Tənha” milyonçunun macəraları: Gülağa Qəmbərov gerçəkdə kimdir?

11, 04, 22
13:30

Tənha” milyonçunun macəraları: Gülağa Qəmbərov gerçəkdə kimdir?


İllər öncə televiziya kanallarının ona həsr etdiyi proqramlara qatılıb ölkənin görkəmli adamlarının dilindən haqqında deyilən xoş sözləri, “şeirlərinə” xalq artistlərinin bəstələdiyi mahnıları zövqlə dinləyən, özünü xeyriyyəçi, ədəbiyyatçı, milyonçu kimi təbliğ etdirən bir adam var idi – Gülağa “Tənha”.

İndi uzun fasilədən sonra ortaya politoloq qismində çıxıb, ona-buna ağıl verməyə çalışan bu adamla bağlı ziddiyyətli məqamlar ortaya çıxıb.
Ən ilginc isə milyonçunun “şair” olması, hələ bir özünə “Tənha” təxəllüsünü götürməsidir. Adama sual verərlər ki, ölkənin məşhur artistlərinin, şairlərinin başına qarışqa şirəyə yığışdığı kimi yığışan bir adam niyə tənha olmalıydı ki?..

Masallının məşhur Ərkivan qəsəbəsindən olan bu iş adamının Azərbaycanda, Rusiyada, İspaniyada və dünyanın bir çox ölkələrində şirkətləri var. Öz adına təsis etdiyi Gülağa Qəmbərov Xeyriyyə Fondunun prezidentidir. Mediada isə onun haqqında ən qalmaqallı iddialar yer alıb. Gülağa Qəmbərovun həqiqətən “xeyriyyəçi” və “şair” olması barədə bəzi iddialarla bağlı apardığımız araşdırmaların xülasəsini təqdim edirik.

“Xeyriyyəçilik” arxasındakı gizli niyyət

Təxminən 2000-ci illərin əvvəllərində Azərbaycana qayıdaraq özünü xeyriyyəçi və şair kimi təqdim edən, ölkəmizə yalnız xeyriyyəçilik məqsədilə gəldiyini deyən Gülağa Məmi oğlu Qəmbərov (Tənha) az keçmiş tamamilə fərqli iddialarda olduğunu göstərdi. Qocaman şair və yazıçılara, mədəniyyət işçilərinə maddi yardımlar edərək onların zəif sosial durumundan sui-istifadə etməklə özünə xeyriyyəçi, əsil qəlb adamı imicini qazandırmağa çalışdı. Masallıda təmtəraqlı xeyriyyə tədbirləri keçirtməyə başladı. Azərbaycan rəhbərliyinin ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində imzaladığı mühüm sərəncamları, ölkədə yoxsulluğun aradan qaldırılmasına dair dövlət siyasətini bəyənmədi.Onun aztəminatlı insanlardan gələcəkdə özünə müdafiə və mühafizə çəpəri qurmaq cəhdi üzə çıxdı. Gülağa “Tənha”nın özünə vurğunluğu o dərəcəyə çatdı ki, hətta o, hansısa bir kənd məktəbində, təhsil ocağında, yetimxanada təmir-bərpa işi gördürürdüsə, bunu “Gülağa Qəmbərov Fondunun maliyyə vəsaiti hesabına tikilmiş, təmir olunmuşdur!” kimi reklam etdirməyə çalışdı. Görünən o idi ki, Gülağa “Tənha” xeyriyyəçilikdə böyük nüfuzu olan Heydər Əliyev Fondunu belə tanımaq istəmədi. Özünüreklama xidmət edən “xeyriyyəçiliyin” məqsəd və məramının nədən ibarət olduğu üzə çıxdı. Nəticədə ona “prorab” kimi tikinti biznesi ilə məşğul olmağa yeri göstərildi.

Məhkəmələrə hökm edən adam

Bir vaxtlar “Azərbaycana yalnız xeyriyyəçiliklə bağlı gəlmişəm!” deyən Gülağa “Tənha”nın əsil niyyəti sonradan bəlli oldu. Gah adı tikinti qalmaqallarında, gah da ölkənin nüfuzlu KİV-lərini məhkəməyə verməkdə önə çıxdı.

İndi isə barəsində tənqidi yazılarla çıxış edən jurnalistləri məhkəmə qərarları ilə cərimələtməklə, həbs etdirməklə hədələyən və hələki müəmmalı səbəblərdən buna nail olan Gülağa “Tənha”ya yerini və kim olduğunu göstərmək zamanı gəlib. Təkcə onu qeyd edək ki, Gülağa “Tənha” özünün şikayəti əsasında həbsə atılmış “Real” MTK-nın rəhbəri olan İlham Qasımov adlı iş adamının apellyasiya şikayətinə baxılarkən məhkəmədən reportaj hazırlayan 10-a yaxın nüfuzlu saytın rəhbərlərini məhkəməyə vermişdir. Sonradan isə o, həmin sayt rəhbərlərini KİV qanunvericiliyinin tamamilə ziddinə olaraq məhkəmə cəzası ilə təhdid edib həmin yazıların saytdan silinməsi və üzr istənilməsi müqabilində məhkəmədən şikayətini geri götürəcəyini diqtə edib.

Uzun illər onun fəaliyyətini təbliğ edən, öz həmkəndliləri olan jurnalistləri belə kiçik bir tənqidə görə məhkəməyə verməyə, təzminat tələb etməyə utanmadı.

Avropa Oyunlarına təxribat

Rusiyaya ayağı kəsiləndən sonra Avropa ölkələrinə və Azərbaycana səfərlər edən, tikinti biznesinə girişən Gülağa Məmi oğlu Qəmbərovun adına indi daha çox qalmaqallarla rast gəlmək olar. Onun şərikliyi ilə tikilən çoxmənzilli binalarda vətəndaşların hüquqlarının necə pozulması məhkəmə aktlarında da öz əksini tapmışdır. Özünü Azərbaycanda xüsusi statuslu şəxs kimi təqdim edən Gülağa “Tənha” son on ildə qalmaqalları və digər hərəkətləri istisna olmaqla, heç bir xeyriyyəçilik işi olmadığı halda, yenə də özünü xeyriyyəçi kimi təbliğ etdirir. İnanılmaz faktdır, «Baku-2015» Avropa oyunlarının ölkəmizdə keçirilməsindən az sonra bir çox ermənipərəst dövlətlərin mətbuatı bu yarışları gözdən salmaq üçün min bir hiyləyə əl atdılar, guya bu mötəbər yarışda korrupsiya elementləri olmuşdur. Belə bir məqamda xeyriyyəçi və milyonçu kimi təqdim edilən Gülağa Məmi oğlu Qəmbərov bəyan etdi ki, sən demə o, Bakıda keçirilən Avropa oyunlarına 8 milyon manat pul xərcləyib. Bu nə dərəcədə yersiz düşüncə və təbliğat məhsulu idi? Doğrudanmı, Azərbaycan dövlətinin belə mötəbər yarışa sponsorluq etməyə maddi vəsaiti yox imiş?Və ən təəssüfləndirici haldır ki, o, bunu keçmiş MTN generallarının cinayət işi üzrə «Real» MTK-nın rəhbəri olmuş İlham Qasımovun məhkəmə prosesində dindirilərkən demişdir. Bilə-bilə ki, onun bu ifadələri məhkəmə protokoluna yazılır, sənəd olaraq arxivdə qalır. Məhkəmədə “Mən həmişə dövlətçiliyə xidmət etmişəm, xeyirxah işlərlə məşğul olmuşam, Bakıda keçirilən Avropa Oyunlarının təşkilinə də 8 milyon pul vermişəm” deyən adamdan dövlətçiliyə sədaqətli və səmimi xidmət gözləmək olarmı?

Xanımların könlündən nə keçibsə: “kiminə maşın alıb, kiminə ev bağışlayıb…”

Gülağa “Tənha” bir müddət əvvəl evli olduğu, ilyarım sonra boşadığı məşhur şahmatçı Zeynəb Məmmədyarovaya bir gündə dostu Hacı İlqarın iştirakı ilə 125 min dollar xərcləyib? Bununla bağlı bildirilir ki, “Səxavətli Allah adamı” başlıqlı, “Və ya Zeynəb xanıma 1 gündə 125.000 $ xərcləyən şir ürəkli Gülağa Tənha!!!” yarımbaşlıqlı yazıda Azərbaycanlı ziyalının, ümumiyyətlə, Azərbaycan insanının mənəviyyatına yad olan nələr yoxdur! Dostu Hacı İlqarın dili ilə “Səxavətli Allah adamı” adlandırılan Gülağa “Tənha”nın dilindən yazılır: “…Nə onun atası, nə də onun ayda 1000 manat maaş alan kasıb əri onu belə xoşbəxt edə bilməz…”. Və həmin “Səxavətli Allah adamı” billə-bilə ki, Zeynəb Məmmədyarova artıq başqa bir şəxsin xanımıdır, ailə üzvüdür, həyat yoldaşıdır, 2 övladı var, görün onun ailəsini necə aşağılayır.

5-6 dəfə rəsmi nigahda olan qahrəmanımızın ilk həyat yoldaşı xalası qızı olub. Daha sonra yəhudi əsilli xanımla nigahda olub. Həmin vaxtlar dövlətə və dövlətçiliyə qarşı çıxdığı üçün Azərbaycana Albert Mixayloviç Urov adıyla gəlib-gedib.

Sonra özündən 27 yaş kiçik həmkəndlisi və qohumu olan azyaşlı qızla nişanlanır, daha sonra nişanı qaytararaq məşhur şahmatçı Zeynəb Məmmədyarova ilə evlənir. Hazırada isə başqa birisi ilə nigahdadır. Bir sözlə bu adam üçün həyatda müqəddəs olan bir şey yoxdur.

Azərbaycana eyş-işrətə gəlir, sonra qalmaqallarını qoyub gedir

Gülağa “Tənha”nın başı cazibədar həyatdan ayılanda isə baxıb görür ki, mətbuat onun cəmiyyət üçün arzuolunmaz həyatına da işıq salmaqdadır. Və təəssüflər olsun ki, o, çıxış yolu kimi, onun qeyri-ənənəvi hərəkətləri barədə yazan KİV-ləri özünün arzuladığı formada susdurmaq, bu baş vermədikdə isə Azərbaycana və dövlətin siyasi hakimiyyətinin iradəsinə zidd yollarla bu KİV-ləri məhkəmə qərarları ilə ələ almaq, özünə tabe etmək yolu tutmuşdur. Axı o, bəzi KİV-lərdə özü barədə reklam etdirdiyi kimi “milyonçu, xeyriyyəçi, səxavətli Allah adamıdır!”

Gülağa “Tənha” adı həmişə gözqamaşdırıcı xeyriyyə işləri, yaxud da əndrəbadi gedişlərlə gündəmə gəlib. 2004- cü ildən sonra millət vəkili olmaq sevdasına düşmüşdü. Nədən bu sevdaya düşmüşdü, bilinmədi. Onun bu istəyi “bələkdəcə” boğuldu. Niyə etiraz səsi çıxmadı, o da bilinmədi. Həmkəndlisi və qohumu olan bir ədəbiyyatşünas alimin vasitəsi ilə bəzi hörmətli şairlərlə, müğənnilərlə və artistlərlə tanışlıqdan sonra “şair” və “Tənha” oldu. Son illərdə xeyriyyəçilik etməsindən xəbər yoxdur. Bir müdət iş adamları ilə qalmaqallarda, məhkəmələrdə adı hallanan, MTN-nin keçmiş şefi Eldar Mahmudovla şəkilləri mətbuatı bəzəyən, Rusiyada nazir müavininin 2 milyon dollarla həbsi zamanı təsadüfən ələ keçməyən, bu ölkəyə girişinə qadağa qoyulub axtarışa verilən Gülağa “Tənha” Azərbaycana eyş-işrətə gəlir, sonra qalmaqallarını qoyub gedir. Bu qalmaqallarda isə neçə-neçə gənc qadınla evlilik və boşanmalar diqqəti çəkir. Bütün hallarda Gülağa “Tənha”nın “xeyriyyəçilik” sahəsində etdiklərini təkrarlaya biləcək kimsə gözə dəymir. (7GÜN TV)


AZƏRBAYCANREALLIĞI.COM   


Bizimlə əlaqə saxlayın