Cəlilabad icra hakimiyyəti Qazi ailəsinə BÖHTAN ATIR - FOTOLAR

18, 02, 22
12:00

Cəlilabad icra hakimiyyəti Qazi ailəsinə BÖHTAN ATIR - FOTOLAR


44 günlük Vətən savaşında şərəfli mübarizə yolundan keçərək, torpaqlarımızı düşmən işğalından azad edən igidlərimizin sosial vəziyyəti və sağlamlığının təmin olunması dövlətin prioritet məsələlərindəndir.

Lakin gələn şikayətləri nəzərə alsaq, hələ də diqqətdən və dövlətin bu istiqamətdəki yardımlarından kənarda qalan qazilərimizi görə bilərik. Elə Cəlilabad rayonundan olan qazi ailəsi kimi.

Redaksiyamıza daxil olan şikayətdə, özü 1-ci Qarabağ Müharibəsinin veteranı olan qazi atası bildirir ki, oğlunun səhhəti və sosial vəziyyəti ilə Cəlilabad rayonunda heç bir qurum maraqlanmır:

“Oğlum Zeynalov Coşqun Çingiz oğlu Vətən Müharibəmizdə canla-başla döyüşüb və Prezidentimiz tərəfindən 4 medal və fəxri mükafat ilə təltif olunub. Lakin bu gün onun səhhəti və dolanışığı ilə demək olar ki, maraqlanan yoxdur. Ağır travma alıb amma nə xəstəxana, nə də İcra Hakimiyyəti bizə köməklik edir. Yalan vədlər verərək bizi yola verirlər, ortada da heç bir şey yoxdur”.

Qazi atasının dediklərinə görə, evləri də qəzalı şəraitdədir və dövlət tərəfindən onlara verilən torpaqla hələ də təmin olunmayıblar:

“Evimiz 1 otaqlıdır və qəzalı şəraitdədir. Suyun, nəmin, qurdun-quşun içində yaşayırıq. Bununla bağlı Prezident İlham Əliyevə müraciət etmişdik və bələdiyyəmizə tapşırıq verilmişdi ki, bizi torpaqla təmin etsinlər. Bələdiyyə də 3-4 aydır ki, sənədlərimi alıb amma hələ də torpaqdan səs-səmir yoxdur və 2 minə yaxın rüsum tələb edirlər. Biz bu vəziyyətlə o qədər pulu necə verək? Torpağa görə bizdən niyə rüsum tələb olunmalıdır?”

Problemlə bağlı Cəlilabad rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq. "Azərbaycan Reallığın" məlumatına görə, Bizim.Media-ya verilən açıqlamada qurum rəsmisi qazi ailəsini səbrsizlikdə günahlandıraraq onlara verilən torpağın aqibətindən danışıb:

“Bəli, həyətyanı torpaqla təmin olunublar, hazırda respublika üzrə elektron xəritələşdirmə işləri gedir. Buna görə də sənədləşmə işləri yubanır. Lakin torpağın onlara nə zaman təqdim olunacağı haqqında məlumatımız yoxdur”.

Bəs qazinin işsizlik problemi? Bildirilir ki, qazi Zeynalov Coşqunun işlə bağlı problemi məşğulluq idarəsində qeydiyyata alınıb:

“Qazinin problemi qeydiyyata götürülüb və işlə təmin olunacaq sadəcə bunun üçün iş yerləri ayrılmalıdır. Qaldı ki, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına, onlar rayon icra hakimiyyəti tərəfindən aztəminatlı ailələr üçün ayrılan maddi yardımla hər zaman təmin ediliblər”.

İcra Hakimiyyəti qazinin atasının qəzəbli olmasını əlillik pensiyasının dayandırılması ilə əlaqələndirərək, məsələdən yayınmağa çalışdılar:

“Qazi atası Təhməzov Çingizin narazılığı əlillik pensiyasının dayandırılmasıdır. Bu məsələ ilə bağlı dəfələrlə cənab başçının qəbulunda olub və izahatları, rəsmi müraciətləri də var. Biz əlimizdən gələn yardımı edirik”.

Biz isə öz növbəmizdə araşdırmamız davam etdirəcəyik. Ümid edirik ki, problem tezliklə öz həllini tapacaq. 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın