İctimai narazılıq yarandı, media yazdı, Prezident vəzifədən azad etdi - Həmin məmurların SİYAHISI

17, 01, 22
13:00

İctimai narazılıq yarandı, media yazdı, Prezident vəzifədən azad etdi - Həmin məmurların SİYAHISI


Son zamanlar Azərbaycanda ciddi kadr islahatlarının aparıldığı heç kimə sirr deyil. Ölkə başçısının rəhbərliyi ilə hökumətdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq addımlar atılıb.

Elə ötən gün prezident İlham Əliyevin məmurlarla bağlı çıxışı da diqqət çəkən məqamlardan oldu. Belə ki, prezident jurnalistlərə müsahibəsində ictimai nəzarətin bir çox məmurları cinayət xarakterli lərdən çəkindirəcəyini vurğuladı:

"Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.

Həqiqətən də, indiyə kimi etdiyi qanunsuzluqlar mediada öz əksini tapan və ictimai qınaq obyektinə çevrilən yüksək vəzifəli şəxslər barədə ciddi tədbirlər görülüb.

"Azərbaycan Reallığı" Sfera.az-a istinadən son illərdə işində nöqsanlara yol verən, tənqidlərə məruz qalan və nəticədə vəzifəsini itirən məmurların siyahısını təqdim edir:

7 fevral 1995-ci ildən – 23 oktyabr 2019-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyev mediada mütəmadi olaraq tənqid edilən, elə vətəndaşların da narazı olduğu məmurlardan biri olub. Məhz bunun nəticəsidir ki, Mehdiyev 2019-cu ildə vəzifəsini itirib. Mehdiyevin xüsusi karantin rejimində nəvəsinə toy etdiyi üçün cəmiyyətdə haqlı etirazlar yaratdığı yəqin ki, hər kəsin yadındadır.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənov zaman-zaman qalmaqallarla gündəmə gələn, sonda vəzifəsini itirən məmurlardandır. O, düz 24 il idi ki, Prezident Administrasiyasında çalışırdı. Həsənov Prezidentin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin edilmişdi. Amma onun vəzifəsinin ömrü  2019-cu ilin noyabrına qədər davam etdi. Ölkə başçısının imzaladığı sərəncamla Əli Həsənov Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi — şöbə müdiri vəzifəsindən azad edilməklə yanaşı, bu şöbə ümumiyyətlə ləğv edildi. Onun vəzifədən getməsi sosial mediada da geniş müzakirə edildi. Həsənovun rəhbərliyi dövründə baş verənlərin detalları hələ də gündəmi məşğul etməyə davam edir.

Sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun da öz səhvinə görə işdən çıxarıldığını desək, yanılmarıq. 16 il ölkənin xarici siyasətinə məsul olan Məmmədyarovun ən vacib məqamlarda səssiz qalması onun vəzifədən uzaqlaşdırılması ilə nəticələndi. Məlum oldu ki, ölkə rəhbərliyinin, o cümlədə hökumətdə təmsil olunanların gecə-gündüz çalışdığı bir vaxtda Məmmədyarov evdən işləyirmiş.

Mütəmadi olaraq həm sənət adamları, həm də vətəndaşlar tərəfindən tənqid edilən, nəticədə "kreslo”sunu itirən məmurlardan biri də sabiq mədəniyyət naziri Əbülfəs Qarayev idi. O, 2020-ci il mayın 21-də vəzifəsindən azad edilib. Sabiq məmur "Azərbaycan mədəniyyətini çökdürən nazir” kimi xatırlanır. Nazir vəzifəsindən uzaqlaşdırılandan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin  Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatı da yəqin ki, hər kəs xatırlayır. Bu məlumatın ardınca, keçmiş nazirin həbs edilməsinin mümkünlüyü də ehtimal edilirdi.

Uzun illər Azərbaycanın səhiyyə sisteminə rəhbərlik edən Oqtay Şirəliyevin ötən ilin aprelində vəzifədən azad edilməsi də  yaddaqalan hadisələrdən oldu. Onun özəllikdə koronavirusun dünyada tüğyan etdiyi bir vaxtda səssiz qalması ictimaiyyət arasında haqlı narazılıqlar yaratmışdı. 20 oktyabr 2005-ci ildən etibarən nazir vəzifəsini icra edən Şirəliyevin səhiyyə sisteminə vurduğu zərər onun əleyhinə işlədi və nazir 2021-ci ildə postunu itirdi.

10 ildir "Azərsu” ASC-yə rəhbərlik edən Qorxmaz Hüseynov da sözügedən məmurlar sırasında yer alır. Ötən ilin mayında vəzifəsindən azad edilən Hüseynov bir müddət öncə öz dəbdəbəli malikanəsi ilə gündəmə gəlmişdi. Onun hazırda nə işlə məşğul olduğu məlum deyil.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə istefası ilə yadda qalanlardan olub. İstefasını özünün Tvitter hesabında elan edən Bayramlı bildirib ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağı üçün ərizə ilə müraciət edib. Maraqlıdır ki, onun fəaliyyəti dövründə Səhiyyə Nazirliyi ilə TƏBİB arasında müəyyən anlaşılmazlıqların baş verdiyi barədə məlumatlar yayılırdı. Eyni zamanda, tibb işçilərinin də koronavirus pandemiyası dövründə onlara hesablanmış maaşlar barədə narazılıqları var idi.
Ümumiyyətlə, pandemiya dövründə ölkədə ən çox tənqid edilən qurumlardan biri Səhiyyə Nazirliyi, digəri də TƏBİB idi və dolayısı ilə də ona rəhbərlik edən Ramin Bayramlı tənqidlərin əsas hədəfinə yerləşmişdi. Ramin Bayramlının istefasından əvvəl elə bir gün yox idi ki, TƏBİB-in verdiyi qərarlar həm ənənəvi mediada, həm də sosial mediada tənqid obyektinə çevrilməsin. 

2021-ci ildə külli miqdarda mənimsəməyə görə həm vəzifəsini itirən, həm də həbs edilən yüksək vəzifəli məmurlardan biri də "Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradov oldu.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edildi, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildi. Vidadi Muradovun vəzifədə olduğu müddət ərzində mənimsədiyi məbləğ də açıqlanıb: 3 milyon 572 min 427 manat.

Ötən il vəzifəsini itirən məmurlar siyahısında 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışan Əhməd Əhmədzadə də olub. 76 yaşlı sabiq məmur Prezident sərəncamı ilə tutduğu vəzifədən azad edildi. Sabiq sədrin Baş nazir Əli Əsədovun müşaviri təyin edilməsi ilə bağlı xəbərlər yayılsa da, bu barədə rəsmi təsdiq gəlmədi.

Nə az, nə çox - düz 20 il Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsini daşıyan Zakir Qaralov 2020-ci il mayın 1-də "kreslo"sunu itirdi.  Sabiq baş prokurorun zamanında bir sıra hay-küylü hadisələr baş verib və onun haqqında  tez-tez mübahisəli fikirlər dolaşıb. Digər tərəfdən, Qaralovun 20 il eyni vəzifədə qalmasına  da ictimaiyyət birmənalı münasibət bəsləmirdi.

Müdafiə Nazirliyinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov da mütəmadi olaraq tənqid edilən məmurlardan idi. Onun fəaliyyəti demək olar ki, hər zaman narazılıqlar yaradıb. Məhz bunun nəticəsidir ki, Sadıkov 2021-ci ildə vəzifəsindən azad edildi. Belə ki, nazirlik yanvarın 28-də verdiyi açıqlamada Nəcməddin Sadıkovun hərbi xidmətdə olmadığını bəyan etdi. Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarıldı.

Rüstəm Usubov da istefaya göndərilən məmurlar sırasındadır. 12 avqust 2005-ci ildə Baş prokurorunun birinci müavini təyin edilən Usubov 21 may 2020-ci ildə prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edildi.

Onun adı bir sıra qalmaqallı hadisələrdə, o cümlədən Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun işində hallanıb.
Xatırladaq ki, H. Məmmədov adam oğurluğu, çoxsaylı qətllər və digər ağır cinayətlər törədən mütəşəkkil cinayətkar dəstənin başçısı kimi ömürlük azadlıqdan məhrum edilmiş, daha sonra həbs ikən intihar edib. 

Nizaməddin Quliyev, Qoca Səmədov, İsmayıl Vəliyev, Mahir Quliyev, Vilyam Hacıyev, Alimpaşa Məmmədov və s. kimi icra başçılarını da ictimaiyyətdə yaranan narazılıqlardan sonra vəzifəsini itirənlər siyahısına yazmaq olar. 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın