Rusiya Türkiyənin təkliflərini qəbul edə bilər

Manşet / Gündəm
 5-02-2022, 17:00     246


Ukraynaya səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla həmkarı Vladimir Zelenski arasında təkbətək görüş təxminən 3 saat 10 dəqiqə davam edib. Daha sonra nümayəndə heyətləri arasında görüş keçirilib və rəsmi sənədlərin imzalanma mərasimi baş tutub. Mərasimin ardından təşkil olunan mətbuat konfransında Ərdoğan Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam etdiklərini bəyan edib. Ərdoğan ölkələr arasındakı ticarət dövriyyəsinin 10 milyard dollara çatdırılmasını hədəflədiklərini və məqsədə çatmaq üçün bu gün imzalanan Azad Ticarət Zonası haqqında sazişin mühüm əhəmiyyət daşıdığını bildirib.

Türkiyə Prezidenti Ukrayna ilə Rusiya arasındakı gərginliyə də toxunub. Ərdoğan Türkiyənin Qara dənizdə qonşusu olduğu iki dost ölkə arasındakı böhranın aradan qaldırılması üçün üzərinə düşəni etməyə hazır olduğunu qeyd edib. Ukrayna Prezidenti Zelenski isə müharibənin sona çatması yolunda Ukrayna ilə Rusiya arasında vasitəçilik etmək təşəbbüsünə görə Prezident Ərdoğana təşəkkür edib. Zelenski imzalanan müqavilə ilə Ukraynada PUA-ların istehsalının genişləndiriləcəyini diqqətə çatdırıb. Ukrayna prezidenti dialoqla bağlı Ankaranın bütün təşəbbüslərinə müsbət cavab veriləcəyini bəyan edib. Türkiyə lideri Ukraynada Krım tatarları və milli lider Mustafa Əbdülcəmil Kırımoğlu ilə də bir araya gəlib. Türkiyə rəhbərinin Ukrayna səfərini və verilən açıqlamaları “Şərq”ə təhlil edən politoloq Sədrəddin Soltan deyib ki, Türkiyənin yerləşdiyi coğrafiya ayıq və aktiv siyasət yürütməyə vadar edir. Analitikin fikrincə, NATO üzvü olması da Türkiyənin məsuliyyətini artırır:

“Son illər Rusiya-Ukrayna münasibətlərində yaranan gərginlik rəsmi Ankaranın məsələyə diqqətini artırıb. Ukrayna Türkiyədən pilotsuz uçuş aparatları almağı və onu birgə istehsal etməyi planlaşdırır. Azərbaycan torpaqlarının işğaldan azad olunmasında əvəzsiz rolu olmuş “Bayrakdar”ı Ukrayna da əldə etmək istəyir. Bu baxımdan, Türkiyə silah satan ölkələrdən biri kimi Ukrayna bazarını qaçırmaq istəmir. Bunun Rusiya ilə münasibətlərə elə də ciddi təsiri yoxdur. Müqayisə üçün qeyd edək ki, 44 günlük müharibə zamanı Rusiya, Fransa və başqaları Ermənistana hərbi texnika, silah-sursat və raketlərlə yardım etmişdi. Hətta Rusiya istehsalı olan raketlər müharibə bölgəsindən çox uzaqlara düşmüşdü. Bu baxımdan istənilən dövlətin öz müdafiə qabiliyyətini gücləndirmək kimi suveren hüququ var. Ukrayna da bu hüququndan istifadə edir. Ukrayna NATO-ya üzv olmaq istiqamətində fəaliyyət göstərir. Türkiyə isə Alyansın nüfuzlu və güclü dövlətlərindəndir. Bu baxımdan Ankara və Kiyevin bu istiqamətdə ortaq maraqları var. Ukrayna ərazisində, hazırda Rusiya tərəfindən ilhaq edilən Krımda türklər var. Onlar yarımadanın yerli sakinləridir. Ukrayna-Rusiya münasibətləri səbəbindən çoxlu sayda Krım tatarı, türkü yarımadanı tərk edib. Bölgədəki ictimai fəal tatarlar isə təqib və təzyiqə məruz qalır. İnsan haqlarının bir dövlətin daxili işi olmadığını əsas götürsək, onda Türkiyənin soydaşlarının hüquqlarını müdafiə etməsi təbii qarşılanmalıdır. Ona görə də Ərdoğanın səfərinin gündəliyində duran məsələlərdən biri Krım türklərinin vəziyyəti ilə tanış olmaq idi. Türkiyə və Ukrayna Qara dəniz vasitəsilə həmsərhəddir. Başqa sözlə, bu su hövzəsinin təhlükəsizliyinə onlar da cavabdehlik daşıyırlar. Bu baxımdan Qara dənizin və sahillərinin təhlükəsizliyinin təmin edilməsində hər iki dövlət maraqlıdır. Ukrayna ilə Türkiyə arasında turizm sahəsində çox geniş əməkdaşlıq mövcuddur və tərəflər bunu inkişaf etdirməyi planlaşdırırlar. Türkiyə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Bu, qonşu dövlətin pozulan hüquqlarının bərpasını dəstəkləyir. Bu da iki ölkəni bir-birinə yaxınlaşdıran amillərdəndir. Ukrayna ilə Türkiyənin ortaq mənafelərindən bəzilərini sadalamaqla rəsmi Ankaranın bu istiqamətdə fəallığının səbəblərini göstərməyə çalışdıq”.

S.Soltan vurğulayıb ki, son 10 ildə Rusiya-Türkiyə əlaqələri də inkişaf edib. Türkiyənin iş adamları Rusiyada tikinti, yüngül sənaye sahələrinə sərmayə qoyurlar. Bu ölkənin vətəndaşları Türkiyədə dincəlməyə üstünlük verirlər. İki ölkə arasında hərbi texnika və atom-nüvə texnologiyası sahələrində əməkdaşlıqlar da əlaqələrin genişliyindən xəbər verir: “Rəsmi Ankara Moskvaya etibarlı tərəfkeş olduğunu bu addımı ilə sübut edib. Türkiyə və Rusiyanın Suriya məsələsində bir sıra ortaq mövqeləri var. Xüsusilə İdlibdə tərəflər addımlarını uzlaşdırmağa çalışırlar. Türkiyə-Ukrayna, Türkiyə-Rusiya münasibətlərindən göründüyü kimi, hər iki ölkə Türkiyəyə yaxın məsafədədir. Burada əsas məsələ Ukraynanın ərazi bütövlüyünün pozulmasına rəsmi Ankaranın yanaşmasıdır. Elə bu problem münaqişənin əsas nəticəsidir. Türkiyə bunu aradan qaldırmaq üçün tərəflərlə ayrı-ayrılıqda görüşməyə və sonra onların görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirir. Düzdür, ABŞ və müttəfiqləri ilə müqayisədə Türkiyənin Rusiyaya təsir etmək imkanı elə də böyük deyil. Ancaq Ankara ilə Moskvanın bir-birinə etimadı o birilərindən daha fərqlidir. Bu baxımdan, Rusiya Türkiyənin təkliflərini qəbul edə bilər. Moskva bu addımı ilə həm də regional münaqişələrin bölgə dövlətlərinin əməkdaşlığı ilə həllinin daha faydalı olduğunu göstərər. Ancaq hələ ki Rusiyanın Ukraynanın ərazi bütövlüyünə münasibəti beynəlxalq normalara uyğun görünmür. Moskvanın tutduğu mövqedən geri çəkilməməsi isə Qara dəniz hövzəsinə daxil başqa ölkələrin də təhlükəsizliklərinin qayğısına qalmasını zəruri edir”.

Ekspertin sözlərinə görə, Türkiyənin Ukrayna və Rusiya arasında vasitəçilik cəhdi bölgədə müharibə təhlükəsini azaltmağa xidmət edər:

“NATO-da, nə də Avropa İttifaqında Rusiya və Ukraynaya bu qədər yaxın, obyektiv başqa dövlət çətin tapılar. Rusiyanın yaranmış bu şansı daha real qiymətləndirməsi bütün tərəflərin xeyrinə olar. Ərdoğanın səfəri regional sülh və təhlükəsizliyin təmin olunmasına xidmət baxımından əhəmiyyətli idi. NATO ölkəsi olan Türkiyə barışdırıcı mövqeyi ilə Rusiya və Ukraynanın, habelə Qərblə Şərqin maraqlarını qoruyur”. 

AZƏRBAYCANREALLIĞI.COM