İdman Akademiyasında ÖZBAŞINALIQLAR - Rektor Fuad Hacıyev peşəkar kadrları uzaqlaşdırıb

15, 01, 22
15:30

İdman Akademiyasında ÖZBAŞINALIQLAR - Rektor Fuad Hacıyev peşəkar kadrları uzaqlaşdırıb


İdman Akademiyasının ixtisası “yeyinti” olan rektoru Qazax Xeyriyyə cəmiyyətinin üzvü imiş

Rektor  Fuad Hacıyev akademiyada təmizləmə əməliyyatı keçirib peşəkar kadrları uzaqlaşdırıb ..
Rektor  akademiyanın xırda yeməkxanasının təmirinə 3 dəfəyə  119768 + 117229 + 103476 = 340 min 476 manat pul  xərcləyib…

Və  idmanın inkişafında xidməti üçün  3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni alıb

İdman bu gün müasir dünyada ilkin təyinatından başqa həm də  siyasi rol kəsb edib.

Bəli, mübaliğəsiz demək olar ki, yüz minlərin, milyonların seyr etdiyi  idman yarışları həm də milləti və dövləti dünyada tanıtmaq üçün böyük rol oynayır.

Bu Azərbaycan kimi müstəqilliyini təzə əldə etmiş, gənc dövlətlər üçün  xüsusilə vacibdir.

Təsəvvüvr edirsiniz, idman yarışlarında qələbə çalan idmançımız  Azərbaycanın adını və bayrağını ucaldır və ən əsası  bunu milyonlarla tamaşaçı görür.

Bütün bunları nəzərə alan  cənab Prezidentimiz ölkədə idmanın inkişafına xüsusi qayğı göstərir, Olimpiya stadionlarının inşasına dövlət vəsaiti ayırır.

Bəs, bunun qarşılığında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının  rektoru, ixtisası “yeyinti”  olan  Fuad Hacıyev hansı işləri görür?

Məlumat üçün qeyd edək ki,  Odessa Yeyinti Sənayesi Texnologiyası İnstitutunu bitirən Fuad Hacıyev bir müddət Gömrük Komitəsində çalışıb,  2015-ci il tarixdən isə  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorudur.

İdmana heç bir dəxli olmayan şəxsin İdman Akademiyasına rəhbərlik etməsi əsl komediya mövzusudur. Bu barədə ötən yazımızda bəhs etdiyimiz üçün bundan yan keçirik.

Rektor olduğu 6 il müddətində  idmanımızın  xeyri üçün heç bir iş görməyən  Fuad Hacıyev həm də Qazax Xeyriyyə cəmiyyətinin üzvüdür.
Görəsən, rəhbəri olduğu akademiyada  rüşvət almaqdan başqa heç bir xeyirxah iş görəməyən cənab rektor Qazaxlılar üçün hansı xeyriyyə işlərini görüb?

Rektorun daha bir qəbahəti  Akademiyadakı Ulu Öndər Heydər Əliyev muzeyinin fəaliyyətinə xitam verməsidir.

Qoy bu barədə təhsil naziri Emin Əmrullayev düşünsün.

İdman aləmindən zərrəcə başı çıxmadığı üçün  Fuad Hacıyev rektor olan kimi peşəkar idman kadrlarını akademiyadan uzaqlaşdırdı.

İdman sahəsində kəmsavad olduğu üçün Fuad Hacıyev hətta rektorluğun və Elmi Şuranın  iclaslarını keçirmir. Keçirsə, yeyinti mütəxəssisi idmandan nə danışa bilər?

Deməli, qısa müddətdə Fuad Hacıyev akademiyada təmizləmə əməliyyatı apararaq peşəkar kadrları min cür bəhanə ilə işdən uzaqlaşdırıb  və “yeyintiyə”  başlayıb.

Rektor Fuad  Hacıyevin  sayəsində akademiyadakı  QABİLİYYƏT İMTAHANLARI  sözün həqiqi mənasında  rüşvət mənbəyinə çevrilib.
Rektor  idmana heç bir  dəxli olmayan şəxsləri nəyinsə qarşılığında  akademiyaya işə qəbul edir.

Təsəvvür edirsiniz, rektor  müəllimləri attestasiya  ilə hədələyir, imtahan suallarını isə tələbələrdən gizlədir ki, pul qazansın.

İmtahanlardan qazandığı pullar rektora azlıq etdiyi üçün Fuad Hacıyev təmir və tikinti adı altında yüz minlərlə dövlət vəsaitini mənimsəyib.

Məsələn, rektor Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yeməkxanasının təmir edilməsi üçün 3 dəfə pul  ayırıb.

Birinci dəfə 119 min 768 manat vəsait yeməkxananın təmiri üçün ayrılıb. Və təmiri   “Kleon” MMC adlı şirkət həyata keçirib. Bunun ardından yeməkxananın təmiri üçün ikinci dəfə 117 min 229 manatı  “Sapfir”  MMC-yə verib.

Gözü doymayan  rektor hətta üçüncü dəfə yeməkxananın təmiri üçün “Puta-2015”  MMC-yə  103 min 479 manat vəsait ayırıb.

Deməli, acgöz rektor  xırda bir yeməkxananın təmirinə, nə az, nə çox, 119768 + 117229 + 103476 = 340 min 476 manat pul ayırıb.

Və nəticədə  rektor  Fuad Hacıyev  gənclərlə iş sahəsində səmərəli fəaliyyətinə, bədən tərbiyəsi və idmanın inkişafında xidmətinə görə 3-cü dərəcəli “Vətənə Xidmətə görə” ordeni alıb.

Bizcə, əlavə şərhə ehtiyac yoxdur…

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın