım təbiidir.

Vaxtilə sən də sabiq vergilər naziri Fazil Məmmədovun dostu idin, qılığına girmişdin. Səni qınamırdım ki? Bəs niyə münasibətləriniz tez pozuldu? Axı o, kitablarının çapını maliyyələşdirirdi, digər sosial qayğılarını əl tuturdu, aranızdan su keçmirdi. Deyim, niyə? Qabaqcadan kitabına görə sənə pul verən Fazilə xəyanət elədin, onu “bağaca” qoydun.Çünki şeir kitabında “bir budaqda oturub, min budağı tərpətmişdin” , aranı qatmışdın. O da, bu xəyanətini bağışlamadı, hərəkətini şantaj saydı, rüşvət tələbetmə maddəsilə səni həbs etdirdi.

Ağacəfər Həsənli

Əlbəttə, o zaman tutulmağına görə xeyli üzüldüm. Bir neçə yaxın adama zəng etdim. Əlimizdən nə gəlirdi ki, istintaq başlanmışdı. Bəs yadından çıxıb, bir neçə gündən sonra mobil telefon nömrəmi kimə vermişdin, təcili məsləhətinlə göndərmişdin yanıma və adını çəkməyi ayıb bildiyim o adamı çətinliklə necə yazıçılar birliyinin sədri Anarın qəbuluna kömək üçün ötürdüm? Yəqin bunlar heç olmayıb, yuxudur, özümdən uydururam. Ancaq qulaq as, xəyanət, namərdlik,pislik mənim dədə-baba sənətim deyil, qanımda yoxdur. Yenə ən kritik, tragik məqamda sənə hayan durmağa hazıram, sadəcə, ölçü hissini itirmə, insan ol!

Üçüncüsü, bir namərdliyini də yadına salım, mərhum şair Şamxal Rüstəm Bakıda dəniz kənarındakı tək otaqlı evini satmışdı,başqa bir yerdə mənzil almışdı. Sən eşidən kimi, başının üstünü kəsdirmişdin, güya həmin yeni evi adına keçirəcəkdin, sonra bir pozğun qadınla əlbir-dilbir olub, biçarəyə araq içirdib tələ qurdunuz. Yəni, mənzilinin sənədlərinə qol çəkdirib xalxın evinin pulunun mənimsəməsinə, Şamxalın bir çətən külfətinin küçələrə düşməsinə səbəbkar oldunuz.Bax, sus. Səni rüsvay etməmək üçün Şamxalın övladlarını danışdırmıram ki, bu ayıbının üstü örtülsün.(Yeri gəlmişkən, Şamxal Rüstəm sənə yaxşıca həcv yazıb, bir nüsxəsi məndə var, bir də artıq-əskik nəsə çərənləsən,şeiri sosial şəbəkədə qoyaram).
Dördüncüsü, gör nə qədər axmaq və sarsaqsan ki, mənim peşəkar jurnalist olduğumu danırsan.

Rusiyaya, digər Avropa, Asiya ölkələrinə səyahətlərimə, səfərlərimə, ezamiyyələrimə xislətinə uyğun don biçirsən, güya getdiyim yerlərdə kimlərəsə yalvarmışam,pul istəmişəm. Mənim sayca on iki publisistik kitabım çıxıb.Beşi xaricdə yaşayan həmvətənlərimizə həsr olunub:”Vətən daşı olmayandan”, “İşıq”, ” Qu quşunun nəğməsi kimi”, “Əbədi dostluq”, ” Sibirin Azərbaycanlı övladı”. Özü də bu kitablarda toplanan müxtəlif səpkili məqalələr öncə ölkəmizin ən nüfuzlu qəzetlərində–”Respublika”da, “525-ci qəzet”də, ” Azadlıq”da, “Ədalət”də, “Azərbaycan”da, ” Mədəniyyət”də, “Bütöv Azərbaycan”da və s. dərc edilib. Haqqında yazdığım qəhrəmanlar xaricdə nüfuz sahibləridir, diaspor fəallarıdır, baş konsollardır, elm adamlarıdır. Əgər sən dalımca qeybət qıran bir adamın adını çəksən, dediklərini tam qəbul etməyə hazıram.Milləti birləşdirmək, tanıtmaq, xaricdə Azərbaycan icmalarına kömək etmək, problemlərini dövlət qurumları qarşısında qaldırmaq pis niyyətdir? Bilirəm, bunlar sənin cəfəngiyyatındır. Ay insafsız, öz adını mənə qoyma, indi yal sənin ağzında necə deyərlər, baldı.

Beşincisi, Mübariz Mənsimovdan indiyəcən nəsə istəyənin və alanın, eyni zamanda böhtan söyləyənin var-yoxunu… Söyüşü özümə yaraşdırmıram, cümlənin davamını gətirim.

Altıncısı, cənab aqronom, mən heç özümü şair kimi səninlə tərəziyə qoymaq istəmirəm, o ki, qaldı xaricdə çap olunan sənət əsərlərinə həsəd aparmağım. Ola bilsin, bir-iki şeirini bəyənmişəm, bu adi haldı, faciə deyil. Ancaq yadında saxla, Azərbaycanda ədəbi mühit səni parlaq istedad sahibi kimi qəbul eləmir. Doğulduğun Cəlilabadda mərhum Abbasağa, Salam Sarvan, Əlizadə Nuri, Əli Hacı, Aqşin Yenisey, Anar Amin, Elşad Barat, Əlirza Həsrət kimi şairlər var.Sənin yaradıcılığın heç onların kölgəsi və suyunun suyu deyil.

Saday Şəkərli

Və nə yaxşı ki, indi xaricdə savadın qıcqırıb, kükrəməyə başlayıb, bağışlanmaz səhvimi düzəldirsən,təşəkkür, ələlxüsus da Sabirin “Fəxriyyə” sindəki əcəba sözümə qulp qoymağın lap qiyamətdir. Bəli, dəhşətli məsələdir, o söz artıqdır. Ay bədbəxt bisavad, Sabir bütün şeirlərini ərəb əlifbası ilə köçürüb, xeyli qismini də dostu Abbas Səhhət yazıya alıb. Böyük ədbimizin şeirləri təkrar-təkrar nəşr olunub və köhnə əlifbadakı kitablarında yüzlərlə təhriflər, səhvlər var. O cümlədən, Füzulinin və Nəsiminin qəzəl, qitə və qəsidələrində həmçinin. İndi deməliyik ki, tərtibçi alimlər niyə xətalara yol veriblər? Deyəsən başını ağrıtdım, axı sən nə bilirsən klassik şeir nədir?

Necə qəzəblənmisənsə,kinin-küdurətin aşıb-daşırsa, qəsdən adımı təhrif edirsən, güya lağa qoyursan.Buna haqqın varmı? Ağa ağır seyyidlərə qoyulan addı, Cəfər altıncı imama məxsusdu.Sənin müqəddəsliklərə ləkə yaxmağını hara yozum? Ad Allahındı, yaradanın işinə qarışma, kökünə-şəcərənə hörmət elə,Tanrının qəzəbinə tuş gələrsən.

P.S. Ataxan Əbilov adında bir hüquq məsləhətçisi var, jurnalist Valid Qardaşlı tanış eləmişdi, el-oba adamı kimi aramızda xətir-hörmət vardı, ona heç bir pisliyim dəyməmişdi, əksinə, neçə illər öncə, şəhərdə qardaşı qızı faciəli surətdə vəfat edəndə yas məclisinə yollanmağı özümə borc bilmişdim. İndi birdən-birə o da Avropada buynuz çıxarıb, ardımca hədyan yağdırır. Ataxana xatırlatmaq istəyirəm ki, başqalarının söhbətinə qarışmazlar, adamın qanacağı olar.Sən separatçı kimi Vətənə xəyanət edəndə, İrəvanda Azərbaycanın əleyhinə nitq söyləyəndə, bilməliydin ki, bu ölkədə sənə yer yoxdur, qovulacaqsan. Ataxan, milli xəyanətkarlar bağışlanmır, sənin bu torpağa yolun həmişəlik bağlanıb. Ancaq bunun günahkarı mən deyiləm, sən özünsən.Bir fikirləş və düşün!

AZƏRBAYCANREALLIĞI.COM     

Bizimlə əlaqə saxlayın