ANAR AZƏRBAYCANDIR

02, 04, 22
10:00

ANAR AZƏRBAYCANDIR


Qurultayqabağı meydan yenə qızışıb. “Hərə hərki, bir kərki”di. Allah xeyir eləsin, xeyrə calasın, “dəliyə yel ver, əlinə bel ver”, gör neyləyir. Hər tərəfi yenə uçurub tökməkdədilər. Guya bu ölkədə qutsal heç nə yoxdu, olmayıb da. “Babam mənə kor deyib, gəlib-gedəni vur deyib”...

Əldəqayırma müxaliflər deyir, sən Anarsan axı, gəl keç bizim tərəfə, bizim tərəfimizdən danış! Amma Anar həqiqətin tərəfində dayanıb danışır. Çünki müxaliflərin 30 illik qələtlərini tanıyır...

“Zavodskoy iqtidar” da eyni sözü deyir, “Anar müəllim, sən bizim ərazimizdə əyləşmisənsə bizim tərəfimizdən danışmalısan”. Anar yenə gerçəkliyi danışır. Bütövlükdə fili göstərən yoxdu, biri xortumundan tutub, o biri quyruğundan.

Amma bir həqiqət də var, o biri Sovet respublikaları kimi Azərbaycan da hələ dikəlib dik otura bilməyib. Əzəl gördüklərimiz indi çürüyüb, savadsızlıq hər tərəfi bürüyüb. İnsanlar bir-birini suçlamaqdadı. Hər kəs özünü ağıllı sanır. Ətrafda baş verənləri görmür, anlamır. Çünki o gerçəkliyi anlamağa ağlı, düşüncə potensialı yoxdu, al dillərə aldanır. 

Azərbaycanlılar həm də bir özgə soy-kökdəndi, özü də özəl mənşəlidi. Əksəriyyətlə sadədil, bir az da cəhalət adamlarıdı. “Sünni”-“şiə” məzhəbləri üstündə hələ də didişib cırmaqlaşır. Nə olsun Üzeyir bəyləri var, Qara Qarayevləri var. Xaqaniləri, Nizamiləri, Füzuliləri, Nəsimiləri var. Hara qədər də desən tayfaçılardı. 

Oktay ŞAMİL

Arxadaş, bir azca ehtiyatlı ol, bu adamların “avamlığına” baxma, dosyelərini qaldır “adamlığına” bax! Çoxu fırfıra-fırıldaqdı, iy çəkir. Paxırlaşmış paxıllıqlar Kür çayına dönüb aşıb-daşır, kin-küdurətləri ölkə dolaşır. Üzeyir bəy demişkən, qonşular heç nədən fil qayırdığı halda bunlar heç siçan da düzəldə bilmir, amma döşlərinə döyür, öyünürlər... İftiradan, şərdən, böhtandan da çəkinmirlər.

Hə, indi aydındı bu ölkədə yumor niyə çatışmır. Mirzə Cəlil, Sabir, Əziz Nesin, Bronislav Nuşiç, Jivanetski, Zadornov və b. niyə oxunmur. Bir parası yatıb, bir parası da yalançı – “fake” siyasətlə başını qatıb. Bunlarınkı lağlağıdı, hırıltıdı. Ekranlara meyxanaçı çağırıb avam camaatı əyləndirirlər.
Gün əyiləndə isə dünyaca şöhrətli Rüstəm İbrahimbəyovu uşaq kimi qabaq-larına qoyub “hürriyyət dərsi” keçirlər. Anar boyda yağıya göz dağı ziyalını iftira ittihamla töhmətləndirirlər. M.Ə.Sabirin Bakıdakı heykəlini didib-didişdirir, əlləşdirirlər. Sabir “köhnəlik nişanıdı” – deyirlər, “yenilikçi bizik, şəhərin mərkəzində onun nə işi qalıb?!..”

Əl atıb hətta XIX yüzillikdəki Mirzə Fətəlini “tərbiyə” edirlər. Bir az da qabağa gedib Füzulini “islaha” çağırırlar. O nədi yazıb “səccadəyə ayaq basma, təsbehə əl vurma, namaz əhlinə uyma, onlar ilə oturma, durma...”.

Son 30 ildə öyrəndikləri ancaq hüldü, feldi, yalandı. Hamısı da “Bicnes” üstündə bicliklərdi. Günləri fırladıb baxanda görürsən bu fırfıra-fırıldaqlar il-on iki ayın dörddə birini “qara bayrama” çeviriblər. Hər gün ölkədə “aldatma günü”dü. Bunlar R.İbrahimbəyovdan imtina edib məsələn, özlərinə bab dələduzu dost tutur. Çünki o dələduz da bunların əlindən tutur.

Çayın o biri sahili də eynən bu cürdü. Anarı pisləyib məsələn, “hərəkat”dakı bir zəvzəyi “vətənpərvər” təqdim edirlər. Bu ölkədə heç bir işə – “yaxşı-pis”ə gərək qarışmayasan, qarışsan dünyanı qarışdıracaqlar.

XXI yüzilliyin azərbaycanlısı bu gün hesab elə XIX yüzilin mağmun Amerika zəncisidi. Onun-bunun qapısını süpürüb evini təmizləyir. Əlləşib-çalışır, xidmət göstərir, axşamlarsa evinə 5-3 manatla qayıdır. Əlbəttə, bu işdə ziyalının günahı yoxdu. Ölkəni bu günə salan “gopalogiya elmləri doktoru” siyasilərdi. Bu “uğursuz şeytanlar” (Con Milton!) o zaman aşıb-daşır, alışıb-yanırdı. Aşıb-daşdıqca da həqiqətdən uzaqlaşır, mənasızlaşırdı.

Son məqamda isə təxribatlara əl atırdılar. Saç yolurdular, 5-10 “lider”in rəğbətini qazanmaq üçün özlərinə əl qatırdılar.

Sözün proyeksiya foksunu pozub kağıza yayan bu “cırmağistlər” (ifadə Anarındı!) sözü hərf-hərf, nöqtəbənöqtə işıqlandıran yazıçıları indi bəyənmir, hətta mən deyərdim qənim kəsilir, imkanı düşəndə sancır. Belələri “poetika”dakı “təkrir”i də yəqin “təkrar” kimi başa düşür. Sözün bəkarət donunu soyundurub abırsızlaşdıran bu binəvalar əxlaqsız deyil, bə nədi?!

Yazıçı Anar

30 il, bəlkə 35 il öncəki məsələləri cırmaqlayıb-eşib, hardansa oxuyub-eşidib “net” şəkildə “əkə” ittihamlar irəli sürürlər. İşin kökünə-köməcəsinə çatanda isə görürsən bu açıq-aşkar şər-böhtandı, iftiradı, qərəzdi. Acı bibərlər oyun aşığıdı. Atan kimi də “alçı” durur. O dəqiqə də “Zamin” dayanır. Aydın olur içini deşib çölə çıxan hansı əyri niyyətinsə təzahürüdü.

Ümumi götürəndə Anarın kəsinti dırnağı olmayanlar əsli, soy-kökü ictimaiyyətə məlum olmayan Ramiz Mehdiyevi Anarla eyni tərəziyə qoyub çəkir, təhlillər aparır, öz düşüncə tərzlərinə uyğun nəticə çıxarırlar. Özləri Ramiz Mehdiyev soy-kökündəndi deyə ölkədəki vətənpərvərlərin vətəndaş mövqeyini gözdən salmağa çalışırlar. Ramiz Mehdiyev necə dissertasiya müdafiə edib, hansı tərzdə akademik olub hamıya məlumdu. Mənə elə gəlir yaradıcılığı sərçə seksi olan bir neçə nəfərdən savayı Anarın yazıçılığına heç kəsin şübhəsi yoxdu. O qaranlıq aləmdə yatıb nitq irad edənlərdi yəqin, Anarın yerinə özlərinə bab ödü daşan adam axtarırlar.

Bəli, “Əhməddən qorxan tülkülər” qurultayqabağı meydan sulamaqdadı. Hamısı da Anarın “dostları”, “yaxınları”, “öyrənci-tələbələri”... Yazıçılar Birliyindən mənzil umanlar, “zvaniya-rütbə”, “təqaüd” güdənlər... 28 ildi  onlar Anarı inkar etməklə (və ya etdirməklə!) məşğuldu. Bu binəvalar hələ də dərk etmir (və ya etmək istəmir!) Yazıçılar Birliyi adlanan o məkan Anara layiq ən sonuncu yerdi.

Bu həyatdı, səhvsiz insan yoxdu. Azərbaycan torpağının görkəmli vətənpərvər oğlu Nəriman Nərimanovdan, “Qurucu Babalar” adlandırdığımız insanlardan tutmuş ta Səməd Vurğuna, Rəsul Rzaya, Mirzə İbrahimova qədər hamının suçu, səhvi  olub. Amma bu səhvlər onların Vətən sevgisi üstündən xətt çəkə bilməyib.

Anarın səhvinə gəlincə, heç şübhəsiz, onun da suçu, səhvləri var. Amma Meşdibadın sözü olmasın, eybi onun “eyibsizliyidi”. Yəni, heç kəsə fərq qoymadan eyni dərəcədən xeyirxahlıq göstərməsi!.. Bu isə əlbəttə ailədə onun tərbiyəsindən irəli gəlir.

Eldə belə bir deyim var, “it araba kölgəsində yatar, elə bilər öz kölgəsidi”. Heyvərəlik edənlərin əksəriyyəti ayağını götürüb başını qaşıyanlardı. Sülöysün sifətində sürü düzəldib sürünənlərdi. Qoy sürünsünlər, avam camaatın gözünə “vətənpərvər” görünsünlər.

Anardan yazan “Cəbhəkrat”lardan birinin həyat yoldaşı o zaman Yazıçılar Birliyində çalışırdı (Bəlkə indi də çalışır!). Özü isə hər ay portallarda, qəzetlərdə Anardan döşəyirdi.

İndi dağ başından enib assimlyasiya olunmuş biri özünü Anarla eyni daş-tərəziyə soxub “yaşından” və “başından” böyük qələtlər edir. Anar susur, danışmır.

Bu adamın qalın cildlərdə kitabları çıxır, bayırı bəzək, içi təzək! Don Kixot dəyirmanla vuruşub əlləşdiyi kimi bu da gah şeirlə vuruşub əlləşir, gah hekayə adına “hekayətlər” yazıb çap etdirir... Hər gün də saytlardadı, özünü tərifləyir, təriflətdirir. 

Gah “romana” keçir. Görür alınmır, “dastan” düzəldir. İş orasındadı bu adamda yazıçılıq istedadı yoxdu. Sonda özünə “bostan” düzəldir! İşığını çəkdirir, reklamını verdirir, yan-yörəsini bəzətdirir... Bu, zamanın gərdişidi, neyləyəsən?!

“Qarayazı” təxəllüslü ümmi cavan bir şair də “həftə səkkiz, mən doqquz” ekranlardadı. Özü də elə bilir “alçacıq dağları” bu yaradıb. Adam bildiyi şeylərdən danışar, bu bilmədiklərindən danışır. Gah siyasətə qarışır, gah da deputatlarla vuruşur. Nizamini, Nəsimini, Füzulini “çeynə-tüfür” edib tökür ekranlara.

Maraqlısı budu evdə, işdə, məişətdə, ictimai yerlərdə tualetlə davranmağı bacarmayanlar da indi ziyalılara yol göstərir.

Elə götürəndə də, belə götürəndə də Anar Anardı! İftixar yeridi! A beyni “peyin” ifraz edən “yazançılar”, siz yazıçının “yaşına” yox, “başına” baxın. Qarabağımız “Azərbaycan” olduğu kimi Anar da Azərbaycandı! Düşüncəsi Avropa düşüncəsi, ürəyi Azərbaycan ürəyidi. İngilislə ingilisdi, fransızla fransız, almanla alman, a fırfıra “müsəlman!”...

Bəli, “Anar – Azərbaycandı!”. “Nəqşi-cahan”dı!”, “Eyhamı-Şirvan”dı! “Kəlleyi-Dağıstan”dı!.. 

Siz kimsiniz bə a debil uşağı? Yarasa misallı qaranlıqlar aşığı! Naxçıvanlılar demişkən, “xiyar-xəbər” portalının “cırıq qaşığı”!.. 

Oktay ŞAMİL
03.03.2022
Tel.: 050-594-72-56


AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın