“Şübhəsiz ki, Tahir Kərimlini mövqeyinə görə təhdid edirlər”

17, 02, 22
13:30

“Şübhəsiz ki, Tahir Kərimlini mövqeyinə görə təhdid edirlər”


Millət vəkili Tahir Kərimlinin oyuncaq dinozavrla video çəkərək onu ölümlə hədələyən şəxslərə səslənməsi geniş müzakirələrə səbəb olub. Alovlu çıxışlar edən deputatın videosu trend olub. 

Elman Nəsirov həmkarının çıxışının kifayət qədər emosional olduğunu bildirib:

“Mən məsələdən bu gün səhər xəbər tutmuşam. Bu gün Tahir müəllimlə danışacağam. Videoya baxdım, Tahir Kərimli çox emosional çıxış edib. Onun bu çıxışının motivi onunla əlaqədardır ki, kimlərsə onu fiziki baxımdan “aradan götürülməsi” ilə bağlı təhdid ediblər. 

Həmkarımın da cavabı çox emosional olub, bildirib ki, siz məni fiziki baxımdan “aradan götürə” bilərsiniz, amma  unutmayın ki, mənim yerimə minlərlə oğullarımız boy atacaq. Eyni zamanda Azərbaycan dövləti bundan sonra daha da inkişaf edəcək, siz bir fərdi götürə bilərsiniz, lakin böyük tarixi olan millətik, siz heç nə edə bilməyəcəksiniz”.

E.Nəsirovun sözlərinə görə, deputatın bu cür reaksiyası hadisənin ona təsiri ilə bağlı olub:

“Ümumiyyətlə, Tahir müəllim səmimi insandır, həm də kifayət qədər emosionaldır. Bir çox hallarda situasiyaya belə reaksiya vermək mövqeyi var. Görünür ki, ona bu hadisə çox təsir edib ki, fikirlərini bu şəkildə ifadə edib. Mən onunla danışıb soruşacağam ki, nə baş verib, sizi təhdid edən kim idi, təhdid harada olub, telefonamı zəng ediblər, sosial şəbəkələrdəmi yazıblar, yoxsa üçüncü tərəf vasitəsilə təhdid göndəriblər?”

Millət vəkili qeyd edib ki, T.Kərimli bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməlidir:

“Hesab edirəm ki, Tahir Kərimli təhdid məsələsi ilə bağlı ilk növbədə dövlət təhlükəsizlik xidmətinə, Daxili İşlər Nazirliyinə, müvafiq qurumlara məlumat verməlidir, çünki bu artıq onların sahəsidir. Heç şübhəsiz ki, Tahir müəllimin mövqeyinə görə onu təhdid edirlər. Bir çox hallarda onun ayrı-ayrı məsələlərlə bağlı barışmaz mövqeyi var. Onun çıxışlarında dövlətçiliyin müdafiəsi ilə bağlı fikirlər hər zaman prioritet təşkil edib. Fikrimcə, hədə-qorxu faktı ilə bağlı əvvəlcə hüquq-mühafizə orqanlarına məlumat verməlidir. Onlar araşdırmalıdır ki, bilinsin görək bu “fake” (saxta) xəbərdir, yoxsa doğurdan da deputata qarşı hər hansı təxribat niyyəti var”.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın