Zelenski necə qəhrəman oldu? Onun taleyi ölkəsinin taleyinə bənzəyir...

26, 02, 22
16:30

Zelenski necə qəhrəman oldu? Onun taleyi ölkəsinin taleyinə bənzəyir...


"Volodimir Zelenski ondan, demək olar ki, heç kəsin gözləmədiyi bir roldadır - müharibə dövrünün prezidenti rolunda". Belə görünür ki, onun həyatının əsas tamaşası Rusiya qoşunlarının hücuma hazırlaşması anında başladı.

“Yeni Sabah” xəbər verir ki, bu cümlələr "New York Times"ın Ukrayna prezidenti Zelenski haqda hazırladığı məqalədəndir. Qəzet yazır ki, 24 fevral səhəri - hücumdan bir neçə saat əvvəl Zelenskinin rusiyalılara onların ana dilində müraciət edib ağlın səsini dinlətmək üçün göstərdiyi israrlı cəhd, təssüf ki, uğursuz oldu. Amma bu, keçmiş yumoristi və aktyoru müharibə dövrünün liderinə çevirdi. 

Ukrayna Prezidentinin dramatik çıxışı, eləcə də keçən həftənin sonunda Münhen Təhlükəsizlik Konfransına gedib avropalı müttəfiqlərinə Rusiyanı "sakitləşdirilmək" zəruriyyətiylə bağlı xəbərdarlıq etməsi ona hətta tərəfdarları arasında da olmayan bir şey - nüfuz qazandırdı.

İndi Prezident Zelenski müasir Ukrayna tarixinin ən böyük böhranıyla üzləşməli və Prezident Putinə müqavimət göstərməlidir.

Əlbəttə, Rusiyanın üstün gücünə qarşı ukraynalıların nə qədər müqavimət göstərəcəkləri və ümumiyyətlə, bunu bacarıb-bacarmayacaqları, Zelenskinin oynadığı rolu davam etdirib-etdirməyəcəyi aydın deyil.

Yumoristik serialda ifa etdiyi Prezident rolundan başqa heç bir siyasi təcrübəsi olmayan Zelenski seçkidə populist çıxışlarına - hakimiyyətdəki oliqarxlarla mübarizə apararaq Ukraynanı "Qərbin korrupsiyalaşmış müttəfiqi" və "Rusiyanın kiçik bacısı" imicindən xilas etmək vədlərinə görə qalib gəlmişdi. Onda seçicilər üçün Zelenski "Ukraynanın şərqindən olan və biznesini də rus dili üzərində qurmuş rusdilli bir adam" idi. 

Ona ən böyük dəstək ölkənin cənubundan və şərqindən, o cümlədən, münaqişə başlamış Donetsk və Luqansk vilayətlərindən - Putinin müstəqilliklərini tanıdığı iki anklav ərazinin yerləşdiyi bölgədən gəlmişdi. Və Rusiya ondan rusiyapərəst mövqe gözləyirdi.

Amma Zelenski Ukraynanı sıxışdırıb onun dövlətçiliyini inkar etmək, yəni Rusiyanın şərtlərinə uyğun davranmaq istəmədi.

Ölkənin şərqindən olan rusdilli adam tipik Ukrayna vətənpərvərinə çevrildi. Bu məsələdə Zelenskinin taleyi 8 ildir Rusiyanın dəstəklədiyi separatçılarla münaqişə vəziyyətində olan ölkəsinin taleyinə bənzəyir. Bu illər ərzində Ukraynada öz dilinə və tarixinə görə qürur hissi, o cümlədən, demokratiyaya inam və qərbyönümlü siyasət formalaşıb.

Rusiyaya inam və Vladimir Putinin avtoritar hökumətinə hörmətsə xeyli azalıb.

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın