ƏLİYEVİN UKRAYNA VƏ QAZAXISTAN MESAJLARI - Rəsmi Bakı Kremlin siyasi kursundan məmnun olmadığını gizlətmir və...

Manşet / Gündəm
 15-01-2022, 21:00     225


Azərbaycan hakimiyyəti xarici siyasət kursunda müəyyən dəyişikliklərə başlayıb

Azərbaycanın xarici siyasət kursunda yeni istiqamətlər müşahidə edilməyə başlayıb. Əslində, bunu müəyyən mənada, Azərbaycanın xarici siyasət kursunun yenidən yüklənməsi kimi də dəyərləndirmək mümkündür. Və belə anlaşılır ki, rəsmi Bakı yeni dünya qaydaları qarşısında Azərbaycanın mövqelərini daha da möhkəmləndirmək niyyətindədir.

Təbii ki, rəsmi Bakının Azərbaycanın xarici siyasət kursuna yenidən baxması və müəyyən korrektələr etməyə meylli olması həm də kifayət qədər ciddi mesaj xarakteri daşıyır. Üstəlik, bu mesajlar açıq-aşkar çoxvektorlu məzmun daşıyır. Yəni, rəsmi Bakı daha geniş Azərbaycan üçün daha geniş əməkdaşlıq modelində maraqlıdır.

İndiyə qədər rəsmi Bakının müəyyən mənada, balans siyasəti yürütdüyü iddia olunurdu. Yəni, hesab edilirdi ki, Azərbaycan Qərb və Rusiya arasında balansı qorumağa çalışır. Xüsusilə də, öz xarici siyasət kursunu ilk növbədə Türkiyə və Rusiya ilə uzlaşdırmağa üstünlük verir.

Ancaq son baş verən proseslər də göstərdi ki, rəsmi Azərbaycanın milli maraqları tələb edəndə balans siyasətində ağırlıq mərkəzini dəyişməkdən qətiyyən çəkinmir. Belə ki, bu məqam rəsmi Bakının Qazaxıstan olaylarına münasibətdə də özünü biruzə verdi. Və Azərbaycan bu olaylara tam müstəqil mövqedən yanaşmağı üstün tutdu.

Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın Qazaxıstan olaylarına yönəlik mövqeyinə münasibət bildirərkən "Biz Qazaxıstana KTMT qoşunlarının göndərilməsinə rəsmi Bakının əsəbi reaksiya verdiyini müşahidə etmədik" deyib. Əslində, Rusiyanın xarici işlər naziri müəyyən mənada, haqlıdır. Çünki, rəsmi Bakı həqiqətən də əsəbi deyil, təmkinli mövqeyi ilə diqqəti çəkdi. Və hadisələri aktiv şəkildə müşahidə etməklə, kifayətləndi.

Ancaq bunu həm də rəsmi Bakının prinsipial davranışı kimi də qəbul etmək olar. Belə ki, rəsmi Bakı Qazaxıstan olaylarının başlanmasından sona çatmasına qədər bu ölkənin prezidenti Kasım-Jomert Tokayev ilə təmas qurmağa həvəs göstərmədi. Sonradan xarici işlər naziri səviyyəsində diplomatik məzmun daşıyan ümumi açıqlama verilsə də, Prezident İlham Əliyev sükutu qətiyyən pozmadı.

Böyük ehtimalla rəsmi Bakının bu davranışı KTMT-nın Qazaxıstana qoşun yeritməsinə passiv etirazını ifadə edirdi. Eyni zamanda, prezident Kasım-Jomart Tokayevin Qazaxıstana xarici qoşunları dəvət etməsindən rəsmi Bakının məmnun qalmadığını sezdirirdi. Və bütün bunları daha çox rəsmi Bakının Azərbaycanın yaxın dostu olan, hazırda hakimiyyətdən uzaqlaşdırılmış Nursultan Nazarbayevi dəstəklədiyi kimi də yozula bilər.

Belə nəticə çıxarmaq olar ki, əslində, Azərbaycan Rusiyanın postsovet məkanında yürütdüyü siyasi kursdan qətiyyən məmnun deyil. Azərbaycan Prezidenti İlham Əliyevin MDB məkanında belə gərgin vəziyyət hökm sürdüyü bir dönəmdə Ukraynaya rəsmi səfərə çıxması bu baxımdan, olduqca önəmli mesaj xarakteri daşıyır. Və bütün bunlar rəsmi Bakının yeni xarici siyasət kursunun konturlarını görməyə imkan verir.

Onu da qeyd edək ki, Azərbaycan lideri İlham Əliyevin Ukrayna səfəri bu ölkənin prezidenti Volodimir Zelenskinin dəvəti ilə reallaşdırılıb. İki dost ölkənin prezidentləri arasında təkbətək görüşü də keçirilib. Eyni zamanda, iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Və illik ticarət dövriyyəsi bir milyard dollar olan münasibətlərin daha da dərinləşdiriləcəyi inkaredilməz reallıqdır.

Məsələ ondadır ki, Ukrayna prezidenti Azərbaycana lideri ilə görüşdə yeni nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması barədə mövzusun müzakirə edildiyini bildirib. Həmin nəqliyyat-kommunikasiya dəhlizinin Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanı birləşdirəcəyini vurğulayıb. Və bu, kifayət qədər ciddi geopolitik manevr sayıla bilər.

Digər tərəfdən, Prezident İlham Əliyev tərəfindən Azərbaycana rəsmi səfərə dəvət edilən Ukrayna lideri V.Zelenski iki ölkənin qarşılıqlı münasibətlərindən məmnun olduğunu da bildirib: “Azərbaycan və Ukrayna arasında güclü strateji tərəfdaşlıq qurulub. Azərbaycan Prezidentinin işgüzar səfəri zamanı bu gün Kiyevdə bir sıra sənədlər, o cümlədən prezidentlərin Birgə Bəyannaməsi imzalanıb. Bu sənəd “bizim baxışlarımızın oxşarlığını” simvolizə edir”.

Belə anlaşılır ki, rəsmi Bakı Rusiyanın Ukrayna siyasətinə münasibətdə Kremli məmnun edəcək mövqedən xeyli uzaqdır. Hər halda, bu səfərin məhz Rusiyanın Ukraynaya qarşı hərbi müdaxilə iddialarının gündəmdə olduğu bir dönəmdə reallaşdırılması rəsmi Bakının dolayısı xarakter daşıyan mesajı kimi də dəyərləndirilə bilər. Və bu, Kremlin Ukraynaya qarşı aqressiv hərbi davranışlarını rəsmi Bakının yolverilməz hesab etdiyini də sezdirir.

Artıq birmənalı şəkildə vurğulamaq olar ki, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək mövqeyində öz prinsipiallığını qoruyur. Azərbaycanın bu mövqedən geri çəkilmək kimi bir niyyəti də müşahidə edilmir. Üstəlik, rəsmi Bakı belə prinsipial və qətiyyətli mövqeyi ilə Rusiyanı Azərbaycandan narazı sala biləcəyindən də qətiyyən narahat deyil.

Digər tərəfdən, bu səfərin Rusiya və NATO arasında Ukrayna qarşıdurmasının hökm sürdüyü bir mərhələyə təsadüf etməsi də maraq doğurur. Belə ki, NATO Ukrayna və Gürcüstanı alyansa üzv qəbul etmək barədə qərar qəbul edib: "Ukrayna artıq NATO-ya daxil olmaq üçün müraciət edib və biz bunun üzərində çalışmaq qərarına gəldik. Bu ölkədə islahatların aparılmasına, Ukrayna silahlı qüvvələrinin NATO standartlarına uyğun modernləşdirilməsinə kömək etmək niyyətindəyik".

Göründüyü kimi, rəsmi Bakının Ukrayna manevri olduqca maraqlı və önəmli geopolitik gedişdir. Üstəlik, bu manevr Ermənistanı da çətin vəziyyətə sala bilər. Çünki ABŞ prezidenti Co Baydenin "demokratiya sammiti"nə dəvət etdiyi və Rusiyadan uzaqlaşdırıb, Qərbin regional for-postuna çevirməyə çalışdığı Ermənistan cəmisi bir neçə gün öncə Kremlin təlimatı ilə KTMT-nın Qazaxıstana qoşun yeritməsi prosesində xüsusi canfəşanlıq etmişdi. Azərbaycan Prezidenti İlham Əliyev isə Kremlin verə biləcəyi reaksiyadan çəkinmədən Rusiyanın hərbi-siyasi təzyiqlər göstərdiyi Ukraynaya rəsmi səfərə getdi.

Təbii ki, bütün bunlar Ermənistanın Rusiyanın tam nəzarəti altında olduğunu göstərməklə yanaşı, Azərbaycanın da Kremli nəzərə almadan müstəqil xarici siyasət yürütmək qabiliyyətini qabardır. Böyük ehtimalla Azərbaycan liderinin Ukrayna manevri Kremldə müəyyən narahatlıq doğura bilər. Ancaq Azərbaycanın müstəqil davranışları rəsmi Bakının xarici siyasət kursunda yeni istiqamətlərin inkişafında israrlı olacağını da göstərir. Prezident İlham Əliyevin "Azərbaycan yeni dünya qaydalarına münasibətdə təşəbbüskar ölkələr sırasında yer alacaq" deməsi də beynəlxalq siyasi iradə mərkəzlərinə açıq və qətiyyətli mesajdır.(musavat.com)

AZƏRBAYCANREALLIĞI.COM